04 aprel 2019 11:04
699

Azərbaycan Ordusu ən yüksək standartlara cavab verir

Bu gün Azərbaycan regionda ən güclü orduya  malik dövlətə çevrilib

Ordumuzun gücünü artıran, hərbçilərimizin döyüş əhval-ruhiyyəsini yüksəldən əsas amillərdən biri də ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin hərbi hissələrə, xüsusən cəbhə xəttinə ardıcıl səfərlər etməsidir. Hər görüşündə onlara sonsuz mübarizə əzmi aşılayan Ali Baş Komandan bununla orduya diqqət və qayğısını əyani şəkildə nümayiş etdirir.

Milli Məclisin deputatı Elman Məmmədov “İki sahil” qəzetinə açıqlamasında bildirdi ki, Azərbaycanda Müdafiə  Nazirliyi 1991-ci ilin oktyabrında yaradılmasına baxmayaraq  heç bir fəaliyyəti yox idi. Sadəcə quru adı olan bu qurumun nə kadr, nə də silah-sursat bazası yox idi. Torpaqların müdafiəsi yalnız pərakəndə fəaliyyət göstərən qəhrəman könüllü dəstələrin və şəxsi mənafelərə qulluq edən ayrı-ayrı başıpozuq silahlı dəstələrin ümidinə qalmışdı. Həmin dövrdə Azərbaycan oğulları böyük qəhrəmanlıqlar göstərərək çox adi silahlarla Vətən uğrunda döyüşürdülər. Ancaq hazırlıq və təminat, ən əsası isə vahid komandanlıq  yox dərəcəsində idi.  Bütün bunlar da düşmənə torpaqlarımızı işğal etməyə fürsət verirdi.  Azərbaycanda Ordu quruculuğu Ulu Öndərimiz hakimiyyətə gəldikdən sonra təkmilləşməyə başladı. Ümummilli Liderin hakimiyyətə gəlişinin ilk günündən orduda kök salmış müəyyən xoşagəlməz vəziyyətlərin hamısı tədricən aradan qaldırıldı. Vahid komandanlıq yaradıldı. Həm kadr məslələrində, həm də silah-sursat məsələlərində  qayda-qanun bərqərar oldu.

Milli Məclisin deputatı qeyd etdi ki,  ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan Azərbaycan Silahlı Qüvvələri bu gün Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında öz şərəfli missiyasını uğurla davam etdirir. Bugünkü Azərbaycan Ordusunun qüdrəti beynəlxalq qurumların hesabatlarında öz əksini tapır. Aprelin 2-də Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı  Qüvvələrinin N saylı hərbi hissəsində olan Ali Baş Komandan İlham Əliyev bildirdi ki, sonuncu reytinqə əsasən, Azərbaycan Ordusu dünya miqyasında öz potensialına görə 52-ci yerdə qərarlaşıb.

Bu çox böyük nailiyyətdir. Müstəqillik dövründə Azərbaycan Ordusunun yüksək səviyyədə inkişaf etməsi, hazırlığa nail olması çox ürəkaçan bir göstəricidir. Bu gün dostlarımızla yanaşı, düşmənlərimiz də Azərbaycan ordusunun nəyə qadir oldugunu görürlər. Təbii ki, dostlarımız sevinir, düşmənlərimiz isə pəjmürdə olurlar. Azərbaycan Ordusu öz hazırlıqlarını bu illər ərzində təmas xəttində ermənilərin törətdikləri təxribatlara cavab verərkən dəfələrlə nümayiş etdirib. 2016-cı ilin Aprel döyüşləri, Naxçıvan istiqamətində əldə etdiyimiz nailiyyətlər Azərbaycan Ordusunun hazırlığını, döyüş qabiliyyətini  əyani surətdə göstərir. Bu gün Azərbaycan Ordusu özünün maddi-texniki bazası, silah-sursat təminatı ilə fərqlənir. Azərbaycan zabitinin biliyi, savadı, döyüş qabiliyyəti, hərbi hazırlığı, müasir texnikalardan baş çıxarması keçirilən böyük hərbi təlimlərdə təsdiqini tapır. Bütün bunlar hamısı deməyə əsas verir ki, biz ordumuza güvənirik, onunla fəxr edirik.

E.Məmmədov xüsusi olaraq vurğuladı ki, bir Azərbaycan vətəndaşı kimi Azərbaycan Ordusunun dövlətimizin və xalqımızın təhlükəsizliyini qorumağa yüksək səviyyədə hazır olduğuna əmindir: “Azərbaycan torpaqlarının işğaldan azad edilməsi üçün Ali Baş Komandanımızın əmrini gözləyir. İnanırıq ki, Azərbaycan Ordusu qısa bir müddətdə Ali Baş Komandanımızın rəhbərliyi ilə torpaqlarımızı işğaldan azad edəcək. Ərazi bütövlüyümüz təmin olunacaq.”

Şəmsiyyə Əliqızı, “İki sahil”