27 aprel 2017 19:07
380

Elçin Quliyev Yaşar Güleri qəbul edib

Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev 2017-ci ilin  27 aprel tarixində Dövlət Sərhəd Xidməti Aparatında Türkiyə Respublikası Jandarma Baş Komandanı ordu generalı Yaşar Gülerin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

“İki sahil” xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzinin məlumatına görə, görüşdə ölkələrimiz arasında bütün sahələr üzrə əlaqələrin inkişafı xüsusilə vurğulanıb, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti və Türkiyə Respublikasının Jandarma Qüvvələri arasında ikitərəfli əlaqələrin vəziyyəti yüksək qiymətləndirilib və əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Söhbət əsnasında AR-in dövlət sərhədlərindəki mövcud əməliyyat şəraiti, sərhəd təhlükəsizliyinə olan təhdidlər, o cümlədən dövlət sərhədlərinin bir hissəsinin Ermənistanın işğalı altında qalması və bu ərazilərdən qeyri-qanuni məqsədlərlə istifadə hallarının davam etdirilməsi qeyd olunub. Bununla yanaşı, qeyri-leqal miqrasiya, qaçaqmalçılıq, narkotiklərin qanunsuz dövriyyəsi və digər transsərhəd cinayətkarlığı ilə mübarizədə həyata keçirilmiş tədbirlər, sərhəd mühafizə sisteminin gücləndirilməsi, maddi-texniki bazanın təkmilləşdirilməsi üzrə görülmüş işlər və əldə olunmuş nailiyyətlər barədə məlumat verilib.

Tərəflər arasında sərhəd təhlükəsizliyinin möhkəmləndirilməsi məqsədilə qarşılıqlı təcrübə və məlumat mübadiləsinin aparılması, qarşılıqlı əməkdaşlığın genişləndirilməsi və digər maraq doğuran məsələlər barəsində fikir mübadiləsi aparılıb.

Görüş dostluq və qarşılıqlı anlaşma şəraitində keçib.

Məhərrəm Ağalaroğlu