19 iyun 2017 22:36
770

Ordumuzun möhtəşəm hərbi təlimləri Ermənistanı təşvişə salıb

İyunun 19-dan başlayaraq Azərbaycan Ordusu yeni hərbi-taktiki təlimlərə başlayır. Bu, artıq son iki ayda ordumuzun həyata keçirdiyi üçüncü əməliyyat təlimidir. Bu təlimlərin keçirilməsi Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiqlədiyi plana əsasən davam edir. Təlimlərdə məqsəd ordumuzun döyüş şəraitinə uyğunlaşdırılmış  vəziyyətdə qoşunların döyüşə hazırolma  bacarığı, qüvvə və vəsaitlərin idarə olunmasının təşkili, onların qarşılıqlı fəaliyyətinin yoxlanılmasıdır. İyunun 24-dək davam edəcək bu təlimlərdə 23 min şəxsi heyət, 120-dək tank və zirehli texnika 180-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, 30-dək müxtəlif təyinatlı döyüş aviasiyası, pilotsuz uçuş aparatları iştirak edir.  

Qeyd edək ki, Azərbaycan Ordusunun Türkiyə və Gürcüstan ordusu ilə birgə hərbi təlimləri uğurla başa çatmışdır. Təlimlərə rəğmən demək olar ki, Cənubi Qafqazdakı mövqe üstünlüyümüz xeyli güclənmişdir. Xüsusən erməni siyasi analitikləri bildiriblər ki, Ermənistan həmin hərbi təlimlərdən ciddi şəkildə təşvişə düşüb.

Təbii ki, bu iki dostqonşu ölkə ilə hərbi təlimin uğurlu keçməsinə səbəb birinci halda ordumuzun peşəkarlığı və ən müasir sialahlarla təminatıdır. Digər tərəfdən, Türkiyə ordusu NATO-nun ən güclü silahlı birləşməsi kimi Azərbaycan Ordusuna hərbi-taktiki döyüş hazırlığını yüksək səviyyədə təlim edən hərbi gücdür. Azərbaycan Müdafiə Nazirliyindən mətbuata verilən məlumatlara görə, hərbi təlimlər NATO standartlarına uyğun ə çox yüksək səviyyədə başa çatıb. Təlimlərdə qarşıya qoyulan məqsəd və vəzifələr uğurla icra olunub. Eyni zamanda Naxçıvan Muxtar Respublikasında Əlahiddə Qoşunların hərbi təlimləri də uğurla başa çatıb.

Əslində hərbi təlimlər müharibədəki real döyüşlərin ilkin variantıdır. Belə təlimlərdə qarşıya qoyulan ən çətin hədəflərə çatmaq səngər döyüşlərini qazanmağın 90-95 faizi deməkdir. Bu arqumentlərə rəğmən demək olar ki, Azərbaycan Ordusu hərbi təlimlərdəki peşəkarlığını və çevikliyini səngərlərdə tətbiq etsə Ermənistanın işğalçı ordusu ağır və sarsıdıcı zərbələr alacaq.

Lakin bu gün beynəlxalq siyasi şərait Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin danışıqlar yolu ilə həllini şərtləndirir. Təbii ki, bunun da bir sonu var. Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycan xalqının səbri sonsuz deyildir. Əgər Ermənistan rəhbərliyi sülh danışıqları adı altında spekulyasiyaya davam etsə, Azərbaycan dövləti işğal altındakı torpaqlarını hərbi yolla azad etmək hüququndan istifadə edəcək.

Ordumuzun digər çox mühüm vəzifəsi beynəlxalq terrorizmə və  separatizmə qarşı  mübarizədə ön sıralarda olmaqdır. Bu mənada, Azərbaycan Ordusunun döyüş qabiliyyəti artıq NATO-da  müsbət rəyə malikdir. Xüsusən, ABŞ Ordusunun Avropa Komandanlığının qərargah rəisi Çarlz Uoldun ordumuz haqqındakı fikirləri çox qürürvericidir. O, hələ bir neçə il əvvəl Bakıya səfərində bildirmişdir ki, Azərbaycanın NATO ordusu  tərkibində terorizmə qarşı mübarizə koalisiyasında İraqda, Kosovoda və Əfqanıstanda xidmət edən hərbçilərinin hər biri peşəkarlığına və döyüş qabiliyyətinə görə NATO əsgərlərinin ikisinə bərabərdir. Azərbaycan Ordusu bu gün də çox yüksək templə öz döyüş qabiliyyətini artırır. Bu işdə Prezident İlham Əliyevin xüsusi tapşırıqları və göstərişləri mühüm rol oynayır. Ölkəmiz iqtisadi  inkişafına görə bölgədəki liderliyini, ordu quruculuğuna da şamil etmək istəyir və buna nail olur. Bu gün ordumuza ayrılan büdcə vəsaiti Cənubi Qafqaz respublikalarının hər birinin ayrı-ayrılıqda dövlət büdcəsinə bərabərdir. Milyardlarla dollarlıq hərbi büdcəyə sahib olan dövlətimiz çəkinmədən ordusunu gücləndirmək xəttini tutubdur. Təbii ki, bundan narahat  olan düşmənlərimiz, xüsusən Ermənistan Azərbaycanın silahlanması barədə hay-küy salır. Bəzi ermənipərəst beynəlxalq təşkilatların da bu tip bəyanatlarına Prezident İlham Əliyev çox kəsərli cavab verərək deyib: “Bəzi hallarda beynəlxalq təşkilatlar bizi tənqid etməyə çalışırlar ki, Azərbaycan ordu quruculuğuna nə üçün bu qədər vəsait ayırır. Əvvəla, bizim torpaqlarımız Ermənistan hərbi qüvvələri tərəfindən işğala məruz qalıb və biz hələ də müharibə şəraitindəyik. Təbii ki, torpaqların işğaldan azad olunması üçün güclü ordu yaratmaq milli maraqlarımızın önündə gəlir.”

Ermənilərin hər gün cəbhə xəttində atəşkəsi pozmaları və onların ordumuz tərəfindən layiqincə susdurulması bir daha sübut edir ki, biz düşməndən nəinki iqtisadi, hətta ordu quruculuğunda da xeyli irəlidəyik və gec-tez işğaldakı torpaqlarımız azad ediləcəkdir.Burada bir sevindirici məqam  odur ki, atəşkəsin mütəmadi pozulduğu cəbhə xəttində insanlar kəndlərində ordusuna güvənərək yaşamaqda, əkib-becərməkdə davam edirlər. Artıq xalq-ordu tandemi  mövcuddur və insanlar önündə ordusuna, ordu isə arxasında xalqına güvənərək dövlətimizin qorunmasına nail olurlar. Bu amil gələcək qələbələrimiz üçün ciddi şərtdir və artıq ordumuz insanlarımızın qələbəyə inamını qaytarıb.

Elçin Zaman, “İki sahil”