28 iyul 2017 17:11
716

“Super Muşak” təyyarələri mühüm rol oynayacaq

Azərbaycanın Müdafiə naziri Pakistanın ölkəmizdəki səfiri ilə görüşüb

İyulun 28-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistan İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Səid Xan Mohmand ilə görüşüb.

"İki sahil" Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, ölkələrimiz arasında münasibətlərin inkişafında qarşılıqlı səfərlərin əhəmiyyətinin xüsusi vurğulandığı görüşdə hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində də əməkdaşlığın uğurla davam etdiyi qeyd olunub.

Görüşdə hərbi əməkdaşlığın hər iki ölkənin maraqlarına cavab verdiyi əsas gətirilərək bu istiqamətdə səylərin daha da artırılmasının zəruriliyi vacib hesab edilib. Hərbi-texniki əməkdaşlıq çərçivəsində həyata keçirilən layihələri yüksək qiymətləndirən tərəflər Pakistandan əldə edilən “Super Muşak” təyyarələrinin Azərbaycanın hərbi pilotlarının döyüş vərdişlərinin təkmilləşdirilməsində mühüm rol oynayacağını qeyd ediblər.

Sonra səfir ölkəmizdə fəaliyyət müddəti başa çatmış hərbi attaşe polkovnik Syed İmran Əli və bu vəzifəyə yeni təyin olunan polkovnik Nadem Yaqub Çaudrini    Müdafiə nazirinə təqdim edib.

General-polkovnik Z.Həsənov Azərbaycanda fəaliyyət müddətində ölkələrimiz arasında əlaqələrin daha da genişləndirilməsi istiqamətində göstərdiyi səylərə görə polkovnik Syed İmran Əliyə təşəkkürünü bildirib, ona gələcək işlərində uğurlar arzulayıb.

Yeni hərbi attaşeni Azərbaycanda hərbi-diplomatik missiyasına başlaması münasibətilə təbrik edən nazir ona ölkələrimizin Silahlı Qüvvələri arasında əlaqələrin daha da inkişaf etdirilməsi istiqamətində fəaliyyətində uğurlar arzulayıb.

Məhərrəm Ağalaroğlu