Təkcə müharibə şəraitində yaşayan ölkələrdə deyil, ərazi toxunulmazlığını təmin edən bütün dövlətlərdə ordu quruculuğu istiqamətində islahatların aparılması, hərbi qüdrətin gücləndirilməsi, Silahlı Qüvvələrin ən müasir silah-sursatla təmin olunması dövlətçiliyin başlıca istiqamətlərindəndir. Ulu öndər Heydər Əliyevin müdrik kəlamlarından biri də budur ki, sülh danışıqlarını cəsarətlə apara bilmək üçün güclü orduya malik olmaq lazımdır. Dünyada baş verən hadisələri, bir-birindən gərgin prosesləri, qanlı toqquşmaları, müxtəlif regionlarda yaranan hərbi münaqişələri belə nəzərə alan hər bir ölkə ilk növbədə milli təhlükəsizliyinin təminatı üçün ordu quruculuğunu prioritet kimi diqqətdə saxlayır.
25 ildən artıqdır ki, torpaqları Ermənistan tərəfindən işğal olunan Azərbaycanda bu istiqamətdə həyata keçirilən konseptual islahatlar, hərbi qüdrəti ilə seçilən güclü dövlətlərlə əməkdaşlıq Aprel döyüşlərində məntiqi nəticəsini göstərdi. Respublikamızın milli təhlükəsizliyini, əhalinin əmin-amanlığını, mühafizəsini təmin edən, sərhədlərimizi qoruyan Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü orduları ilə eyni sırada yer aldığını rəşadəti, döyüş hazırlığı ilə bildirdi. Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli başlıca prioritet kimi diqqətdə saxlanılmaqla ordu quruculuğu prosesi uğurla davam edir, müasir dövrün tələblərinə uyğunlaşdırılır, əsgər və zabitlərimizin döyüş qabiliyyəti isə ən yüksək səviyyədədir.
Başqalarının hesabına ordu formalaşdıran Ermənistan iyul (2014), aprel (2016) döyüşlərində Azərbaycan əsgərinin rəşadət və qətiyyətini görərək işğal etdiyi bəzi əraziləri tərk etməyə məcbur oldu.
Ermənistanın bütün həmlələrinə layiq olduğu cavabı verən Azərbaycan Milli Ordusu regionda nizam-intizamı, döyüş hazırlığı ilə fərqləndiyini Lələtəpədə dalğalanan bayrağı ilə sübut etdi.
Aprel döyüşlərindən lazımi nəticə çıxarmayan, atəşkəsə əməl etməyən, dövlət başçıları səviyyəsində təşkil olunan danışıqları müxtəlif bəhanələrlə pozan Ermənistanın kəşfiyyat qruplarının təmas xəttində törətdikləri təxribatlara hərbi hazırlıqları və sayıqlıqları ilə cavab verən Azərbaycanın əsgər və zabitləri torpaqlarımızı işğaldan azad etməyə hər an hazır olduqlarını göstərdilər. Təhlükəsizlik sisteminin konseptual əsasını təşkil edən müdafiə siyasətinin məqsəd və prinsiplərinin dövlət siyasətinə uyğun müəyyənləşdirilməsi baxımından aparılan islahatların nəticəsidir ki, atəşkəsin pozulmasını intensivləşdirən Ermənistan qüdrətli Azərbaycan Ordusunun şücaəti qarşısında gücsüzlüyünü məğlubiyyəti ilə etiraf edir.
Azərbaycanın dövlət siyasətinin prioritet istqaməti olan ordu quruculuğu prosesi uğurla davam edir. Güclənən ordumuzda nizam-intizam möhkəmlənir, dövlət büdcəsindən hərbi xərclər üçün ayrılan vəsaitin həcmi, əsgərlərin döyüş qabiliyyəti artır, maddi-texniki təminat yaxşılaşır, Azərbaycanın hərbi potensialı güclənir. Möhkəmlənən iqtisadi imkanlar hesabına ən müasir silah-sursat, texnika, avadanlıq alınır. Dövlət başçımızın qərarı ilə Azərbaycanda hərbi sənaye kompleksi yaradılmasının özü Azərbaycanın iqtisadi qüdrətinin göstəricisidir. Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində mindən artıq adda hərbi təyinatlı məhsul istehsal edilir. Ordunun təchizatı baxımından ən vacib amil olan bu kimi hallar başqa sahələrdə olduğu kimi, ordunun təchizatında da idxaldan asılılığımızı azaldır. “Ancaq yüksək dəqiqliyə və böyük dağıdıcı qüvvəyə malik olan müasir silah-sursat, döyüş helikopterləri, döyüş təyyarələri alınır. Ordumuz üçün lazım olan qalan bütün ləvazimat, avadanlıq, texnika, mərmilər, patronlar Azərbaycanda istehsal edilir. Biz hətta hərbi məhsullarımızı ixrac etməyə başlamışıq. Azərbaycan dünyanın aparıcı beynəlxalq hərbi sərgilərində öz məhsullarını nümayiş etdirir. Artıq Bakıda da beynəlxalq sərgi keçirilmişdir ki, bu da ölkəmizin hərbi potensialının göstəricisidir" söyləyən Prezident, Ali Baş Komandan İlham Əliyevin vurğuladığ kimi, ordu quruculuğu prioritet məsələdir və bu, gələcəkdə də belə olacaq.
Bəllidir ki, Dağlıq Qarabağı heç bir dövlət, beynəlxalq təşkilat müstəqil dövlət kimi tanımır, separatçı rejimin keçirdiyi bütün "seçkilər"in hüquqi əsasının olmadığı rəsmi bəyanatlarla bildirilir.
BMT-nin və digər beynəlxalq təşkilatların bəyanatlarında da qeyd olunur ki, Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. "Əsrlər boyu Azərbaycan xalqı bu torpaqlarda yaşamış, yaratmışdır. O torpaqlarda yaradılan tarixi abidələrimiz bir daha onu göstərir ki, bu, bizim tarixi, əzəli torpağımızdır. Nəinki Dağlıq Qarabağ bizimdir, hətta bugünkü Ermənistan tarixi Azərbaycan torpaqları üzərində qurulubdur. Biz hamımız bunu yaxşı bilirik. Dünya da bunu artıq bilir. İrəvan xanlığı, Göyçə, Zəngəzur mahalı bizim tarixi torpaqlarımızdır və biz azərbaycanlılar o torpaqlara da qayıtmalıyıq və qayıdacağıq" sözləri ilə torpaqlarımızın bütövlüyü uğrunda müharibədə Azərbaycan əsgərinin qələbəsinə inamını əks etdirən Ali Baş Komandan İlham Əliyev dünya təcrübəsində rast gəlinən güc amilinin əsas rol oynadığını diqqət çatdıraraq bildirir ki, "Kim güclüdür, o da haqlıdır" prinsipi əsas prinsipdir" kimi reallıq qüdrətli Azərbaycanın timsalında da özünü təsdiqləyəcək. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ancaq ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır və Azərbaycan xalqı bundan başqa heç bir varianta razı olmayacaq.
Hər cür hərbi lavazimatla təmin olunan Azərbaycan əsgərinin təmas xəttindəki üstünlüyünün başlıca şərti də iqtisadi qüdrətimiz, ölkədə aparılan düzgün siyasətin xalq tərəfindən dəstəklənməsidir. Buna görə də havadarlarının diktəsi ilə təxribatlar törədən Ermənistanın bütün cəhdləri düşmənin məğlubiyyəti ilə nəticələnir. Ermənistan ordusunda itkilərin, intiharların, fərarilik hallarının sayı artır.
Əksinə Azərbaycan əsgərinin vətənpərvərlik ruhu, döyüş qabiliyyəti, texniki imkanları artır ki, bu da özlüyündə, üstünlüyümüzü şərtləndirir. Düşmən də bilir ki, Azərbaycan Ordusunun arsenalında mövcud olan texnika, silah-sursat Dağlıq Qarabağda və Ermənistanda istənilən hədəfi yüksək dəqiqliklə məhv etmək qüdrətindədir.
Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal olunan məmulatların həcmində 1,6, çeşid sayında isə 1,8 dəfə artım qarşıdakı daha böyük uğurlardan xəbər verir. Azərbaycan Silahlı Qüvvələrini məhsulları ilə təchiz edən Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal olunan hərbi ləvazimatlara beynəlxalq səviyyədə marağın artmasının özü müdafiə qüdrətimizdən xəbər verir. Ölkəmizdə iki dəfə təşkil olunan beynəlxalq müdafiə sərgisində “Tufan" milli zirehli nəqliyyat vasitəsinin, “İldırım" və “Qasırğa" zirehli maşınlarının ilkin nümunələrinin nümayişi sevindirici haldır. “ADEX-2016" sərgisində “Made in Azerbaijan" brendi ilə 260 adda məmulat nümayiş etdirilməsinin nəticəsidir ki, 10-dan artıq ölkəyə Azərbaycan istehsalı olan müdafiə təyinatlı məmulatlar ixrac olunur.
Növbəti illərdə də ixrac imkanlarını genişləndirmək məqsədilə yeni bazarlar axtarılması istiqamətində danışıqlar aparılır. Azərbaycan Silahlı Qüvvələrini yeni növ "Zərbə"" pilotsuz uçuş aparatları ilə təmin etmək istiqamətində işlər görülür.
“Mən tam əminəm ki, ordumuz nə qədər güclü olsa danışıqlar prosesində mövqeyimiz o qədər güclənər" söyləyən Prezident İlham Əliyevin vurğuladığı kimi, bu amillər nəticəsində biz istəyimizə nail olacağıq, ədaləti, Azərbaycanın suverenliyini bərpa edəcəyik.
Artıq beynəlxalq ictimaiyyətə də bəllidir ki, iqtisadi, siyasi, hərbi sahədə güclənən Azərbaycan siyasi, iqtisadi bataqlığa məhkum Ermənistan ilə müqayisə olunmayacaq dərəcədə qüdrətli dövlətdir. Buna baxmayaraq bölgədə sabitliyi qorumaq üçün hələ ki, sülh danışıqlarına üstünlük verən, regionda sabitləşdirici ölkə kimi böyük nüfuza malik Azərbaycan heç zaman torpaqlarının işğal altında qalmasına razı olmayacaq, Dağlıq Qarabağa müstəqillik verilməyəcək.
İşğaldan azad olunan və yeni həyatını başlayan Cocuq-Mərcanlıda qısa müddətdə həyata keçirilən tikinti işləri, insanların yurd yerinə dönməsi Böyük Qayıdışın rəmzi olmaqla daha böyük ərazilərimizin işğaldan azad olunmasına inamı artırır. Bu inam ordumuzun mətanət və şücaətindən qaynaqlanır.
Xuraman İsmayılqızı, “İki sahil"