22 oktyabr 2019 20:17
1321

Qələbə ruhu Böyük qələbəyə zəmanətdir

Ön xətdə, səngərdə əsgərlərin əhatəsində soruşmuşdum - cavab almışdım, soruşmuşdular - cavab almışdılar. Səmimi cavablar onlara  da, mənə də könül xoşluğu vermişdi.

Söz sözü çəkir, söz sözə söykək olur, bir söz digərinin davamı kimi dinlənilir. Söhbətimizi mahiyyəti  vətənpərvərlik olan bir mövzuda davam etdiririk; döyüş növbətçiliyi haqqında bildiklərimi də, bilmədiklərimi də böyük maraqla dinləyirəm. Bu söhbəti bildiklərimi təkmilləşdirən, genişləndirən, bilmədiklərimi öyrədən dərs bilirəm. Öyrənmə həvəsimi əsgərlər də duyğusallıqla hiss edirlər.

-Müharibə şəraitində Vətən, torpaq kəlmələrinin mahiyyəti ön xətdə, səngərlərdə döyüş növbətçiliyiylə bağlıdı. Döyüş növbətçiliyi qətiyyətdi, Hərbi anda,  dövlətə, dövlətçiliyə sədaqətdi”, - deyirəm. Zabit səmimiyyətlə razılaşır və zəruri əlavələr də deyir:

-Məhz buna görə də ön xətdə xidmət daha məsuliyyətlidir. Ön xətt, müəyyən mənada, səngər deməkdir. Düşmən həmişə niyyətini gizlətməyə çalışır. Gizliliyi nə qədər qorumaq istəsə də Azərbaycan əsgərinin döyüş və psixoloji hazırlığı buna imkan vermir. Atəşkəsi pozmaq, təxribatlar törətmək istəyən  düşmənin bütün hərəkətləri döyüş növbətçiliyiylə izlənilir.

Əsgərlərlə baxıram, yəni siz nə deyirsiniz. Əsgərlərin diqqəti qarşı tərəfdədi. Bu  baxışların döyüş əzmindən, qələbə ruhundan rişələndiyini sezmək çətin deyil. “Onların eynini ön xətdə bütün səngərlərdə görürük” kəlmələrini  tamamlamağa macal tapmamış əsgərlərdən biri deyir ki, döyüş növbətçiliyini əsgər aparmır, əsgərin timsalında Vətən Vətən sevgisi aparır.

Bu fikirə görə, belə gərəkli düşüncəyə görə əsgəri bağrıma basmazdımmı? Onu qoşa qollarım arasına almazdımmı, abyraq əvəzi başım üstünə dikəltməzdimmi? Ululuğun belə dərki, ona verilən belə möhtəşəm dəyər hamımızın ürəyini dağa döndərir. Zabitin baxışlarında qədərsiz ehtiram, qürur görünür. Bu ehtiramı əsgərlər, mən də ruhun yaşarlığının təntənəsi bilirik...

Ön xətdə  əsgərlərin düşüncələrini, dövlətlə, dövlətçiliklə bağlı olan bu və ya digər fakta, hadisəyə münasibətini həmişə qədərsiz maraqla, maraq formatında istəklə dinləmişəm. Dinləyə-dinləyə qürurlanmışam, qürurlana-qürurlana  dinləmişəm. Dönməz qətiyyətlə bir daha inanmışam ki, “Azərbaycan əsgəri” və “Vətən sevgisi” söz birləşmələri arasında fərq yoxdu.

Hamımız 2016-cı ilin yaz ovqatının təşnəsiyk. Bu ovqatı yaşadanların əhatəsində olanda bütün varlığınla hiss edirsən ki, qələbə ərəfəsindəyik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dediyi “Azərbaycan xalqı və dövləti heç zaman  imkan verməz ki, Azərbaycanda ikinci erməni dövləti yardılsın” kəlamının qürurunu bir daha yaşayırsan. Ovqatınızın qüruru bir boy da dikəlir, aprel döyüşlərinin xatırlamaları yenə düşüncələrinizə sığal çəkir. Bu gün döyüş növbətçiliyi aparan əsgərlər o döyüşlərdə tarix yazanların davamçıları kimi nə deyirlər?

-Ali Baş Komandanın döyüş əmrini qələbəylə tamamlayacağıq (əsgər Aslan Bəkirov);

-Torpaqlarımızın işğaldan azad edilməsi üçün şəhidlərimizin ruhunun arzuladığı kimi döyüşəcəyik (əsgər Vahid Səlimov).

Əsgərlərin Vətən sevgisini dövlətə, dövlətçiliyə sədaqət bilirəm.

Zabit gümanımı təsdiqləyir:

-Bu əsgərlərin, onların timsalında ordumuzun bütün əsgərlərinin qətiyyəti, inamı, dövlətə sədaqəti ordunun gücü deməkdir. Əsgərlərimizin qətiyyəti təkcə bizim bölüyün əsgərlərinin deyil, ümumən bütün əsgərlərin qətiyyətidir. Bu qətiyyət mənəvi-psixoloji hazırlığın səviyyəsinin göstəricisidir.

Söz sözü çəkir, söz sözə söykək olur. Heç zaman unudulmayacaq aprel döyüslərini xatırlayırıq. Mənə elə gəlir ki, söhbəti dinləsələr də baxışları qarşı tərəfdən üzülməyən əsgərlərin hər biri ruhən döyüş növbətçiliyi aparan əsgərlərin yanındadı.

İctimaiyyətin inamı, güvənci Azərbaycan əsgərinin döyüş əzmini, qələbə ruhunu daha da artırır, müəyyən mənada, onun tərkib hissəsi olur.

Müqəddəslik, müqəddəsliyin işığı haqqında səsləndirən bütün fikirlər bir mətləb üçündü: Ali Baş Komandanın döyüş əmriylə torpaqlarımızın işğaldan azad edilməsi.

Əsgərlər biri digərini tamamlayan fikirlər deyir. Deyilənlər Vətənə sevgi kimi dinlənilir. Əsgərlərdən soruşuram ki, Vətənin əsgəri olmaq  xarakterinizdə dəyişiklik yaradıbmı? Sual kimi səslənən bu fikirlərə görə əsgərlərin qaşları bir anlığa çatılır. Sorğu əsgərlərin ürəyini bir qədər duyğusallıqla, bir qədər çılğınlıqla silələyir. Əsgərlər belə anları da hərbi xidmətin tərkib hissəsi bilir, o anların mahiyyətini yaşantılarına köçürürlər.

Hərbi xidmətdən, onun ifadə etdiyi məzmundan qürurla söz açılır.

Əsgərlər adından İbrahim Qurbanov deyir ki, Vətənin nə olduğunu uşaqlığımızdan eşidirik. Ata-ana deyir, əmi-dayı deyir. Sonra məktəbdə müəllimlər deyir. Vətən haqqında bildiklərimizi az sonra hərbi xidmət haqqında fikirlər tamamlayır. Onu da bilirik ki, Vətən kəlməsi həmişə ana kəlməsiylə yanaşı işlədilir. Hamı Vətənə ana deyir, hamı kimi biz də Ana Vətən deyirik, Vətəni ana bilirik.

-Hərbi xidmətdə əsgərlərin torpaq, Vətən haqqında düşüncələri dərinləşən, bu dərklə xidmət edən, xalqın güvənci, inamı olan əsgərlərlə bir sırada xidmət etməkdən qürur duyuruq, - əsgərlər belə deyir.

Qəhrəmanların döyüş yolunun davamçısı olmaq istəyiylə xidmət edən əsgərlərin amalı ictimaiyyəti, şəhidlərin ruhunu qələbəylə sevindirməkdir. “Döyüş növbətçiliyində bunun  mahiyyətini daha həssaslıqla, daha dərindən dərk edirik”, - kəlmələrini də eşidirəm.

Son illərdə ordumuzda həyata keçirilən iri miqyaslı islahlatların, geniş miqyaslı təlimlərin hər biri istər ayrılıqda, istərsə də vəhdətdə ordunun güc amili deməkdir. Əsgərlərə “Siz o gücün əsgərisiniz”, - deyirəm. “Hərbi anda, Torpağa, Vətənə sədaqətlə xidmət edən Azərbaycan əsgəri Ali Baş Komandanın döyüş əmrini qələbəylə tamamlayacaq” kəlmələri bayaqdan bəri ürəyimizi silələyən inamın haləsinə dönür...

Əsgər Vahid Səlimovun bayaq dediklərini xatırladıram və şəhidlərimizin ruhunun arzuladığı kimi döyüşməyin nə olduğunu soruşuram. Əsgərlər deyirlər ki, şəhidlərin ruhu qətiyyətlə döyüşməyi, ölümün gözünə dik baxmağı, ölümü güllələyib qələbə yoluna çıxmağı, qələbə qazanmağı arzulayır. Belə əsgərlərdən olacağıq.

Bu inamı arxamızca atılan aydınlıq suyu bilirəm...

Xalq bu inamı, bu inamı yaradan döyüş əzmini, qələbə ruhunu Böyük Qələbəyə zəmanət biləcək, bilir...

Rəşid Faxralı