Sən əsgərsən!
Sən Azərbaycanın əsgərisən! Səngər sənin nəfəsinlə isinir, səngərin təması sənin iradəni, qətiyyətini ovxarlayır. Niyə burada olduğunu bütün çalarlarıyla dərk edirsən. Bilirsən ki, sənin döyüş növbətçiliyin düşmənin tərpənişini çilikləyir, düşmən səndən, sənin əsgər yoldaşlarından çəkinir. 2016-cı ilin aprelində də gördü ki, sən ondan güclüsən. Dərk etdi ki, Azərbaycan əsgərinin vətənpərvərliyi də silahdı. Özünün də, yardımına ümid olduqlarının da silahları Azərbaycan əsgərinin vətənpərvərliyindən çox zəifdir. Samidlərin, Muradların, Çingizlərin döyüş yolunu hərbi xidmət amalı bilənlər erməniliyi çilikləyəcək, onların işğal niyyətlərini alt-üst edəcək. Onu da dərk etdilər ki, Azərbaycan Ordusu Ali Baş Komandanın istənilən əmrini yerinə yetirməyə, torpaqlarımızı işğaldan azad etməyə qadirdir. Sülh danışıqları baş tutmazsa, siz döyüşəcək, döyüşü qələbəylə tamamlayacaqsınız.
Təmas xəttində xidmət edirsən. Sən də hərbi xidməti qalib ordunun əsgəri kimi tamamlamaq, Qələbənin əsgəri, Qələbə əsgəri olmaq istəyirsən. Onda yollarınıza səpələnəcək çiçəklərin ətrini indidən hiss edirsən. Onu da bilirsən ki, indiyəcən belə ətir dadmamısan. Sənin gəlişinə (və gəlişinizə!) qəribsəmiş çiçəklərin ətrindən bir duruluq duyacaqsan.
Əsgər yoldaşlarınla söhbətlərinizi xatırlayırsanmı? - “Vətən borcu hərbi xidmətlə tamamlanmır. Vətən borcu son nəfəsəcən ödənilməli borcdu. İşğaldan azad edəcəyimiz ərazilərdə kəndlərin yenidən qurulmasında da iştirak edəcəyik”. Bu qətiyyət sizin vətənsevərliyinizin təsdiqidi. Yolunu gözləyənlər səni Böyük Qələbədən sonra qarşılamaq murazıyla günləri ay edir. Bunu bilirsən. Ona görə də həmin günün tezləşməsinin təşnəsisən...
Hərbi xidmətə gələndə səni uğurlayanlara dediklərini xatırlayırsan: “Qələbə üçün gedirəm. İşğaldan azad edəcəyimiz torpaqları bizdən sonra hərbi xidmətə çağırılanlar qoruyacaq!”. Mərmilərlə, güllələrlə yaralanmış torpaqlarımızın yaraları onda qaysaqla-yacaq. Şəhidlərimizin anaları səni (sizi) oğulu əvəzi bağrına basacaq. “Əsgərlərin hamısı balamdı!..” - deyən analar bu kövrək, bu qürurverici görüşü gözaydınlığı biləcək...
Döyüş növbətçiliyinin məsuliyyətini də yaşayırsınız, qürurunu da. O məsuliyyət də, o qürur da hərbi xidmətin sizə aşıladığı mənəvi dəyərlərdir...
İndi döyüş növbətçiliyindəsən. Sizə tapşırılmış ərazini qoruyursunuz. Əsgər üçün Vətən qoruduğu torpaqdan başlanır. Vətəni qoruyursunuz - min illik tariximizi qoruyursunuz, mədəniyyətimizi qoruyursunuz, dövlətimizi qoruyursunuz. Siz Azərbaycanın əsgərisiniz!..
“Böyük Qələbənin əsgəriyik biz!” - deyəcəyiniz günə az qalıb...
“Azərbaycan Ordusu”