Ölkəmiz uzun müddətdir ki, Belarus Respublikası ilə bir çox sahələrdə olduğu kimi, hərbi sahədə də əməkdaşlığı intensivləşdirir. Bu isə torpaqlarımızı işğal altında saxlayan Ermənistanı ciddi narahat edir. İşğalçı dövlətin rəhbərləri Azərbaycan-Belarus münasibətlərindən, başqa sözlə desək, əməlli-başlı təşvişə düşüblər. O cümlədən “POLONEZ” raket sistemlərinin Azərbaycana satışı məsələsində Belarusun reaksiyası Ermənistanı necə deyərlər, lap cin atına mindirib.
Erməni mənbələri xəbər verir ki, bu haqda ənənəvi brifinqdə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Tiqran Balayan öz fikrini belə bildirib. “Belarus tərəfi ilə ictimai və qeyri-kütləvi iş aparılır. Belarusun indiyə kimi verdiyi reaksiyalar bizi təmin etməyib”.
Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan da bir neçə gün əvvəl Belarusun İrəvandakı səfiri İqor Nazarukla görüşündə Minskın Azərbaycana satdığı silahlarla bağlı narahatlığını ifadə edib.
Xatirladaq ki, ötən həftə Azərbaycan Ordusunun arsenalına daxil edilən 301 mm-lik “POLONEZ”lər və “LORA” sistemləri nümayiş etdirilib.
Müdafiə Nazirliyinin məlumatına görə, “POLONEZ”in maksimal atış uzaqlığı 300 kilometrə qədərdir. Raketin çəkisi 780 kiloqram, döyüş başlığının çəkisi 140 kiloqram, dağıdıcı radiusu isə 640 kvadratmetrdir. “POLONEZ”in maksimal uçuş müddəti saniyədə 310 metr, atışa hazırlıq vaxtı 10 dəqiqə, istismar müddəti isə 10 ildir. Bir döyüş maşınında 8 raket yerləşdirilib. Bu kompleks düşmənin əməliyyat düzülüşünün bütün dərinliyində onun nüvə və kimyəvi hücum vasitələrinə, kəşfiyyat-zərbə sistemlərinin yerüstü elementlərinə, qoşunların əsas qruplaşmalarına, bazalarda yerləşən aviasiyasına, hava hücumundan müdafiə vasitələrinə və obyektlərinə, idarəetmə məntəqələrinə, radioelektron vasitələrinə, arxa cəbhə və digər obyektlərinə zərbə vurulması üçündür. Bundan başqa, kompleks vasitəsilə dənizsahili istiqamətlərdə düşmən donanmasının yerləşmə məntəqələri dağıdılır və onun döyüş gəmiləri məhv edilir.
Əməliyyat-taktiki raket kompleksi olan “LORA” da “POLONEZ” kompleksi kimi döyüş zamanı eyni məqsədlər üçün istifadə edilir. Maksimal atış uzaqlığı 300 kilometrdən artıq olan bu kompleksin raketinin çəkisi 1580 kiloqram, döyüş başlığının çəkisi isə 240 kiloqramdır. Raketin dağıdıcı radiusu 1000 kvadratmetrdir. Bir döyüş maşınında 4 raket olur. Onların maksimal uçuş müddəti saniyədə 300 metrdir, atışa hazırlıq vaxtı 13 dəqiqə, istismar müddəti 10 ildir. Həm “POLONEZ”, həm də ordumuzun arsenalına daxil edilmiş “LORA” raket kompleksləri GPS və İNS sistemləri ilə idarə olunur. Qeyd edək ki, “POLONEZ” Belarus, “LORA” isə İsrail istehsalıdır.
“POLONEZ” öz taktik-texniki xarakteristikalarına görə özünün başqa ölkələrdən olan analoqlarını dəfələrlə üstələyir. Müqayisə üçün deyək ki, onun analoqlarının atış məsafəsi 90 kilometrə bərabər olduğu halda, “POLONEZ”in maksimal atış uzaqlığı 300 kilometrə qədərdir.
Bütün bunlara görə Ermənistan ciddi narahatlıq keçirdiyini büruzə verir. Ancaq Azərbaycan hazırda Ermənistan ordusunu dəfələrlə üstələyən silahlı qüvvələrinin gücünü daha da artırır. Ordumuz əla arsenalı ilə işğal altında saxlanan ərazilərimizi azad etməyə qadirdir.
Ermənistanın istənilən nöqtəsini vura bilən güclü dağıdıcı qabiliyyətə malik olan raketlərin Azərbaycan Ordusunun arsenalına daxil edilməsi işğalçı ölkəni aciz vəziyyətə salır. Ona görə də bu ölkənin qorxuya düşmüş rəhbərləri bu məsələdə Belarusa hər vasitə ilə mane olmağa çalışırlar. Ancaq bir çox sahələrdə Azərbaycanla strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş Belarus geriyə addım atmaq niyyətində olmadığını nümayiş etdirməkdədir. Ermənistanın cəhdlərinə baxmayaraq Azərbaycan-Belarus hərbi əməkdaşlığı yüksələn xətlə inkişaf edir.
Vəli İlyasov, “İki sahil”