Müharibə başlayandan bəri torpaqlarımıza düşən səngərlərdə qışda soyuöu-sazağı, yayda istini-bürkünü mən də hiss etməmişəm. Bu, səngərlərin yerinə yetirdiyi dövlətçilik vəzifəsinin, səngərdəki əsgərlərin hərbi anda sədaqətinin, hərbi andın da rişələndiyi məfkurənin qüdrətidi. Bu qüdrətə görə Vətən səngərdən sərhəd bütövlüyüylə görünür.
Dan yerinin sökülməsi aydınlıqların başlanğıcıdı. Müharibə başlayalı açılan səhəri bir niyyətlə, bir arzuyla, bir muradla bu başlanğıcdan salamlayırıq. Həmişə kirpiklərimizə yük olan alatoranda bizə elə gəlib ki, zaman ləng ötüşür - gecənin köynəyi gec sökülür. İndi də elədi.Özümə də bəlli olmayan bir niyyətlə şər qarışandan bəri könlüm məni səngərlərə çəkməkdədi...
Çəkingənliklə əsən meh yay səhərini gücü çatdığı qədər sərinləşdirməkdədi.
Diqqətimi göy üzündə vurnuxan bulud topası çəkir; dağlara sarı meyillənən bulud topası ürəyimi də arxasıyca çəkib aparmaqdadı. Əzəmət, vüqar, qürur ifadələri dağ kəlməsiylə qoşa işlədiləndə düşüncələri coşdurur, duyğuları kükrədir. Dağ əzəmətli, dağ vüqarlı, dağ qürurlu söz birləşmələri kimə ünvanlanırsa, onu kamil vətəndaş bilirik. Bu yay səhəri dağ vüqarlıları, dağ qürurluları görməyə, onlarla səmimiliklə kəlmələşməyə tələsirəm. Bu gediş, bu görüş mənə könül xoşluğu yaşadacaq. Yaşayacağım könül xoşluğunun yozumu ürəyimi telləndirəcək, əsgərlərlə birlkdə “Böyük Qələbəyə az qalıb, Vətən!” - deyəcəyik...
Səngərdə, əsgərlərin əhatəsində bu ünsiyyət sədaqətə görədi, bu sədaqət məhəbbətə görədi, bu məhəbbət Vətənə görədi. Səngərdə Azərbaycan əsgərinin istəyini - hərbi xidmət amalının nə olduğunu yenə eşidirəm. Bu istəyi inam bilirəm. Əsgərlərə “Mənim inamımın əzəli istinadgahı sizin inamınızdı. Bu inam Lələtəpə, Bayraqtəpə, Günnüt inamdı. Bu inam Ali Baş Komandanın sizin döyüş və mənəvi-psixoloji hazırlığınıza inamından rişələnən inamdır”, - deyirəm.
“İstinin-bürkünün hiss edilməsi səngərin yerinə yetirdiyi amalın qüdrətidi. Müharibə səbəbindən torpağın səngərləşən hissəsi çox həssas olduğu üçün Vətən burdan sərhəd bütövlüyüylə görünür, Azərbaycan əsgəri. Siz Ali Baş Komandanın döyüş əmriylə yaxın vaxtlarda bu hissəni dövlət sərhəddinə köçürəcəksiniz”, - deyirəm, yəni ictimaiyyət sizə inanır, güvənir.
Əsgərlərin baxışlarında şükranlıq sezilir. Zabit Elçin Məmmədov 2016-cı ilin aprel döyüşlərini - Lələtəpə, Bayraqtəpə qələbələrini, 2018-ci ilin may döyüşlərini - Günnüt zəfərini xatırladaraq deyir ki, bu əsgərlər həmin zəfərləri qazananların davamçısı olacaqlar, ruhumuzun ayı adlandıracağımız ayda Böyük Qələbəylə bütün səngərlər birdəfəlik dövlət sərhədlərimizə köçürüləcək. Zabitin bu inamı bayaqkı inamın eynidi.
2016-cı ilin Aprel döyüşləri, qazanılan qələbə səngərlərdə də, səngərlərdən uzaqlarda da həmişə məhz bu inamın təntənəsi kimi, ruhumuzun qələbəsi kimi, Böyük Qələbənin baslanğıcı kimi xatırlanır. Səngərdə döyüşlər getdiyi vaxtlarda birinci Qarabağ müharibəsi iştirakçılarının, tələbələrin, məktəblilərin, ümumən ictimaiyyətin döyüşlərdə iştirak etmə istəyini də yada salırıq. Söz düşəndə ictimaiyyəti təmsil edənlərin Azərbaycan əsgərinə xitabını xatırlayıram: “Qələbəyə görə çox sağ olun!”, Azərbaycan əsgərinin ictimaiyyətə xitabən dediklərini eşidirəm: “Bu inama, etibara, ehtirama görə çox sağ olun!”...
Elçin Məmmədov zabit qüruruyla ötən ilin yayında Azadlıq meydanında Azərbaycan Ordusunun 100 illik yubileyinə həsr olunan paradı xatırladır, mən həmin paradda bir ağsaqqaldan eşitdiklərimi:
-Ermənilərə qarşı yerli müdafiə batalyonunun tərkibində mən də döyüşmüşəm. Ermənilər ilk vaxtlar çəkinə-çəkinə həmlə, hücum edirdi. Sonra bir az fəallaşsalar da biz onlara ciddi müqavimət göstərirdik. “Ya zəlzələdən, ya vəlvələdən” - torpaqlarımızı sonacan qoruya bilmədik. Bizdən sonra Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan da işğal olundu. Bu ağrı təkcə qaşqınların deyil, hamımızın ağrısıdı. Paradda göstərilən texnikaları, qurğuları dost da gördü, düşmən də. Gördülər, istər-istəməz inandılar ki, belə döyüş texnikaları, silahı olan ordu, əlbəttə ki, torpaqlarını işğaldan azad etməyə qadirdir. Tanrıdan yurduma dönənəcən ömür istəyirəm. Əlim evimin daşına-divarına dəysin, həmin an son nəfəsim olsa da bəsimdi..
Parad günü şuşalı ağsaqqaldan eşitdiklərim, “torpaqlarımızı sonacan qoruya bilmədik” - etirafı əsgərləri duyğulandırır. Hər birinin baxışlarında bayaq səngərlərə yaxınlaşanda göy üzündə vurnuxan bulud topasının eynini görürəm. Əsgərlərin yumruqları düyünlənib. Heç birindən heç nə soruşmuram. Gizir Maarif Məmmədov belə deyir:
-Bir əsgərimiz vardı. Şuşalıydı. Həmişə deyirdi ki, ata-anamın Şuşa həsrəti məndən 7 yaş böyükdü. Paradda sizin şuşalı ağsaqqaldan eşitdiklərinizi həmin əsgər atasından da, əmisindən də, dayısından da çox eşitmişdi. Onlar da yurd həsrəti çəkirmiş, onlar da deyirmiş ki, ordumuzun torpaqlarımızı işğaldan azad edəcəyinə inanırıq. Bu inam indi bizim döyüş əzmimizdi, qələbə ruhumuzdu: Biz qalib əsgər olacağıq!
Şuşalı olub Şuşanı görməyən əsgərin qəhərini təsəvvür edirəm. Bu qəhər təkcə həmin əsgərin atasının, əmisinin, dayısının illərlə yaşadığı ağrı-acılara, can üzən, ruh sarsıdan həsrətə görə deyil, bu qəhər azərbaycançılıq heysiyyətinin qəhəridi. Bu qəhər ürəyi yurduna sarı boylananların qəhəridi, müqəddəsliyin yaratdığı qəhərdi. Ata-anası Şuşalı olan əsgərin ürəyini üzən qəhəri bu əsgərlərin də hamısı öz qəhəri bilir - düşünürəm...
Bayaqdan bəri göy üzündə vurnuxan bulud topası seyrəlməkdədi. Bunu söhbətimizin mahiyyətinə, mahiyyətin sonluğuna rəmz bilirəm. Bu ovqatı, eynilə 2016-cı ilin martın sonlarında Cocuq Mərcanlıdan Lələtəpəyə aparan yolda da yaşamışdım. On gün sonra bu ovqatın davamının Lələtəpədə də boy göstərmişdi...
Zabit Elçin Məmmədov Malik Məmmədovun son kəlmələrinə söykək kimi deyir ki, məmləkətin əsgərlərə inamı yaxın vaxtlarda gerçəkləşəcək. Son illərdə həyata keçirilən iri miqyaslı islahatlar, geniş miqyaslı təlimlər, ordunun ən müasir hərbi texnikalarla, qurğularla təchizi şəxsi heyətin həm döyüş, həm də mənəvi-psixoloji hazırlığını yüksəldib. Ordumuz güclüdür, nəinki Cənubi Qafqazda, həm də dünyada ən güclü ordular sırasındadır.
Əsgər tərxis olunur. Yeniyetmələrə, yaxınlara hərbi xidmətdən, aylarla nəfəs-nəfəsə döyüş növbətçiliyi apardığı əsgər yoldaşlarından danışır, hər dəfə sonu Böyük Qələbəylə tamamlanan səngərli söhbətləri xatırlayır. Düşüncələri səngərdən, iraq düşməyənlər hər günün təəssüratlarını ömrünə hopdurduğu hərbi xidmətə qayıtmağa qərar verir.
Zamanında yaxşı əsgər olan Maarif Məmmədov gizirdi. Bir az əvvəl sözarası vaxtaşırı hal-əhval tutduğu əsgərlik dostlarından söz açmışdı, “Hərbi xidmət mənə Vətəni daha dərindən, daha dönməzlikə sevməyi öyrətdi, məsuliyyətlilik, dürüstlük aşıladı, bir də ömrümə yazılan dostlar verdi”, - demişdi. Bu kəlmələrin araçılığıyla söhbətimizi davam etdiririk.
-Şuşalı əsgərin dediklərini xatırlatdın, hamımız eşitdik, söhbət sənin özünü də duyğulandırdı.
-Xidmətdən sonraki söhbətlərin başlıca mövzusu döyüş əzmidi, qələbə ruhudu, Səngər söhbətləri torpaqların işğaldan azad edilməsiylə başlayır, qələbəyə inamla tamamlanır. Səmimiyyətimə inanın, məni yenidən hərbi xidmətə gətirən bu söhbətlər oldu, - Maarif qətiyyətlə belə deyir...
Bu yaxınlarda müxtəlif qoşun növlərinin, qisim, birlik və birləşmələrinin iştirakı ilə keçirilən genişmiqyaslı əməliyyat-taktiki təlimlərdə bölmələrin gecə şəraitində hücum əməliyyatının aparılması üzrə taktiki fəaliyyət nümayiş etidirildi. Təlim göstərdi ki, hazırda ordumuzda olan texnikalar, hava hücumu vasitələri, helikopterlər, təyyarələr gündüz olduğu kimi gecə də döyüş aparmaq qabiliyyətinə malikdir. Əsgərlərin əhatəsində belə bir qürur yaşamaq nə qədər xoşdur!
Silahlanmaya daxil edilən hər yeni texnika, qurğu, silah şəxsi heyətin hərbi bilikləri mükəmməl mənimsəməsini tələb edir. Son təlim təsdiqlədi ki, əsgərlər texnikaların, qurğuların istismarını lazımi səviyyədə mənimsəyib.
Zabit Seymur Abiyev deyir ki, müəyyən hərbi xidmət keçmiş zabit Silahlı Qüvvələrin Hərbi Akademiyasının dinləyicisi kimi təhsil alır. Öyrəndikləri hərbi hissədə digər zabitlər üçün, müəyyən mənada tədris materialı olur. Nəticə etibarilə bu biliklərin zəruri hisəssi əsgərlərə də çatdırılır.
Zabitin kifayət qədər yığcam şərh-izahını təxminlərimin təsdiqi bilirəm və 100 illiyin paradında nümayiş etdirilən ən müasir texnikaları, qurğuları xatırlayırıq. O texnikaların, qurğuların istismarını mükəmməl öyrənənlər Ali Baş Komandanın əmriylə başlayacaq döyüşdə həm yüksək döyüş, həm də mənəvi-psixoloji hazırlığa malik olan əsgərlərimiz gözlədiyimiz Böyük Qələbəni qazanacaqlar...
...Yayın qızmarında isti, bürkü hiss etmədik. Bu, təkcə Vətənlə, qələbəylə bağlı söhbətlərə görə deyildi, bu, səngərin yerinə yetirdiyi amalın qüdrətiydi. O qüdrət Vətəndən gəlir, hərbi anda sədaqətdən, hərbi andın rişələndiyi məfkurədən gəlir, Azərbaycan əsgərinin qüdrətindən gəlir!..
Rəşid Faxralı