Beynəlxalq Enerji Agentliyinin (BEA) icraçı direktoru Fatih Birol mətbuata açıqlamasında bildirib ki, dünya birjalarında neftin qiyməti artdıqca paralel olaraq ABŞ-ın “qara qızıl” hasilatı da yüksələcək: “Bu, da neftin qiymətinə mənfi təsir göstərəcək.”
ABŞ-ın təbii qaz ixracatını daha çox mayeləşdirmə (LNG) üsulu ilə həyata keçirdiyini bildirən F.Birol bu vəziyyətin istehsalçı və istehlakçı ölkələrlə bərabər, dünya iqtisadiyyatına da ciddi təsirlərinin olacağını söyləyib.
Birol ölkədə son 9 ayda müşahidə olunan hasilat artımının ABŞ-ın öz neftini Yaxın Şərq nefti ilə rəqabətə girə biləcək səviyyəyə çatdırdığını bildirərək qeyd edib ki, “Dünya birjalarında qiymətlər yüksəldikcə ABŞ hasilatı artıracaq. ABŞ-ın süni şəkildə qiymətlərə müdaxilə etməsi birjalara mənfi təsir göstərəcək. Bu, vəziyyət neftin qiymətinin artmasına əngəl yaradacaq”.
ABŞ-ın enerji sektorunda yaşanan bu inkişafın ölkənin geosiyasi və xarici maraqlarına təsir edəcəyini bildirən BEA rəhbəri Birləşmiş Ştatların yaxın zamanlarda əsas neft istehsalçılarından birinə çevriləcəyini qeyd edib: “Hazırda ABŞ-ın neft və təbii qaz hasilatı sürətli bir şəkildə inkişaf etməkdədir. Yaxın zamanlarda ABŞ-ı eynən Yaxın Şərq ölkələri kimi önəmli bir neft və təbii qaz istehsalçısı olaraq görəcəyik”
İqtisadçı ekspertlər Vyana sazişindən kənarda qalan ABŞ-ın mayın 25-də OPEC ölkələri və Azərbaycanın aralarında yer aldığı 11 istehsalçı arasında mövcud sazişin müddətinin uzadılıb-uzadılmaması ilə bağlı kritik qərardan sonra hərəkətə keçəcəyini bildirirlər. Sidneyin “Fat Probhets” Araşdırmalar Mərkəzinin analitiki David Lennox bildirib ki, ABŞ-ın hasilatı artırması birjalara müsbət təsir göstərməyəcək: “Rəsmi Vaşinqton hasilatı artırdığı müddət ərzində neftin qiymətində yüksəlmə müşahidə etməyəcəyik. Hazırda dünya birjalarının OPEC sammitindən gələcək müsbət xəbərə ehtiyacı var”
Həmidağa Məcidov, “İki sahil”