Oktyabrın 17-də Tbilisi şəhərində Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov, Türkiyə Respublikası Baş Qərargahının rəisi, ordu generalı Hulusi Akar və Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Vladimir Çaçibaianın iştirakı ilə üçtərəfli görüş keçirilib.
Müdafiə Nazirliyinin mətbuat üçün açıqlamasında bildirilir ki, görüşdə bölgədəki hərbi-siyasi vəziyyət, regional təhlükəsizlik məsələləri ətraflı müzakirə edilib və üç ölkə arasındakı hərbi əməkdaşlığın perspektivləri barədə geniş fikir mübadiləsi aparılıb. Xüsusilə müzakirələrdə qeyd edilibdir ki, beynəlxalq terrorizm və aqressiv separatizmin regiondakı sülhə və sabitliyə, ümumi inkişafa mənfi təsir göstərdiyi indiki dövrdə region dövlətlərinin təhlükəsizliyinə ciddi təhdidlər mövcuddur. Ona görə də mövcud təhdidlərə qarşı hər üç dövlətin birgə hərbi-siyasi mübarizəsi zərurəti yaranıb. Nümayəndə heyətləri hərbi əməkdaşlığın perspektivləri, üçtərəfli hərbi təlimlərin keçirilməsi və birgə fəaliyyətin bir sıra digər istiqamətlərini də nəzərdən keçiriblər. Sonda görüşün yekunlarına dair birgə protokol imzalanıb.
Təbii ki, bu hərbi əməkdaşlıq, eyni zamanda, siyasi və iqtisadi mənada da strateji əhəmiyyətə malikdir. Çünki hər üç ölkənin ətrafında təhlükəli hərbi-siyasi proseslər cərəyan edir. Birinci halda ölkəmiz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllini sürətləndirmək istəyir. Ancaq bu, hələlik Ermənistan rəhbərliyinin sülh danışıqlarından qaçması və siyasi simulyasiyalar etməsi səbəbindən reallaşmır. Üstəlik ötən həftə Rusiyanın Ermənistana silah almaq üçün 200 milyon dollara əlavə olaraq daha 100 milyon dollar ayırması regionda separatizmin möhkəmlənməsinə rəvac vermiş oldu ki, bu da ölkəmizi ciddi şəkildə təhlükəsizlik tədbirləri görməyə vadar edir.
Eyni ilə Gürcüstan da ərazi bütövlüyü məsələsini daim gündəlikdə saxlayır. Qonşu ölkə Rusiyanın Abxaziya və Cənubi Osetiya siyasətindən ciddi şəkildə narazıdır. Bölgənin əsas regional oyunçusu olan Türkiyənin problemləri də az deyil. Bu sırada birinci Türkiyənin İraq və Suriyadakı terrorçu təşkilatlarla mübarizəsi dayanır. Bütün bu məsələlər hər üç ölkənin müdafiəsinə rəhbərlik edən şəxslər arasında müzakirə olunub və onlar bir-birlərinə hərbi dəstək məsələlərini gündəmə gətiriblər.
Burada digər çox önəmli məsələ regional iqtisadi layihələrin təhlükəsizliyini təmin etməkdir. Belə ki, 2017-ci il oktyabrın 30-da regionun ən vacib layihələrindən biri, Bakı-Tbilisi-Qars dəmir yolu işə düşəcək. Eyni zamanda, TAP və TANAP boru xətlərinin tikintisi də davam edir ki, bu da bölgədəki bəzi ölkələri narahat edir. Həmin layihələrin təhlükəsizliyinin qlobal miqyasda təmin olunmasında, təbii ki, Avropa ölkələri birmənalı şəkildə maraqlıdırlar.
Lakin Cənubi Qafqazın təcavüzkar ölkəsi olan Ermənistanın və onu himayə edən bəzi ölkələrin bu layihələrə mane olması istəkləri də mövcuddur. Bu səbəbdən də regional layihələrin əsas iştirakçıları olan Azərbaycan, Gürcüstan və Türkiyə birgə hərbi əməkdaşlıqla gözlənilən təhlükə və təhdidləri aradan qaldırmağı qarşıya əsas vəzifə kimi qoyublar.
Qeyd edək ki, bu üç ölkə arasında artıq birgə hərbi təlimlərə də start verilib. Belə ki, onların Müdafiə nazirlikləri rəhbərliklərinin görüşü günü Gürcüstanın Vaziani hərbi bazasında NATO-nun logistika üzrə davam edən kursunda Azərbaycan hərbçiləri də iştirak edirdilər. Bu, eyni zamanda, ölkəmizin dünyanın ən böyük və qüdrətli hərbi təşkilatı olan NATO ilə yaxınlaşmasının, onunla gələcəkdə daha geniş mənada hərbi əməkdaşlıq edəcəyinin təminatıdır.
Şübhəsiz ki, Azərbaycan, Türkiyə və Gürcüstanın hərbi sahədə əməkdaşlıqları konkret hansısa üçüncü dövlətə qarşı yönəlməyib. Buna baxmayaraq, Rusiyada bəzi hərbi və siyasi dairələr bu əməkdaşlıqdan narahat olmağa başlayıblar. Təbii ki, Rusiyanın Gürcüstan istisna olmaqla Türkiyə və Azərbaycanla normal münasibətləri var.
Burada bir əhəmiyyətli məqama da diqqət yetirmək lazımdır ki, qardaş Türkiyə son bir neçə ildə bölgədə özünəməxsus, heç kimlə hesablaşmadan, yəni mobil siyasət yürüdür. Məhz bu siyasət nəticəsində Türkiyə regionda aparıcı qüvvədir. Xüsusilə Türkiyə dünyanın fövqəlgücü hesab edilən ABŞ-dan kənar öz siyasi və hərbi manevrlərini edir. Necə ki, son bir neçə gün ərzində qardaş ölkə Rusiya ilə razılaşıb İdlibə girməklə, Kərkükü kürdlərdən boşaltmaqla və kürd zolağını dağıtmaqla Amerikanın bölgədəki bir çox çirkli planlarını darmadağın etdi.
Bütün bunlar bir daha göstərdi ki, Türkiyə tam müstəqil siyasət yürütməyi və strateji hədəflərinə çatmağı bacaran qüdrətli ölkədir. Məhz belə bir ölkə ilə, o cümlədən ən yaxın qonşumuz Gürcüstanla hərbi əməkdaşlığımız Ermənistanı və onun havadarlarını Azərbaycana qarşı təxribatlardan və təhdidlərdən ciddi şəkildə qoruyacaq önəmli hadisədir.
Elçin Zaman,
“İki sahil”