Klinik tibbin bütün sahələrinə dair yeni əhatəli nəşr belə adlanır
Bu günlərdə Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının qərarı ilə “Hərbi-tibbi terminlərin izahlı lüğəti” işıq üzü görüb. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş kitabın tərtibatçı müəllifi tibb elmləri doktoru, professor Kənan Yusif-zadədir.
Nəşrin redaktoru Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, tibb elmləri doktoru, professor Əhliman Əmiraslanov, kitabın rəyçiləri professorlar Böyükkişi Ağayev və Sayalı Sadıqovadır.
Kitabda Azərbaycanda ilk dəfə müəllif tərəfindən 2007-ci ildən etibarən tibbi, hərbi-tibbi və hərbi terminlər izahları ilə bərabər yer alıb. Lüğətin tərtibində ingilis, rus, fransız, alman, italyan, ispan, fars, ərəb, xorvat, macar dillərində yazılmış tibbi ədəbiyyatlardan istifadə olunub. Bütün terminlər istifadə qaydasına görə mənaları və latın, yunan dillərində transkripsiyaları mövcudluğuna görə verilib. Nəşrdə hərbidə alınan zədə və xəstəliklər, hərbi döyüş travmaları, istifadə olunan silahlar və xidmət şəraiti nəticəsində baş verməkdə olan xəsarətlərlə bağlı tibbi anlayışlar da yer alıb. Lüğətdə hərbi həkimin praktik işində rast gəlinə biləcək simptom və sindromlara geniş yer verilib, eləcə də bütün həkimlərin istifadəsi üçün yeni terminlər toplanıb.
Professor S.Sadıqova lüğətə yazdığı “Ön söz”də vurğulayıb: “Tibb elminin sürətli inkişafı, yeni sahələrin yaranması bu sahədə yaranan yeni terminlərin toplanmasını, onların sistemləşdirilməsini və izahlı tibb terminləri lüğətinin tərtibini zəruri edir. Lüğətdə terminlərin orfoqrafiyası müasir ədəbi dilimizin orfoqrafiya normalarına uyğun verilib. Lüğət uzunmüddətli gərgin elmi araşdırmaların nəticəsidir.”
Akademik Böyükkişi Ağayev kitaba yazdığı rəydə lüğətdə həm köhnə, həm də müasir tibb terminlərinin öz əksini tapdığını qeyd edib: “Uzun çalışmalardan sonra ərsəyə gələn bu lüğətin özündən əvvəlkilərdən əsaslı fərqi ondan ibarətdir ki, terminlərin mənası və mahiyyəti açıqlanmaqla yanaşı, hansı dilə məxsus olmaları və digər dillərdəki ekvivalentləri də qeyd olunub və ətraflı izah verilib. Lüğətin etibarlı mənbələrdən toplanmış sözlüyü (lüğətin tərtibində 90-dan artıq mənbədən istifadə edilib) tibb sahəsində işlənən 25 mindən artıq söz və terminoloji söz birləşmələrini əhatə edir. Ətraflı və tam əhatəli lüğətdir, tərtibatı keyfiyyətlidir, mətni asan oxunur, təriflər əlifba sırası ilə verilir. Təqdimat dili aydındır, çünki həkim olmayanlar üçün yad sözlər başadüşülən, sadə dillə izah edilir.”
Müəllif Kənan Yusif-zadə lüğətin yaranma zərurətindən söz açıb: “Tərcümə və xüsusi ədəbiyyatların redaktə edilməsi sahəsində uzun illərin təcrübəsi, həmçinin hərbi-tibbi problemlər və məsələlərə həsr olunmuş beynəlxalq konqreslərdə, simpoziumlarda, konfranslarda iştiraklar müəllifi sözügedən lüğətin tərtib edilməsinə təşviq etdi. Eləcə də tibbdə geniş istifadə olunan çoxlu sayda ümumi və xüsusi sözlərin sistemləşdirilərək lüğətə salınmasının labüdlüyünü göstərdi”. Müəllif, həmçinin lüğətin tərtibatında əməyi keçən hər kəsə, xüsusilə alim, şair, tarix elmləri doktoru Firuzə Məmmədquliyevaya minnətdarlığını bildirib.
Kitab həkimlər, tibb sahəsində çalışan işçilər, tibb tələbələri, onu tədris edən müəllimlər, ümumiyyətlə, geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
Sevinc Abdullayeva, “İki sahil”