Ümummilli lider Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə ordu quruculuğu və milli hərbi kadrların hazırlığı məsələsini həmişə diqqət mərkəzində saxlayırdı. Ulu Öndərin 1969-cu ildə birinci dəfə hakimiyyətə gəlişindən sonra ölkəmizdə hərbi kadrların hazırlanması prosesi geniş vüsət aldı.
Belə ki, 1971-ci ildə məhz dahi şəxsiyyətin xidmətləri nəticəsində general Cəmşid Naxçıvanski adına hərbi məktəb yaradıldı. O dövrdə SSRİ-də iki belə məktəb vardı: Naximov və Suvorov adına hərbi məktəblər. Əlbəttə, növbəti hərbi təhsil ocağının Azərbaycanda yaradılması respublikamız üçün olduqca əhəmiyyətli addım idi. Sözügedən məktəbin yaradılması SSRİ rəhbərliyini narahat etməyə bilməzdi. Həmin dövrdə bir-birinin ardınca Moskvadan Bakıya göndərilən komissiyalar Azərbaycanda hərbi məktəbə ehtiyac olmadığını əsaslandırmağa çalışsalar da, ulu öndər Heydər Əliyevin uğurlu diplomatiyası və özünü doğruldan siyasəti həmin cəhdlərin qarşısını aldı. Əminliklə demək olar ki, Ümummilli Liderin SSRİ dövründəki ordu quruculuğu siyasəti müstəqillik qazandıqdan sonra da öz bəhrəsini verdi.
Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra digər sahələr kimi ordu quruculuğu istiqamətində də mühüm addımlar atıldı. Silahlı Qüvvələrdə həyata keçirilən struktur dəyişiklikləri, döyüş əməliyyatlarının vahid rəhbərlik altında planlaşdırılması, hissələrin hərb elminin tələblərinə uyğun idarə edilməsi və s. kimi işlər Azərbaycan Ordusunu gücləndirdi, keyfiyyətcə yeniləşdirdi, Cənubi Qafqazın ən güclü və hazırlıqlı ordusuna çevirdi. 1990-cı illərin ortalarından etibarən Azərbaycan və NATO arasında sıx və səmərəli əməkdaşlığın yaradılması da ordu quruculuğu prosesinin sürətlə təkmilləşdirilməsinə, Silahlı Qüvvələrimizin müasir standartlara uyğunlaşdırılmasına gətirib çıxardı. Ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində 1994-cü ilin əvvəllərində Azərbaycan NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramına, bu əməkdaşlığın davamı olaraq 1996-cı ildə “Planlaşdırma və analiz prosesi” proqramına, 2001-ci ildə isə “Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı”na qoşuldu. 2008-ci ilin sonundan bu əməliyyat planının ikinci mərhələsi başlandı.
1997-ci ildən Azərbaycanın hərbi təhsil müəssisələri NATO standartlarına keçdi, Silahlı Qüvvələrimizin tərkibində yaradılan sülhməramlı bölük, daha sonra isə sülhməramlı tabor NATO xəttilə həyata keçirilən hərbi-humanitar aksiyalarda fəal iştirak edərək, münaqişə ocaqlarında təhlükəsizliyin, sülhün təminatına dəstək verirlər. Bu gün Azərbaycan dünyada güclü və dayanıqlı iqtisadiyyata malik ölkə kimi tanınmaqla yanaşı, eyni zamanda NATO standartlarına uyğunlaşmış modern ordusunun olması ilə də seçilir.
Bütün dövrlərdə ordu dövlətin müstəqilliyinin, ərazi bütövlüyünün, digər dövlətlər arasında nüfuzunun qorunmasında əvəzsiz rol oynayıb. Qeyd etmək lazımdır ki, milli ordumuzun yenidən formalaşdırılması müstəqillik dövründə qazandığımız ən böyük nailiyyətlərdən biridir.
Müasir Azərbaycanın qurucusu ümummilli lider Heydər Əliyevin ordu quruculuğu ilə bağlı həyata keçirdiyi tədbirlər Onun layiqli davamçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. İstər hərbi texnika, istərsə də savadlı, ixtisaslı kadrların hazırlığı istiqamətində Ordumuz gündən-günə daha da güclənir.
Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, bu gün ordu quruculuğu prosesi Azərbaycanda dövlət siyasətidir. Ali Baş Komandan çıxışlarında dəfələrlə vurğulayıb ki, Silahlı Qüvvələrimiz güclü ordular sırasındadır və son illər ərzində ordumuzun maddi-texniki təminatı böyük dərəcədə inkişaf edib. Bu gün təminat-təchizat baxımından yüksək səviyyəyə malik olan Azərbaycan Ordusu istənilən vəzifəni icra edə bilər. Son illər ərzində bir çox ölkələrdən ən müasir texnika, silah-sursat alınıb ki, bu da ordu potensialımızı gücləndirir. Bir neçə ölkədən alınmış onlarla döyüş təyyarəsi, 100-dən çox hərbi və hərbi nəqliyyat vertolyotu, hava hücumuna qarşı müxtəlif müasir sistemlər bizim müdafiə gücümüzü artırır. Müxtəlif ölkələrdən alınmış ən müasir tanklar, zirehli maşınlar, artilleriya qurğuları da düşmənin istənilən hədəfini yüksək dəqiqliklə və böyük dağıdıcı qüvvə ilə məhv edə bilər. Ən müasir pilotsuz uçuş aparatları, həm kəşfiyyat, həm döyüş üçün digər texnikalar alınır və bu proses bu gün də davam edir.
“İqtisadiyyatda aparılan islahatlar ordumuzu, dövlətimizi gücləndirir” deyən Prezident İlham Əliyev Azərbaycanın heç kimdən asılı olmayan, heç kimin maliyyə yardımına ehtiyac duymayan nadir ölkələrdən olduğunu söyləyərək, bildirir ki, öz hesabımıza yaşayırıq və ildən-ilə daha da güclənirik.
Azərbaycanın tarixi faktlara, real həqiqətlərə əsaslanan təbliğatı və günbəgün güclənən, qüdrətlənən ordusu yeganə problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllini daha da yaxınlaşdırır. Ölkə Prezidentinin bəyan etdiyi kimi, hər gün, hər ay bizi qələbəyə aparır. Aprel döyüşləri Azərbaycan Ordusunun gücünü, qüdrətini bir daha nümayiş etdirdi. Ulu öndər Heydər Əliyevin bildirdiyi kimi, sülh danışıqlarını cəsarətlə aparmaq üçün güclü ordunun olması mütləqdir.
Günel Eyyubova, “İki sahil”