Ölkəmizin dinamik iqtisadi inkişafı nəticəsində bütün sahələrin, o cümlədən Silahlı Qüvvələrimizin gücləndirilməsi dövlət başçısının gərgin və səmərəli fəaliyyətinin nəticəsidir.
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində son illərdə ordumuzun döyüş qabiliyyəti daha da yüksəlmiş, maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirilmiş, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılmışdır. Həyata keçirilən tədbirlərin nəticəsidir ki, Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır. Regiondakı istənilən yeri 48 saat müddətində nəzarətə götürə biləcək ordumuz Cənubi Qafqazda ən güclüdür.
Son illərdə Türkiyə, Pakistan, İsrail və digər dövlətlərin hərbi təhsil sistemi ilə tanışlıq və təcrübə mübadiləsi məqsədilə Müdafiə Nazirliyinin yüksək səviyyəli nümayəndə heyətlərinin həmin ölkələrə səfərləri olub. Plana uyğun olaraq hərbi təhsil müəssisələrimizin professor-müəllim heyəti həmin dövlətlərin hərbi təhsil müəssisələrinin nümayəndələri ilə qarşılıqlı təcrübə mübadiləsi aparıblar.
Bu gün qarşıda duran əsas vəzifələrdən biri Azərbaycan Ordusunun daha da modernləşməsi, mobilləşdirilməsi və ən son hərbi texnologiyaların orduya gətirilməsidir. Bu istiqamətdə həyata keçirilən tədbirlər ordumuzun qüdrətini daha da artırıb. 2018-ci ildə keçirilən möhtəşəm paradlar Azərbaycan Ordusunun həm güc və qüdrətini, həm də modernləşdiyini nümayiş etdirdi. Hazırda Azərbaycan Ordusunun qüdrətlənməsi və işğal olunmuş ərazilərimizi istənilən an azad etməyə qadir mükəmməl bir orduya çevrilməsi yönündə Prezident İlham Əliyev tərəfindən göstərilən yüksək əzmkarlıq bu amala xidmət edir.
Son beş ildə yeni hərbi hissələr yaradılıb, müasir infrastruktur inşa edilib, şəxsi heyət üçün hər cür şərait yaradılıb. NATO standartlarına uyğun olaraq hərbi hissələrdə xidmət şəxsi heyətin mənəvi-psixoloji hazırlığının yüksəldilməsinə böyük təsir göstərib.
Hərbi xidmətin nüfuzunun artırılması istiqamətində ardıcıl tədbirlərin həyata keçirilməsi irimiqyaslı islahatlar çərçivəsində təqdirəlayiq işlərdən hesab olunur. Müdafiə Nazirliyi ölkənin əsas güc strukturlarından biri kimi bu sahədə bir neçə yeni qanunvericilik aktının layihələrini hazırlayıb, aidiyyəti dövlət qurumları ilə razılaşdırıb və onları müvafiq instansiyalara təqdim edib.
Güclü ordu üçün ən əsas şərtlərdən biri də şəxsi heyətin mənəvi-psixoloji vəziyyətidir. Əgər psixoloji durum yüksək səviyyədə olarsa, ən müasir texnika ilə təchiz olunmuş düşmənə belə asanlıqla qalib gəlmək olar. Ölkəmizdə həyata keçirilən uğurlu sosial-iqtisadi siyasətin nəticəsi olaraq reallaşdırılan bütün tədbirlər Azərbaycan Ordusunun şəxsi heyətində sarsılmaz mənəvi-psixoloji ruh yüksəkliyi yaradıb.
Hərbi məqsədlər üçün xərclərin artımı hərbçilərin sosial vəziyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdırıb. Azərbaycan Ordusuna ictimai nəzarət üçün yüksək səviyyədə şəraitin yaradılması isə ordu rəhbərliyinin ordu-cəmiyyət əlaqələrinə xüsusi diqqət yetirməsindən xəbər verir. Hərbi hissələrdə “Açıq qapı” günlərinin müntəzəm keçirilməsi bu baxımdan xüsusi əhəmiyyətə malikdir.
Azərbaycanın hərbi sənaye kompleksi də artıq yetərincə formalaşıb. Bu gün Azərbaycan Cənubi Qafqazda öz ordusunu daxili imkanları hesabına hərbi texnika və silah-sursatla təchiz etmək gücünə malik olan yeganə ölkədir. Bu baxımdan ölkəmizdə keçirilən “ADEX” Beynəlxalq müdafiə sərgisi də xüsusi əhəmiyyət daşıyır. Xüsusi qeyd etmək lazımdır ki, Müdafiə Nazirliyinin rəhbərliyi ordumuzun ölkəmizdə istehsal olunan silah-sursatla təchizatını daim diqqətdə saxlayır. Ölkə rəhbərliyi ordumuzun NATO ilə uğurlu əməkdaşlığına da xüsusi diqqət ayırır. Bu da Azərbaycan Ordusunun modernləşməsində və NATO standartlarına uyğunlaşdırılmasında əhəmiyyətli rol oynayır.
Prezident, Ali Baş Komandan İlham Əliyevin orduda islahatların davam etdirilməsini, ordu quruculuğunun daha müasir metodlarla həyata keçirilməsini, döyüş hazırlığının ən müasir tələblərə cavab verə biləcək səviyyəyə çatdırılmasını prioritet vəzifələr kimi müəyyənləşdirməsi hərbi qüdrətimizin əsasında dayanır. Bütün bunlar isə Ermənistanla aparılan danışıqların ölkəmiz üçün ədalətli şəkildə yekunlaşmayacağı təqdirdə, işğal altında olan ərazilərin azad edilməsi üçün Azərbaycanın üstünlüyünü təmin edir.
Bütün bunlar deməyə əsas verir ki, qüdrətli Azərbaycan Ordusu ən şərəfli missiyanın - torpaqlarımızın işğaldan azad edilməsi ilə bağlı müqəddəs vəzifənin öhdəsindən gəlməyə hər an hazırdır.
Vəli İlyasov, “İki sahil”