23 iyun 2017 23:02
1906

Bayramın mübarək, Azərbaycan əsgəri!

Hər bir dövlətin müdafiəsi, düşməndən qorunması, möhkəm ayaqda durması üçün güclü ordusunun, olması vacib şərtdir. Ordu dövlətin əsas onurğa sütunu hesab edildiyindən onun günün tələblərinə uyğun olaraq modernləşdirilməsi, gücləndirilməsi zəruridir. Azərbaycan Ordusunda olduğu kimi. Tarixə nəzər salsaq  görərik ki, Azərbaycan Silahlı Qüvvələri bugünkü inkişafa nail olmaq üçün  heç də asan yol keçməyib.

Hər zaman Qafqazda müsəlman dövlətinə məxsus bir ordunun yaradılması qısqanclıqla qarşılanıb. Bütün imkanlardan istifadə edilərək onun qarşısını almağa çalışıblar.  Elə müstəqilliyin ilk illərində ard-arda bir neçə rayonun ermənilər tərəfindən işğal edilməsi də bunun nəticəsi idi. Lakin ümummilli lider Heydər Əliyevin 1993-cü ilin iyununda ikinci dəfə hakimiyyətə qayıdışından sonra bütün sahələrdə olduğu kimi, ordu quruculuğu sahəsində də vəziyyəti müsbət istiqamətdə dəyişdirdi. Ümummilli Liderin ilk addımı qanunsuz silahlı dəstələrin ləğvi ilə bağlı oldu. Bu da nizamlı Azərbaycan Ordusunun təməli sayıla bilərdi. Artıq orduda nizamsızlıq, pərakəndəlik aradan qalxdı və nizamlı Azərbaycan Ordusu formalaşırdı. Qısa zamanda həyata keçirilən bu işlər Qarabağ müharibəsi zamanında mühüm nailiyyətlərin əldə edilməsinə səbəb oldu. İşğalçı Ermənistan artıq qarşısında mütəşəkkil Azərbaycan Ordusunun olduğunu görərək atəşkəs sazişi imzalamağa məcbur oldu.

Ermənistanla atəşkəs sazişinin imzalanmasına baxmayaraq, Azərbaycanın müharibə şəraitində olması və torpaqlarının bir hissəsinin işğal edilməsi ordu quruculuğu prosesini daha da genişləndirmək, Silahlı Qüvvələri müasir silahlarla təmin etmək zərurətini ortaya qoyurdu. Bundan başqa, Azərbaycan Silahlı Qüvvələrinin bir sıra xarici dövlətlərlə də əlaqələri var. Başqa ölkələrlə əlaqələr Azərbaycan Ordusunun güclənməsinə daha da yardım edir. NATO çərçivəsində Azərbaycanın hərbi qulluqçuları treninqlər keçirir və xarici dil kurslarında iştirak edirlər ki, bu da hərbi sahədə dünya təcrübəsini öyrənməyə şərait yaradır.

Hazırda Azərbaycan Silahlı Qüvvələri öz inkişaf yolunu uğurla  davam etdirir. Xüsusilə, son illərdə Azərbaycan Silahlı Qüvvələri uğurlu yol keçib desək yanılmarıq. Ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyevin 2003-cü ildə dövlət başçısı seçilməsindən sonra Azərbaycan Silahlı Qüvvələrinə göstərilən diqqət və qayğı əsaslı dərəcədə artıb. Təsadüfi deyil ki, Azərbaycan müdafiə sektoruna dövlət büdcəsindən yönəltdiyi vəsaitin həcminə görə Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrini 4 dəfəyə yaxın üstələyib. Azərbaycan Silahlı Qüvvələrinə olan diqqət və qayğı yalnız maddiyatla kifayətlənmir. Eyni zamanda Azərbaycan Ordusu mənəvi cəhətdən də böyük dayaq, dəstək görür. Bu dəstək və diqqət isə ilk növbədə Ali Baş Komandan tərəfindən göstərilir. Ali Baş Komandan cənab İlham Əliyevin müntəzəm olaraq əsgər və zabitlərlə görüşməsi, onları nümunəvi hərbi xidmətlərinə görə təltif etməsi Silahlı Qüvvələrdə qulluq keçən hər bir hərbiçidə qürur hissi yaradır, vətənpərvərlik hisslərini artırır. Bunun əyani sübutu isə keçən ilin aprel ayında cəbhə xəttində baş verən erməni təxribatı və bu təxribata qarşı Azərbaycan Silahlı Qüvvələrinin layiqli cavab verməsi idi.

Məlum olduğu kimi, aprel döyüşləri zamanı Azərbaycan Silahlı Qüvvələri böyük bir uğura imza ataraq uzun illər erməni işğalı altında olan bir sıra yüksəklikləri düşməndən azad etdi. Ordumuzun əldə etdiyi bu tarixi qələbə məhz Ali Baş Komandanın öz əsgər və zabitlərinə göstərdiyi diqqət və qayğının bariz nümunəsi idi. Silahlı Qüvvələrimiz də ona göstərilən bu etimadı doğrultdu və Azərbaycan xalqına qələbə sevincini yaşatdı. Aprel döyüşlərindən bir neçə gün sonra Ali Baş Komandanın cəbhə xəttinə getməsi, düşmənlə ən yaxın məsafədə belə Silahlı Qüvələrimizin şəxsi heyəti, döyüşlərin iştirakçıları ilə görüşməsi cənab İlham Əliyevin hər zaman əsgərin, hərbçinin yanında olduğunu bir daha sübut etdi. Məhz bu yanaşma, münasibət, orduya olan diqqət və qayğının nəticəsidir ki, Azərbaycan Silahlı Qüvvələri daha neçə aprel qələbəsi qazanmaq əzmi, istəyi ilə yaşayır. Şübhəsiz Azərbaycan Silahlı Qüvvələri tezliklə işğal altında olan digər ərazilərimizi də düşməndən azad edərək əzəli torpaqlarımız olan cənnət Qarabağa qələbə bayrağını asacaq. Çünki Azərbaycan Ordusu buna qadirdir. Bayramın mübarək, Azərbaycan əsgəri!

Röya Şahbazi, “İki sahil”