29 iyul 2019 20:28
1481

Oğulların yolu ataların yoludur

Səngərlərin istisindən-bürküsündən, soyuğundan-sazağından keçib döyüşlərdə iştirak edən, yaddaşı tarixlərin yaddaşına dönən, bir ömürdə neçə-neçə şəhid əsgərin də ömrünü yaşadan  ataların döyüş yolunu oğullar həmişə sevgiylə, sədaqətlə davam etdirib indi də davam etdirir.

O oğulların yolunu oğulları - qazilərin nəvələri davam etdirir. Yola ömür  də deyirlər. Yol kəlməsinin yozumlarını nəzərə alanda Vətənlə, dövlətlə bağlı olanlardan birinə daha həsas münasibət yaranır və bu səbəbdən də yolun davamına tərəddüt etmədən ömrün davamı deyə bilərik...

Oğulların dünyagörüşü həm də ata (bala) söhbətləriylə, ata (baba) xatirələriylə daha da genişlənir kitablardan, qəzetlərdən oxunanlar, yaşa, hafizəyə müvafiq dərk edilənlər ata (baba) kəlamlarıyla tamamlanır. Oğullar hərbi xidmətə həm də bu kəlamların aşıladığı mənəvi dəyərlərin zəmanətiylə başlayır. Hərbi xidmət onun düşüncələrini zənginləşdirir...

Hər şeirini həyat fəlsəfəsi bildiyimiz xalq şairi Məhəmməd Araz İnfil kişinin kəlmələrinin cəminə “Atamın kitabı” demişdi. Müharibə görmüş , döyüşmüş ataların, babaların döyüş xatirələri oğulların (nəvələrin) dəyərli vətənpərvərlik kitabıdır.

Zamanında atalar hərbi xidmətdə olub; hərbi xidmətin bəlkə də hər günü yaddaşlarındadı. Ataların yaddaşlarından süzülüb kəlmələşən məsləhətlər, mətləbli xatirələr oğulların yüksək məsuliyyətli, incə hissiyatlı vətəndaş kimi formalaşmasında əhəmiyyətlidir, müəyyən mənada, pedaqoji xarakterlidir. Atanın (babanın) dediklərini, hərbi xidmətlə bağlı xatirələrini - söhbətlərini çağırışçı oğullar (nəvələr) maraqla dinləyir, dinləyə - dinləyə düşüncələrinə hopurur. Bu, Vətənin müqəddəslik mərtəbəsində dərkinə (və yaşadılacağına!) zəmin deməkdir. Zamanında hərbi xidmətdə olmuş ataların (babaların) belə söhbətlərinin mahiyyəti illərdən sonra da Vətənə xidmət deməkdir.

Müdafiə nazirinin təsdiq etdiyi plana uyğun olaraq keçirilən “Açıq qapı” günündə diqqətimi hərbi hissənin qarşısında narahatlıqla gəzişən, baxışları Nəzarət Buraxılış Məntəqəsinin giriş qapısından üzülməyən 10-12 yaşlı uşaq çəkmişdi. Ünsiyyət yaratmaq, söhbətləşmək istəmişdim. Tərəddüd etmədən yaxınlaşmışdım. Əlim aramla iki üç dəqiqədən sonra tanıyacağım uşağın saçlarına enmişdi. Nəsə soruşmaq istəmişdim. Nə soruşacağımı, necə soruşacağımı qətiləşdirənə kimi Rəvan həvəslə demişdi:

Hamının atası kimi mənim də atam əsgər olub, Murovdağda xidmət edib. Atamın söhbətlərini həmişə maraqla dinləmişəm. Atam deyir ki, əsgərlik borcdu, hər oğlan bu borcu yerinə yetirməlidi. Böyük qardaşım Kənan əsgərdi, bu gün onun yanına gəlmişik. Böyüyəndə mən də əsgər olacam.

Mənə elə gəlmişdi ki, Rəvanı hərbi hissəyə təkcə əsgər qardaşıyla görüşmək istəyi deyil, həm də atasının hərbi xidmət xatirələrindən boy göstərən maraq gətirmişdi. Kim bilir, bəlkə də bu maraq gələcəkdə arzuya, niyyətə çevriləcək, bu arzunun, niyyətin işığı onun hərbi məktəbə aparacaq yolunu nurlandıracaq; ata söhbətləri oğulların peşə seçimində də əhəmiyyətli təsirə malik olur...

Oğulların atalarıyla, ataların oğullaryla qürurlanması Azərbaycanda həyat, yaşam fəlsəfəsinin tərkib hissələrindəndir və bu yaşarı fəlsəfəni atalar da böyük sədaqətlə yaşadır, oğullar da... Yadımdadır, “Açıq qapı” günündə əsgər atası Amil İsgəndərov demişdi:

Əsgər olanda çox qürurlanırdım. Elə bilirdim ki, alçaq dağları mən yaratmışam. İllər keçdi, əsgər atası oldum. Məni bu adla tanıtdığına, bu adla qürurlandırdığına görə oğlum Emilə minnətdaram. Sən demə, əsgər atası olmaq adama əsgər olmaqdan daha böyük qürur yaşadırmış...

Amil İsgəndərovun səmimi kəlmələrindən sonra qət etdim ki, əsgər atası adıyla qürurlanmaq mənəvi kamillikdir və milli mentaritet səviyyəsində yaşadılır. Bu, mahiyyəti baxımından azərbaycançılıqdır. Daha böyük məsuliyyətlə, daha əhatəli duyğusallıqla, daha böyük məsuliyyətlə yaşadılan mənəvi kamillik ifadəsini azərbaycanşılıq ifadəsinə müvafiq bilirəm.

Ata yolu ifadəsi ixtisasla, peşəylə bağlı deyil; hərbçi atanın oğlu həbçi olmadan da ata yolunun davamçısı olur. - Vətən sevgisiylə, Vətənə sevgisiylə, yüksək vətəndaşlıqla, atanın milli-mənəvi dəyərlərə sədaqətini yaşatmaqla, ... “Ataların yolu, oğulların yoludur” - deyənlərə bir həqiqəti xatırladıram: bu yol Vətən üçündürsə, bu yol dövlət, dövlətçilik üçündürsə, bu yol tariximizə sədaqət yoludursa, ... , bəli, oğulların yolu ataların yoludur, ataların yolu oğulların yol göstərənidir...

1994-cü ilin dekabr ayının son günləriydi. Murovdağda ezamiyyətdəydim. Şaxtaydı. Sazağıydı. Niyə burda olduğunu dərk edənlərin əhatəsində hiss etmədiyimizə görə şaxtadan, sazaqdan gileyli deyildik. Əsgərlərə “Şaxtanı, sazağı şirin Vətən sevginiz, döyüş əzminiz, qələbə ruhunuz yumuşaldır”, - demişdim. Iki günün içində aramızda adilikdən yüksəkdə dayanan münasibət yaranmış əsgər Sabir Qurbanov gülümsünərək, “Atam əsgər oldu - beş il torpağı qorudu, mən də əsgər oldum - iki ildi torpağı qoruyuram, qismətimdə varsa oğlum da əsgər olacaq - torpağı qoruyacaq. Ömür Vətən üçün yaşanılmalıdı, qardaş...”, - demişdi...

İllər keçdi.

2018-ci ilin ilkin yazında Murovdağda ezamiyyətdəydim. Məni 24 ildən sonra həmin mövqedə dayanmaq, nələr haqdasa düşünmək duyğulandırmışdı. Komandirin təqdimatıyla əsgər Samir Qurbanovla söhbətləşirdik. Samir sözarası dedi ki, ömür Vətən üçün yaşanılmalıdı. Mənə doğma kəlmələr düşüncələrimi, illərin o üzündə qalmış anların xatirələrini titrətdi. Davamlı baxışlarım əsgərin gözlərinə dikildi...

Nələrisə dəqiqləşdirməyə xidmət edən suallara aldığım cavablardan bir ürək tutumunca kövrəlmişdim - əsgər Samir Qurbanov 1993-cü ilin dekabr ayının sonlarında həmin məkanda kəlmələşdiyim əsgər Sabir Qurbanovun oğluymuş! Oğulların yolunun ataların yolu olduğuna necə inanmaya bilərdim? Murovdan aşıb qələbə döyüşünə başlamaq niyyətli əsgərin oğlu həmin mövqedən döyüşə başlayacaqları günün intizarındadı...

1994-cü ilin dekabırını birlikdə xatırladıq. Samiri bağrıma basdım - nümunəvi əsgər olduğuna görə, igid bir əsgərin oğlu olduğuna görə, ata kəlamını yaşatdığına görə...

Əsgər Samir Qurbanovun hərbi xidmətini atası əsgər Sabir Qurbanovun hərbi xidmətinin davamı bilirəm. Bu inamla da deyirəm: Əlbəttə ki, oğulların yolu ataların yoludur...

Rəşid Faxralı