26 iyun 2018 00:19
1597

Müharibə veteranı: O vaxt belə güclü ordumuz olsaydı...

Şəkildə: Sağda General Hikmət Həsənov keçmiş döyüşçü Elbrus Sadıqova hədiyyə təqdim edərkən

1988-ci ildə başlayan Dağlıq Qarabağ hadisələrində fəal iştirak edən Elbrus Sadıqov bu günlərdə “N”  saylı hərbi hissənin yaradılmasının 25 illiyində iştirak edərkən general Hikmət Həsənovla söhbətində bu fikri xüsusi vurğulayıb. Yeri gəlmişkən bildirək ki, general ona hədiyyə bağışlayıb və yadigar olaraq  keçmiş döyüşçü ilə şəkil də çəkdirib

Elbrus Sadıqov 1991-ci ilin sonlarında odlu silah olmadığından əlinə xəncər götürüb düşmən üstünə gedən qəhrəmanlarımızdan biridir. Doğulub boya-başa çatdığı Tərtər rayonunun Qaradağlı kəndində öz yaşıdları-keçmiş döyüş yoldaşları indi də böyük hörmətlə ona  “komandir” deyə müraciət edirlər. Heç bir hərbi rütbəsi olmasa da bütün döyüşlərdə irəlidə gedib yoldaşlarını hücuma aparıb, ağıllı məsləhətləri ilə dostlarını xilas edib, düşmənin mühasirəsindən çıxarıb. Vaxtilə Sevastopolda hərbi dəniz desantçısı olmuş  Elbrusun  qorxmaz və hazırlıqlı bir əsgər kimi yetişməsi Qarabağ müharibəsində karına gəlirdi. Qorxmazlığını, hərbi işi yaxşı bildiyini görən hərbi hissə komandiri onu əvvəlcə bölük komandirinin müavini, sonra isə kəşfiyyat-hücum bölüyünün komandiri təyin edib.

Elbrus Sadıqovun saysız-hesabsız döyüş xatirələri var. O, həmin xatirələrdən yalnız birini bizimlə bölüşdü...

...1992-ci ilin qışı idi. Şaxta adamı  qılınc kimi kəsirdi. Dondurucu soyuğa, şaxtaya baxmayaraq  Qarabağ cəbhəsində qızğın döyüşlər gedirdi. Ağdərə bölgəsində strateji yüksəklik olan “Vışka” əldən-ələ keçirdi. Yüksəkliyi yaxşı silahlandırılmış erməni dəstələri öz əllərində saxlamağa çalışırdılar. Komandanlıq “Vışka”nı ələ keçirmək üçün  Elburus Sadıqovun komandirliyi ilə yüz iyirmi nəfərlik bir hücumçu bölük yaratdı. Hücum planı hazırlandı və bir neçə gündən sonra bölük sübh tezdən gözlənilmədən düşmən üzərinə yeridi. Qəfləti hücumdan çaş-baş düşmüş ermənilər ciddi müqavimət göstərə bilmədilər. Bölük döyüşdə düşmənin “Niva” avtomobilini  yandırıldı, üç post darmadağın edildi. Əlbəyaxa vuruşmada quldurların  bir qismi öldürüldü, bir qismi isə qaçıb ətrafa səpələndi. Beləliklə, strateli yüksəklik qoşunlarımızın nəzarəti altına keçdi.

Bizimlə söhbətində  Elbrus Sadıqov Silahlı Qüvvələrimizin  hazırkı vəziyyətini yüksək qiymətləndirərək bildirdi ki, Azərbaycan Ordusu  Cənubi Qafqazın ən güclü ordusudur. Onun arsenalında böyük dağıdıcı gücə malik silahlar var. Zabit ordunun “qızıl fondu”dur və fərəhlənirəm ki, indi ordumuz peşəkar zabitlərlə təmin olunub. Ali hərbi məktəblər kadr ehtiyatı yaranmasında əhəmiyyətli rol oynayır. Xaricdən ən müasir silahlar, zirehli texnika, təyyarə və helikopterlər, raket sistemləri alınaraq ordumuz  komplektləşdirilir. Müdafiə sənayemizin hazırladığı atıcı silahların bir çoxu xarici ölkələr tərəfindən həvəslə alınır. Bütün bunlar məni və digər müharibə veteranlarını secindirir. Biz güclü ordumuzla qürur duyuruq.

 Söhbətimizin sonunda keçmiş döyüşçü-komandir Elbrus Sadıqov bildirdi ki, əgər o vaxtkı  ordu indiki ordumuz kimi güclü olsaydı, qələbə mütləq bizim olacaqdı və xalqımız bu qədər əziyyət çəkməz, bir milyona yaxın soydaşımız doğma torpağında qaçqın-köçkünə çevrilməzdi...

Vəli İlyasov, “İki sahil”