02 mart 2017 00:03
1392

Torpaq uğrunda ölən varsa Vətəndir!

Azərbaycan xalqı şəhidlərini böyük ehtiramla son mənzilə yola saldı

2017-ci ilin fevralın 24-dən 25-nə keçən gecə Ermənistan ordusunun diversiya qrupunun cəbhənin Füzuli-Xocavənd istiqamətindəki növbəti hücumunu dəf edərkən 5 hərbçimiz qəhrəmancasına həlak olub.

Cəbhə xəttinin neytral mövqeyində qalan şəhidlərimizin meyitlərinin çıxarılması və onların ailələrinə təhvil verilməsi prosesi də Azərbaycan dövlətinin və onun rəhbərinin gündəlik diqqətində idi.

Qeyd edək ki, bu döyüşlərdə Ermənistan tərəfi daha çox itki versə də hələlik bunu ölkə ictimaiyyətindən gizlədirlər. Ötən gün erməni politoloqlardan biri bu barədə bildirib ki, Serj Sarkisyan hakimiyyəti cəbhə xəttindəki itkiləri açıqlamağa qorxur və həlak olanların meyitlərini bir ay ərzində qaytarmağı planlayır ki, əhali etiraz aksiyalarına başlamasın.

Amma Ermənistandan fərqli olaraq Azərbaycan Müdafiə Nazirliyi dərhal ictimaiyyəti məlumatlandıraraq cəbhə xəttində həlak olan hərbçilərin sayını  və adlarını açıqladı.

Həmin döyüşdə qəhrəmancasına həlak olanlar Abdullayev Aqşin İsmayıl oğlu, Nəzərov Şahlar Yaşar oğlu, Haşımlı Tural Əbdül oğlu, Qədimov Zülfi  Rəhim Oğlu, Cəfərov Zakir Nazim oğludur. Eyni zamanda bildirildi ki, bu döyüşdə Ermənistan ordusunun diversiya qrupu daha çox itki verərək geri çəkilməyə məcbur olub.

Fevralın 28-də isə Azərbaycan xalqı şəhidlərini böyük hörmət və ehtiramla son mənzilə-uğrunda döyüşdükləri torpağa tapşırdı. Minlərlə insanın qatıldığı bu izdihamlı mərasimlər bir daha göstərdi ki, xalq öz şəhidlərin ruhunu və xatirəsini daim əziz tutur, onlar ölkəmizin ən ləyaqətli və şərəfli ömür sahibləridirlər.

Burada çox qürurverici məqam odur ki, Naxçıvanın Ordubad rayonunda, Şəkidə, Bakının Keşlə qəsəbəsində, Tovuzda, Beyləqanda torpağa tapşırılan şəhidlərin valideynləri, (onların ikisi Ağdam rayonundandır, lakin ailələri Bakının Keşlə qəsəbəsində və Beyləqan rayonunda məcburi köçkün kimi məskunlaşıblar) yaxınları, dostları kədərlənsələr də başlarını uca tutmuşdular. Azərbaycan bayrağını öpərək gözlərinin üstünə qoyan şəhid atalarının “Vətən sağ olsun” sözləri hər bir ölkə vətəndaşının köksünü qabardan, qürurlandıran ən əziz, ən şərəfli kəlmələrdir.

Bu, həm də o deməkdir ki, Vətən üçün öldürəcək və öləcək daha çox mərdlərimiz var və Ali Baş Komandan cənab İlham Əliyevin “döyüşə hazır ol” əmrini gözləyirlər. Azərbaycanın igid hərbçiləri döyüş meydanlarındakı qəhrəmanlıqları ilə dəfələrlə sübüt ediblər ki, onlar sevdikləri uğrunda ölməyi bacaran ərlərdir.

Bu gün Azərbaycan dövləti də şəhidlərinin əziz xatirəsini daim uca tutaraq  onların ailələrinin sosial problemlərinin davamlı olaraq həllinə çalışır. İndi hər bir şəhid ailəsi mənzillə təmin olunur, onların ailələrinin ödənişsiz təhsil və səhiyyə hüquqları qanunla təmin edilir.

Şəhidlər həm də ona görə ölmürlər ki, onların ruhu daim Vətən torpağının üzərindədir, Xalqın qəlbindədir. Vətən isə ona görə müqəddəsdir ki, uğrunda canını fəda edənlər var. Necə deyərlər,torpaq- uğrunda ölən varsa Vətəndir.

Allah bütün şəhidlərimizə rəhmət eləsin! Qəbirləri nurla dolsun! Şəhidlik elə bir ali məqamdır ki, o müqəddəs zirvə hər adama qismət olmur. Allah isə ancaq şərəfli insanlara şəhidlik qismət edir.

Elçin Zaman, “İki sahil”