01 mart 2017 14:29
287

Erməni təxribatlarının gizli hədəfi

Sarkisyan rejimi qoşunların təmas xəttində təxribatlar törətməklə diqqəti Ermənistanda keçiriləcək parlament seçkilərindən yayındırmaq niyyətindədir

Ermənistan silahlı qüvvələrinin cəbhə xəttində növbəti dəfə təxribat törətməsi beynəlxalq səviyyədə ciddi narahatlığa səbəb olub. Münaqişənin sülh yolu ilə həllinə vasitəçilik edən ATƏT-in Minsk qrupunun son çağırışları da buna dəlalət edir.

Məsələ bundadır ki, fevralın 24-dən 25-nə keçən gecə Ermənistanın ordu  bölmələri bütün cəbhə boyu irimiqyaslı təxribatlar törətmək məqsədilə müxtəlif istiqamətlərdə mövqelərimizə soxulmağa cəhd göstəriblər. Bu dəfə Ermənistanın işğalçı ordusu cəbhənin Xocavənd-Füzuli istiqamətində təxribata cəhd göstərərək əlverişli mövqeləri ələ keçirməyə çalışıb. Əsas hədəf isə cəbhənin bu istiqamətində strateji mövqe olan Nərgiztəpə yüksəkliyini ələ keçirmək olub. Amma Azərbaycan Ordusunun qətiyyəti sayəsində düşmən niyyətinə çata bilməyib və itki verərək geri çəkilməyə məcbur olub. Belə ki, Azərbaycan Ordusunun qəhrəman əsgər və zabitləri düşmənin təxribatçı hərəkətlərini  əvvəlcədən aşkar edərək erməni qəsbkarlarının müdafiəmizin dərinliyinə doğru irəliləməsinin qarşısını qətiyyətlə alıblar. 

Bəs, işğalçı rejimin Xocalı soyqırımının 25-ci ildönümü ərəfəsində cəbhə xəttində növbəti dəfə fəallaşması, hərbi texnikanı önə çəkərək təxribata əl atması təsadüfdürmü?

Siyasi müşahidəçilərin fikrincə, hər dəfə cəbhə xəttində özünün təşkil etdiyi lokal toqquşmalardan çoxsaylı itkilərlə çıxan Ermənistan ordusunun fevralın 24-dən 25-nə keçən gecə bütün istiqamətlərdə növbəti dəfə təxribata əl atması heç bir halda təsadüfi sayılmamalıdır. Xüsusilə də bu gərginliyin dünyaya səs salan Xocalı soyqırımının 25-ci ildönümünə təsadüf etməsi işğalçı rejimin düşünülmüş hərbi siyasətinin tərkib hissəsi kimi dəyərləndirilir. Politoloq Elxan Şahinoğlu hesab edir ki, aprel döyüşlərindən sonra Ermənistan hər vəchlə cəbhə xəttində qarşıdurma yaratmaqla öz çirkin niyyətlərini reallaşdırmaq istəyir: “Qarşıdan aprel döyüşlərinin birinci ildönümü gəlir və işğalçı rejim Azərbaycan Ordusunu təxribata çəkməklə 2016-cı ilin yazında itirilmiş əraziləri bərpa etməyə çalışır. Üstəlik ötən ilin aprel məğlubiyyətindən sonra Ermənistanda daxili vəziyyət də son dərəcə ağırlaşıb və hazırda bu proses daha kəskin xarakter almaqdadır. Ona görə də Ermənistan hakimiyyəti daxildəki qarşıdurmanı ört-basdır etmək üçün cəbhə xəttində təxribat törədir”. 

Politoloq hesab edir ki, aprel döyüşlərinin ildönümü yaxınlaşdıqca, işğalçı ordunun cəbhə xəttində bu cür təxribatlara əl atacağı gözləniləndir. Amma onun fikrincə, bu cür təxribatlar heç bir halda Ermənistana hər hansı üstünlük qazandıra bilməz və istənilən qarşıdurma işğalçı rejimin ziyanına olacaq: “Çünki bütün dünya birliyi və beynəlxalq təşkilatlar anlayır ki, Ermənistan Azərbaycan torpaqlarını işğal edib. Ermənistan birinci dəfə deyil ki, belə təxribatçı fəaliyyətlə məşğul olur və hər dəfə də Azərbaycan Ordusunun əks-həmləsi ilə geri oturdulur. Bu mənada bütün hallarda işğalçı rejimin təxribatçı hərəkətlərindən ən çox zərər çəkən yenə Ermənistan olacaq. Əslində isə Ermənistan hakimiyyəti bu cür təxribatlara əl atmaqla diqqəti ölkədəki ağır siyasi və iqtisadi vəziyyətdən yayındırmaq istəyir. Çünki Ermənistan hakimiyyəti anlayır ki, Azərbaycan Dağlıq Qarabağın və ətraf rayonların işğalına uzun müddət dözməyəcək”.

Elxan Şahinoğlu cəbhədəki son təxribatların təsadüfi olmadığını başqa bir amillə də əlaqələndirir. Onun sözlərinə görə, bu təxribatların Ermənistanda keçiriləcək seçkilərlə birbaşa bağlılığı var: “Aprel ayında Ermənistanda parlament seçkiləridir və Sarkisyanın mövqeləri də getdikcə zəifləyir. Ötən ilin aprel döyüşlərindən sonra Azərbaycanın aşkar görünən hərbi üstünlüyü, münaqişənin həllində ölkəmizin ədalətli mövqeyini dəstəkləyən beynəlxalq qurumların açıq mesajları Ermənistanda hakim rejimə inamsızlığı artırır, Serj Sarkisyan tərəfdarlarını da itirir. Ona görə də Ermənistan hakimiyyəti diqqəti daxildəki problemlərdən, xüsusilə seçkilərdən yayındırmaq üçün cəbhə xəttində təxribatlar törədir”.

Bununla belə, politoloq hesab edir ki, Ermənistan zaman-zaman əl atdığı bu təxribatlardan həmişə olduğu kimi, yenə də məğlubiyyətə uğradılmış durumda çıxacaq.

Elxan Salahov, “İki sahil”