27 avqust 2019 11:57
1064

Aprel şəhidlərinin övladlarının ekskursiyaları təşkil edilib

Azərbaycan Sərhəd Mühafizəsinin 100 illik yubileyi (1919-2019) münasibətilə keçirilən silsilə tədbirlər çərçivəsində gələcək nəslin Vətənə, onun sərhədlərinə hörmət ruhunda tərbiyə edilməsi, onlarda hərbi-vətənpərvərlik ruhunun yüksəldilməsi, sərhədçi peşəsinə marağın artırılması məqsədilə Aprel döyüşləri şəhidlərinin 15-19 yaşlarındakı övladlarının Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının Xudat şəhərindəki hərbi hissəsinə və Xaçmaz rayonunun Xanoba kəndi ərazisində yerləşən sərhəd zastavasına ekskursiyaları təşkil edilib.

DSX-nin mətbuat mərkəzinin yaydığı məlumata görə, ekskursiya müddətində iştirakçılar hərbi hissənin Heydər Əliyev İdeoloji Mərkəzini ziyarət edib, yaradılan şəraitlə tanış olublar. Onlara Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin yürütdüyü uğurlu daxili və xarici siyasət, Dövlət Sərhəd Xidmətinə göstərilən yüksək diqqət və qayğı barədə ətraflı məlumat verilib. Azərbaycan Sərhəd Mühafizəsinin 100 illik yubileyinə həsr olunmuş sənədli filmin nümayişindən sonra özfəaliyyət kollektivinin və Xaçmaz rayon Mədəniyyət Evinin incəsənət xadimlərinin konsert proqramı ilə çıxışları təşkil edilib.