Azərbaycan Respublikasının Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı sədrinin müavini, polkovnik Cəlil Xəlilov İkisahil.TV-yə müsahibəsində yaranmasının 101 ili tamam olan Azərbaycan Ordusunun dünəninə və bu gününə nəzər salaraq bildirdi ki, keçən il Azadlıq Meydanında keçirilən parad Silahlı Qüvvələrimizin güc və qüdrətinin nümayişinin əyani təzahürü olub: “Bu gün Azərbaycan əsgəri Vətəninin milli maraqlarını şərəflə qoruyur. Artıq beynəlxalq hesabatlarda Azərbaycan Silahlı Qüvvələri dünyanın güclü orduları sırasında yer alır”.
Cəlil Xəlilov qeyd etdi ki, Azərbaycanın yüksək döyüş qabiliyyətinə, nizam-intizama malik ordusu var: “Ölkəmizdə ordu quruculuğu prosesi uğurla gedir və bu, bizə imkan verir ki, hərbi gücümüzü artıraq. Ordu quruculuğu hər bir ölkə üçün çox önəmli məsələdir. Azərbaycan yenidən müstəqilliyə qovuşduqdan sonra 1991-ci il sentyabrın 5-də Müdafiə Nazirliyinin yaradılması barədə qərar və həmin il oktyabrın 9-da Azərbaycan Respublikasının Ali Soveti tərəfindən Silahlı Qüvvələrin yaradılması haqqında qanun qəbul edilməsinə baxmayaraq, respublikanın o vaxtkı rəhbərliyi bu qərarların həyata keçirilməsi üçün heç bir səy göstərmirdi. Torpaqların müdafiəsi yalnız pərakəndə fəaliyyət göstərən könüllü dəstələrin ümidinə qalmışdı. Həmçinin şəxsi mənafelərə qulluq edən ayrı-ayrı başıpozuq silahlı dəstələr vardı. Bütün bunlara yalnız ümummilli lider Heydər Əliyev 1993-cü ildə yenidən hakimiyyətə qayıtdıqdan sonra son qoyuldu. Heydər Əliyev Silahlı Qüvvələrin Ali Baş Komandanı kimi hərbi sahədə də dirçəlişə nail ola bildi. O, yerli özünümüdafiə və könüllü batalyonlar adı altında fəaliyyət göstərən silahlı birləşmələri ləğv edərək, vahid komandanlıq sistemində təşkil olunan nizami ordu yaratdı. Ali Baş Komandanın ön xəttə səfər edərək döyüşçülərimizlə səngərdə görüşməsi və onları döyüşə ruhlandırması öz real bəhrəsini verdi. Çox keçmədi ki, 1994-cü ilin əvvəllərində Füzuli rayonunun Horadiz qəsəbəsi istiqamətində düşmənə qarşı uğurlu hərbi əməliyyat həyata keçirildi. 1994-cü il mayın 12-də elan olunan atəşkəsdən sonra Azərbaycanda nizami, müasir səviyyəli ordunun qurulması prosesinə böyük inamla start verildi. Ölkədə nizami ordu quruculuğu formalaşdırılmağa başladı. 1994-cü ildən 2003-cü ilə kimi ordu quruculuğunda qazanılan uğurlar cənab İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra daha da genişləndi”.
Cəlil Xəlilov vurğuladı ki, ordu quruculuğunu prioritet elan edən ölkə Prezidentinin rəhbərliyi ilə son illərdə Silahlı Qüvvələrimizdə irimiqyaslı islahatlar aparılmağa başlandı: “Müxtəlif təyinatlı taktiki təlimlər ordunun döyüş qabiliyyətinin artırılmasını təmin etdi. İndi Azərbaycan Ordusu Cənubi Qafqazda ən güclü ordudur.
Ən müasir silahlarla, döyüş texnikaları ilə təmin edilən Silahlı Qüvvələrimizi peşəkar zabit kadrları ilə komplektləşdirən Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində, Cəmşid Naxçıvanski və Heydər Əliyev adına Hərbi liseylərdə tədris proqramları yenilənib, zənginləşib ki, bu da zabit kadrları hazırlığının NATO standartlarına uyğunluğunu təmin edir. Silahlı Qüvvələrin Hərbi Akademiyasında fəaliyyətə başlayan adyunktura ordu quruculuğunun elmi əsaslarla davam etdirildiyinə inandırıcı zəmanətdir”.
C.Xəlilov diqqətə çatdırdı ki, son illər ölkəmizin iqtisadi qüdrətinin artması sosial məsələlərin həllinə və milli ordumuzun möhkəmlənməsinə geniş imkan yaradıb: “Dövlət büdcəsindən hərbi sahəyə ayrılan xərclərin dəfələrlə artırılması ordumuzun bütün istiqamətlər üzrə potensialının yüksək səviyyəyə çatdırılmasına yol açıb. Azərbaycan Silahlı Qüvvələrini təşkil edən Müdafiə Nazirliyinin, Dövlət Xüsusi Mühafizə Xidmətinin, DİN-in Daxili Qoşunlarının, Dövlət Sərhəd Xidmətinin, Milli Təhlükəsizlik Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin hərbi hissələri hazırda dövlət rəhbərliyinin böyük qayğısı sayəsində özünün yüksək inkişaf mərhələsini yaşayır. Müasir dövrdə ölkəmizdə çox mühüm sahələr olan hərbi təhsil və hərbi səhiyyə də davamlı şəkildə inkişaf etməkdədir. Ordunun döyüş qabiliyyətinin artırılmasında taktiki təlimlərin olduqca böyük əhəmiyyəti var. Ali Baş Komandanın tapşırığına əsasən keçirilən irimiqyaslı təlimlər təsdiqlədi ki, ordumuz güclüdür, Ali Baş Komandanın hər bir əmrini yerinə yetirməyə qadirdir. Heç kimə sirr deyil ki, hərbi zavodlarımızda mindən artıq çeşiddə müdafiə təyinatlı məhsullar istehsal edilir. Eyni zamanda, Azərbaycanın hərbi sənayesinin istehsal etdiklərindən əlavə, müxtəlif ölkələrdə istehsal olunan yeni, müasir və keyfiyyətli döyüş texnikaları, digər hərbi təyinatlı məhsullar ordunun silahlanmasına daxil edilir”.
Şəmsiyyə Əliqızı, “İki sahil”