27 may 2019 11:43
3966

“Hədəfimiz Şuşadır, bizi gözləyin!”

Azərbaycan Ordusunun Ermənistanı silkələyən təlimləri: 
“Hədəfimiz Şuşadır, bizi gözləyin!”

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən, müdafiə naziri, general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə Milli Ordumuzun  müxtəlif qoşun növlərinin, qisim, birlik və birləşmələrin cəlb edilməsi ilə 20-24 may tarixlərində keçirilən genişmiqyaslı əməliyyat-taktiki təlimləri Ermənistanı əməlli-başlı silkələyib. İşğalçı ölkənin mediasında bir neçə gündür ki, genişmiqyaslı hərbi təlimlərlə bağlı dərin narahatlıq, hətta mümkün müharibəyə dair böyük qorxu ifadə edən informasiya və analitik yazılar dərc edilir.

Bu günlərdə erməni hərbi ekspertləri durmadan Azərbaycan Ordusunun hərbi təlimlərini şərh edir, ehtimal olunacaq müharibə şəraitində Ermənistanın çıxılmaz durumda qalacağını bəyan edirlər. Təcavüzkar ölkənin “lragir” internet portalında işıq üzü görən təşviş ruhlu analitik yazıda həm də dolayısı ilə Ermənistanın işğalçı olduğu etiraf edilib: “Azərbaycanın güclü ordusunun genişmiqyaslı hərbi təlimlərini izlədikcə bizdə belə təəssürat yaranır ki, onlar təkcə öz işğal edilmiş torpaqlarını azad etməklə kifayətlənməyəcəklər, yəqin ki, hücum zərbəsi də həyata keçirəcəklər. Azərbaycan Ordusu yalnız Şuşanı azad etməklə qalmayacaq, bəlkə də İrəvana qədər irəliləyəcək. İrəvanı öz tarixi ərazilərinin bir hissəsi adlandırmaqla Azərbaycan hökuməti  öz xalqına xitab edir, millətini  mənəvi- psixoloji hazırlayır ki, ehtimal edilən müharibə olarsa, onlar nəinki Qarabağı, İrəvanı da azad etsinlər”.

Yazıda qeyd olunub ki, son bir ay ərzində bu Azərbaycanda keçirilən sayca artıq 2-ci genişmiqyaslı təlimdir. Məqalənin müəllifi, həmçinin Azərbaycanın möhtəşəm ordusunun təlimləri fonunda Ermənistan ordusunun hazırda bərbad durumda olmasını da vurğulamağı unutmayıb.

Müəllif son günlərdə Paşinyanın növbəti sərsəm bəyanatını xatırladaraq hazırkı durumu çox təhlükəli hesab etdiyini təşvişlə bildirib: “ Bu cür addımlarla Ermənistanın bugünkü hakimiyyəti elə bir vəziyyət yaradacaq ki, həmin situasiyada  Azərbaycanın  xüsusi xidmət orqanları mənəvi vəziyyəti müəyyənləşdirərək, erməni hərbi qulluqçularının öz komandirlərinin əmrini icra etməyə hazır olmadığını dərk etdikdən sonra fürsətdən istifadə edəcək”.

Azərbaycan-Türkiyə strateji müttəfiqliyinə  diqqəti yönəldən analitik  təlaşla qeyd edib ki, Ermənistanın qarşısında  mübarizə üçün yalnız Azərbaycan deyil, eyni zamanda, Türkiyə də dayanıb: “Ermənistanı təcrid siyasətinə məruz qoyaraq regional layihələrdən kənarlaşdırılmasına nail olan yalnız Azərbaycan deyil. Bildiyimiz kimi, uzun müddətdir ki, Türkiyə də Ermənistana qarşı  təcrid siyasəti həyata keçirir. Bu da elə Türkiyənin Ermənistana müharibə elan etməsi kimi bir şeydir. Türkiyə NATO-ya üzv olan qüdrətli bir dövlətdir. NATO-nun da əsas dəstəkləyicisinin ABŞ olduğunu nəzərə alsaq, Azərbaycanın  Türkiyənin böyük dəstəyi ilə Ermənistana qarşı torpaqlarını işğaldan azadetmə əməliyyatları  ilk növbədə ABŞ və Aİ-nin icazəsi yolu ilə baş tutacaq”.

Görünən odur ki, erməni tərəfi Azərbaycan Ordusunun qüdrəti qarşısında növbəti sarsıntısını yaşayır, Silahlı Qüvvələrimizin hərbi təlimlər zamanı canlı qüvvə ilə verdiyi “Hədəfimiz Şuşadır, bizi gözləyin” mesajı işğalçı düşməni xeyli qorxuya salıb. Təcavüzkar rejim və Ermənistanın naşı və aqressiv baş naziri Nikol Paşinyan  Şuşanın işğalı günü orada meymun kimi atılıb-düşərkən buna layiqli cavab veriləcəyini düşünməliydi. İşğalçı Ermənistan yaxşı bilir ki,  Azərbaycanın sülhpərvər hakimiyyətinin öz ərazi bütövlüyünü bərpa etmək üçün hələ də  danışıqlar yolunu davam etdirməsi qan tökülməməsi üçün işğalçı dövlətə verdiyi böyük şansdır. Dövlətimiz son  genişmiqyaslı hərbi təlimlərlə işğalçılığı və terrorçuluğu dövlət siyasətinə çevirən Ermənistan hökumətinə bir daha mesaj verdi ki, bu tarixi şansı dəyərləndirə bilməyəcəyi təqdirdə qarşısında  möhtəşəm Azərbaycan Ordusunu görəcək. Görməyinə görəcək,  amma ondan sonra nələr olduğunu isə işğalçı Ermənistan ordusu böyük ehtimalla  görə bilməyəcək...

Sevinc Abdullayeva, “İki sahil”