Son vaxtlar sərsəm ideyaları ilə “məşhurlaşan” bədnam general Arkadi Ter-Tatevosyan Ermənistan mətbuatına verdiyi müsahibələrdən birində Azərbaycana ciddi zərbə vuracaqlarını deyib. Bildirib ki, Azərbaycanın bir neçə mühüm strateji obyekti var ki, onlar bizi narahat edir. Ona görə də əgər Azərbaycan hərbi əməlyyatlara başlasa biz ilk növbədə həmin obyektləri vurmağı planlaşdırırıq.
Hay-küyçü general Ter- Tatevosyan özü də düşünmədən etiraf edib ki, Ermənistanda belə strateji obyektlər olmadığına görə Azərbaycan Ordusu yalnız mülki erməni əhalisinə zərər vura bilər. O, elə burada da ciddi səhvə yol verib, dolayısilə təsdiq edib ki, Ermənistanda strateji obyektlər yoxdur və onlar “arxalı köpək” rolunu oynayırlar.
“Strateji obyekt” deyəndə Azərbaycandakı hərbi və neft-qaz obyektlərini nəzərdə tutan general unudur ki, təkcə Metsamor Atom Elektrik Stansiyası bütün Ermənistan üçün ən dəhşətli təhlükə mənbəyidir və Azərbaycan Ordusunun uzaqmənzilli raketləri oranı cəmi bir neçə dəqiqəyə məhv edə bilər. Onsuz da qəzalı vəziyyətə düşmüş stansiyanın məhvi isə bütün Ermənistanın məhvi deməkdir.
Bunu yaxşı bilən erməni ekspertlər həyəcan təbili çalırlar ki, Ermənistan rəhbərliyi ağlını başına yığıb qonşu dövlətlərlə münasibətləri normallaşdırsın, Azərbaycan ərazilərinin işğalını dayandırsın, əsassız torpaq iddialarından əl çəksin. Onlar təşviş keçirirlər ki, Metsamordakı nüvə obyekti vurulsa, onun radiusundakı bütün rayonlar və kəndlər nəinki darmadağın olacaq, üstəlik o yerlərdə uzun illər heç ot da bitməyəcək. Bunlardan başqa, gələcəkdə yüz illər boyu doğulan erməni uşaqları anadan şikəst olacaqlar.
Azərbaycanın hərbi ekspertləri birmənalı olaraq bildirirlər ki, təmkinsiz erməni generalının söylədiklərini ciddi qəbul etmək lazım deyil. Çünki son zamanlar Ermənistanın bir neçə rəsmisi bu cür sərsəm bəyanatlarla çıxış edirlər. Bu çıxışlardan əsas məqsəd ondan ibarətdir ki, Azərbaycandan gələ biləcək təhlükələri sovuşdursunlar. Bu tip bəyanat verənlər Azərbaycanı hərbi əməliyyatlardan çəkindirməyə çalışırlar. Şübhə yoxdur ki, bu tipli bəyanatlar Ermənistan rəhbərliyi ilə razılaşdırıldıqdan sonra mətbuata yol tapır. Bütün hallarda nə bədnam general Ter-Tatevosyanın, nə də qeyrilərinin reallığa uyğun olmayan açıqlamaları Azərbaycan Ordusunu ali məqsədlərindən döndərə bilməz. Silahlı Qüvvələrimiz Ali Baş Komandanın əmrinə hər an hazır vəziyyətdədir və lazımi məqamda torpaqlarımızı işğaldan azad edəcəkdir. Əslində Ermənistan rəhbərliyi Azərbaycan Ordusunun gücündən qorxur. Ancaq prezident Serj Sarkisyan və onun komandası necə deyərlər, qabaqdangəlmişlik edir. Onlar Azərbaycanın ərazilərini necə zəbt etdiklərini yaxşı bilirlər. Ona görə öz qüvvələrinə arxayın deyillər.
Keçmiş hərbçi, indi isə ekspertlik edən Ruben Martirosyan açıqca bildirir ki, Ermənistan Müdafiə Nazirliyinin generalları və digər yüksək çinli zabitləri günlərini qumar oynamaqla və sərxoşluq etməklə keçirirlər. O, bildirir ki, özü müdafiə nazirliyində işlədiyi müddətdə bütün bunların şahidi olub. Son on gün ərzində 14 hərbi qulluqçu qeyri-döyüş şəraitində ölür və ya öldürülürsə, nazirlik isə heç bir komandirə “gözün üstə qaşın var” deyə bilmirsə, günahkarlar tutulub cəzalandırılmırsa, bu, ordudakı anarxiyadan xəbər verir.
Ruben Martirosyan deyib ki, belə başıpozuq ordu ilə hansısa qələbədən danışmaq tamamilə yersizdir. Ordu siyasiləşib və ayrı-ayrı siyasətçilərin mənafeyi keşiyindədir. Bütün bunların əsasını isə Serj Sarkisyan müdafiə naziri vəzifəsində işləyərkən özü qoyub.
Azərbaycanda belə bir məsəl var: İtdən soruşurlar ki, niyə hürürsən? Deyir qorxuduram. Deyirlər ki, onda bəs quyruğunu niyə bulayırsan? Deyir ki, axı, özüm də qorxuram. İndi ermənilərin verdikləri bəyanatlar buna bənzəyir.
Vəli İlyasov, “İki sahil”