Azərbaycan-Belarus strateji müttəfiqliyi fonunda erməni mediasının “dalay-dalay” çarəsizliyi...
Azərbaycan Silahlı Qüvvələrinin məqsədyönlü şəkildə hərbi potensialını gücləndirməsi və müasir silahlar alması həmişə olduğu kimi, yenə də Ermənistan mətbuatının gündəmində olan əsas xəbərlərdəndir. İşğalçı Ermənistanı ciddi narahat edən daimi mövzulardan biri də Azərbaycanın bir çox ölkələrlə hərbi -strateji müttəfiqliyidir.
İşğalçı ölkənin “armenianreport.com” saytında Q.Qalustyan adlı daha bir aqressiv müəllif bu dəfə Azərbaycan-Belarus strateji tərəfdaşlığını hədəfə alaraq sayıqlamalarını yazıya köçürüb. Azərbaycanın Belarusdan yeni silahlar alması faktı ilə bağlı mümkün müharibə ehtimalına görə işğalçı ölkənin digər internet resurslarında da bu xəbər əsl “zəlzələ effekti” yaradıb.
Üzdəniraq erməni analitik isə xüsusi narahatlıq və hiddətlə Azərbaycan-Belarus münasibətlərinin ən yüksək səviyyəyə çatmasını heç cür “həzm edə bilmədiyini” gizlətməyi lazım bilməyib: “Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvləri ilə müttəfiqliyi sadəcə kağız üzərində olan bir adlandırmadır. Əslində bu təşkilatın Ermənistanı zərrə qədər də saymayan bütün üzvləri açıq şəkildə Azərbaycanın dostlarıdırlar. Yox, bu dəfə Rusiya haqqında danışmayacağıq. İndi Belarusun Azərbaycanla hərbi sənaye sahəsindəki böyük əməkdaşlığından söz açacağıq. Azərbaycan uzun illərdir Belarusdan müasir silahlar tədarük edir. Bu yaxınlarda isə Azərbaycan Belarusun “Aqat İdarəetmə Sistemləri” şirkətinin istehsalı olan 7A0917 “Lektor” daşınan artilleriya atəş idarəetmə kompleksi alıb. Silahlanmaya yeni qəbul edilmiş kompleks mart ayının ortalarında keçirilmiş hərbi təlimdə istifadə olunub. Batareya komandiri üçün nəzərdə tutulan kompleksin tərkibinə radiostansiya, “Kaponir” elektro-optik müşahidə sistemi, VM2307 markalı tablet, batareyanın baş zabitinin texniki vasitələrinin tərkibinə radiostansiya, GMX500 meteostansiyası və VM2307-in tableti, top komandirləri üçün VM2306 əl tableti, radiostansiya və silahı tənzimləmə üçün alətlər daxildir. Texniki vasitələr artilleriya batareyasının idarə edilməsi və atış hazırlığı ilə bağlı bütün məsələləri həll etməyə imkan verir. İstehsalçının məlumatına görə, sınaqları tamamlanan “Lektor” kompleksi ilk dəfə fevral ayında Əbu-Dabidə keçirilmiş İDEX-2019 sərgisində nümayiş etdirilib”.
Azərbaycan Ordusunun tədarük etdiyi yeni silahlarla bağlı bütün məlumatları təfərrüatları ilə qeyd edən Qalustyan qəzəbini boğa bilməyib Belarus rəhbərliyinin ünvanına qərəzli ifadələr işlədib: “Ermənistanın KTMT-dəki müttəfiqi Belarus növbəti dəfə Azərbaycanı dəstəklədiyini sübut etdi! Lukaşenko növbəti dəfə də Ermənistanın rəyinə əhəmiyyət vermədiyini, bütünlüklə Azərbaycanın tərəfində olduğunu nümayiş etdirdi”.
Belarusun bu addımını ölkəmizin xarici siyasət uğuru və Belarusun hər zaman Azərbaycanın haqq işinə dəstək verməsi kimi dəyərləndirməyə erməni müəllifin qərəzli subyektiv mövqeyi imkan verməsə də, dolayısı ilə analitik işğalçı Ermənistanın xarici siyasətinin fiaskoya uğradığını diqqətə çatdırıb.
Qalustyan, eyni zamanda, məşhur Azərbaycan məsəlində deyildiyi kimi, sözü qurtardığından “dalay-dalay” deyən aşıqsayağı əsaslandırmağa arqumenti olmadığından, Belarusun daxili işləri ilə bağlı qərəzli fikirlər səsləndirib, adıçəkilən ölkənin Prezidenti Aleksandr Lukaşenkonun daxili siyasətinə “qulp qoymağa” cəhdlər göstərib.
Müəllif Ermənistanın xarici siyasətdəki rüsvayçı uğursuzluqlarını guya “Rusiyanın və Belarusun diktator rəhbərlərinin” “demokratik lider” olan Nikol Paşinyanla dil tapmaması kimi təqdim etməyə, bununla da əsl həqiqətləri ört-basdır etməyə çalışıb.
Görünən budur ki, “ənənəsinə sadiq qalan” aqressiv və qərəzli erməni internet portalları yenə də Azərbaycanın hərbi müttəfiqlərindən biri olan Belarus ilə yüksək səviyyəli münasibətləri haqqında qorxu və hiddət dolu yazıların fonunda əslində güclü orduya malik ölkəmizlə mümkün müharibə ehtimalına görə dərindən təşviş keçirirlər.
Təbii ki, erməni müəlliflər Ermənistanın acınacaqlı duruma düşməsinin, sözügedən ölkənin daxili və xarici siyasətdəki rüsvayçılıqlarının əsas səbəbinin əslində səriştəsiz liderlər və illərlə Azərbaycana qarşı dövlət səviyyəsində həyata keçirilən terror və işğalçılıq siyasətindən qaynaqlandığını yaxşı bilirlər. Problemlərinin yaxşı fərqində olan işğalçı Ermənistana isə düşdüyü rüsvayçı durumlardan gerçək çözüm yolunu Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə beynəlxalq səviyyədə bəyan edib: “Dağlıq Qarabağın gələcək statusu ancaq vahid Azərbaycan dövləti çərçivəsində mümkün ola bilər. Münaqişənin həlli bundan ibarətdir və Ermənistan rəhbərliyi bunu nə qədər tez anlasa, onlar üçün bir o qədər yaxşı olacaq. Ərazi bütövlüyünün təmin olunması, işğala son qoyulması bu münaqişənin həlli üçün əsas amillərdir. Ermənistan müstəqil dövlət kimi dünya xəritəsində sadəcə olaraq formal mövcuddur. Ermənistan asılı ölkədir, öz gələcəyini özü müəyyən edə bilmir. İşğalçı siyasəti onları bax, bu vəziyyətə gətirib çıxarıbdır. Onların vəziyyətdən yeganə çıxış yolu qonşularla münasibətləri bərpa etməkdir. Bunun üçün isə işğala son qoyulmalıdır”.
Sevinc Abdullayeva, “İki sahil”