Noyabrın 24-də daxili işlər nazirinin birinci müavini, polis general-leytenantı Vilayət Eyvazov ölkəmizdə səfərdə olan Pakistan İslam Respublikasının Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Zübair Mahmud Hayatın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nazir, general-polkovnik Ramil Usubovun səmimi salamlarını qonağa çatdıran V.Eyvazov dost və qardaş, strateji müttəfiq olan iki dövlət arasında əlaqələrin qədim tarixə və dərin köklərə malik olduğunu xatırladıb. Nazir müavini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ikitərəfli əməkdaşlığın genişlənməsinə hər zaman xüsusi önəm verdiyini, Pakistanın müstəqilliyimizi tanıyan ilk ölkə olduğunu, beynəlxalq aləmdə və regional təşkilatlar çərçivəsində Azərbaycanı birmənalı şəkildə dəstəklədiyini diqqətə çatdırıb.
Qonağa DİN-in funksional vəzifələri və fəaliyyət istiqamətləri, ölkəmizdəki mövcud kriminogen durum, həyata keçirilən islahatlar barədə məlumat verilib. Cinayətkarlıqla mübarizə və ictimai asayişin qorunması sahəsində ötən illər ərzində uğurlu nəticələrin əldə edildiyi, sabitliyin, əmin-amanlığın etibarlı şəkildə qorunduğu, belə təhlükəsiz şəraitdən vətəndaşlarımız kimi, ölkəmizdə fəaliyyət göstərən əcnəbilərin də yararlandığı bildirilib.
V.Eyvazov hər iki ölkənin Daxili İşlər nazirlikləri arasında sıx münasibətlərin mövcüdluğundan, imzalanmış beynəlxalq hüquqi sənədlər əsasında transmilli mütəşəkkil cinayətkarlıqla, xüsusilə narkotiklərin qanunsuz dövriyyəsinə, qeyri-leqal miqrasiyaya və insan alverinə qarşı mübarizədə birgə səylərin göstərilməsindən, təcrübə və məlumat mübadiləsindən razılığını bildirib, qarşılıqlı səfərlərin əməkdaşlığın daha da dərinləşdirilməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.
Ölkəmizə ilk dəfə səfərə gəldiyini deyən general Zübair Mahmud Hayat dolğun məlumata görə təşəkkür edib. O, dövlətlərimiz və xalqlarımız arasında dostluq, qardaşlıq münasibətlərinin son illər bütün sahələrdə sürətlə inkişaf etməsindən, ölkəmizdə yaradılmış sabitlik və əmin-amanlıqdan, respublikamızın, onun paytaxtının dünyanın ən təhlükəsiz dövlətlərindən və şəhərlərindən biri olmasından, Azərbaycanda həyata keçirilən geniş quruculuq işlərindən məmnunluğunu bildirib.
Səmimi və dostluq şəraitində keçən görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər də müzakirə olunub.