Kəlamlar sədaqətlə yaşadılır...
Böyük tarixi şəxsiyyət Heydər Əliyev qürurla deyirdi: “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!”. Bu kəlamla qürurlananların, bu kəlamı yaşadanların hamısı Ümummilli Liderimzin ideoloji əsgəri olub. İndi də belədi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müasir Azərbaycanımızın dövlətçilik memarının azərbaycançılıq ideologiyasını da uğurla davam etdirir; azərbaycançılıq ideologiyası cəmiyyətin bütün sahələrini, eləcə də ordu quruculuğunu əhatələyir.
Müstəqil Azərbaycanın dövlətçiliyinin təməllərindən biri də azərbaycançılıq məfkurəsidir. Bu bəşəri məfkurə Azərbaycan dilini, mədəniyyətini, ədəbiyyatını, milli-mənəvi dəyərləri, adət-ənənələri yaşatmaqdadır; Azərbaycançılıq müstəqil Azərbaycanın milli ideologiyası olub, həmişə də belə olacaq. Böyük tarixi şəxsiyyət Heydər Əliyev azərbaycançılığı Azərbaycan dövlətçiliyini möhkəmləndirmək vasitəsi kimi dəyərləndirərək deyirdi: “Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı - Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini yaşatmalıyıq”.
Azərbaycançılıq ordu quruculuğunda da uğurla davam etdirilməkdədir.
Milli-mənəvi dəyərləri yaşatmaq vətəndaşlıqdır. Hərbi xidmət mükəlləfiyyətdir, vətəndaşlıq borcudur. Bu borc yerinə yetirilir. Təkcə vətəndaşlıq borcu kimi deyil, həm də mənəvi borc kimi, azərbaycançılığa xidmət kimi yerinə yetirilir. Buna ön xətdə, səngərlərdə daha etibarlı səviyyədə əmin olursan. Ezamiyyətlərdə olanda ön xətdə, səngərlərdə döyüş növbətçiliyi aparan əsgərlərlə söhbətlərimizin mahiyyəti həm də azərbaycançılığa söykənir; azərbaycançılıq ordu quruculuğunu da tam əhatə edir, bu baxımdan mahiyyəti Vətəni, dövləti, dövlətçiliyi qorumaq olan hərbi xidmət də azərbaycançılığın tərkib hissəsidir. Bu qənaəti səngərdə əsgərlərə də demişdim. Əsgərlərdən birinin dedikləri məndə də, zabitdə də, əsgər yoldaşlarında da xoş ovqat yaratmışdı.
1988-1991-ci illlərdə müstəqillik mübarizlərinin sırasında atam da olub. Onların mübarizəsinin nəticəsi dövlət müstəqilliyimizdir. Mübarizə aparıb dövlət müstəqilliyimizin bərpasına nail olanların əqidəsini biz yaşadırıq. O əqidə azərbaycançılıqdı, yəni Azərbaycan dövlətçiliyidi, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasıdı - torpaqlarımızın işğaldan azad edilməsidir. Hərbi xidmətimiz məhz bunun üçündür. Biz dövləti, dövlətçiliyi qoruyuruq, deməli, azərbaycançılığın əsgəriyik, Hərbi andda deyildiyi kimi, bunun üçün şəhidliyə də hazırıq.
Ulu öndərimiz Heydər Əliyev deyirdi ki, azərbaycançılıq Azərbaycanı qoruyub saxlamaq, dövlətçiliyi möhkəmlətmək vasitəsidir, - zabit əsgərin fikrini belə tamamlayır.
Son illərdə ordu quruculuğunda həyata keçirilən iri miqyaslı islahatlar da bu ideologiyanın yaşarı olduğunun təsdiqidir. Orduda şəxsi heyətin döyüş hazırlığıyla bir sırada mənəvi-psixoloji hazırlığı da uğurla aparılır. Müdafiə nazirinin təsdiq etdiyi plana əsasən hərbi birlik və birləsmələrdə, hərbi hissələrdə keçirilən kütləvi vətənpərvərlik tədbirləri istər mahiyyətinə, məzmununa, istərsə də hazırlanma metodologiyasına, gedişinə görə bilavasitə azərbaycançılığı ifadə edir. Belə tədbirlərin ssenarisi (müəllifi Əməkdar İncəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani) Azərbaycan dilinin zənginliklərindən bəhrənilməyə hazırlanır. Ssenarilərdə bu və ya digər fikrin poetik ülgüdə təqdimi də azərbaycançılığın təzahürüdür.
Belə tədbirlər şəxsi heyətin də, ictimaiyyətin də vətənpərvərliyini azərbaycançılıq məfkurəsinə sədaqətlə yüksəldir.
Şəxsi heyətlə aparılan ictimai-siyasi dərslərin mövzularının aktuallığı, bəzən tarixiliyi, mövzusunun məzmun baxımından dolğun işlənilməsi, fakt və hadisələrin mahiyyətinin mövzuyla uzlasdırılması ordu quruculuğunda azərbaycançılığa verilən dəyərdir, şübhəsiz.
Kütləvi vətənpərvərlik tədbirlərinin bəziləri teatrlaşdırılmış formatda keçirilir ki, bu da ideyanın daha məzmunlu açılmasında gərəkli vasitə olur. Beyləqanda keçirilən kütləvi vətənpərvərlik tədbirində ssenariyə əsasən beyləqanlı şəhidlərin bir neçəsinin ruh qiyafəsində gəlişi, əsgərlərə (orduya) iştirakçılara (ictimaiyyətə) müraciətləri duyğusallıqla dinlənildi və şəhid atası oğlunun obrazını yaradan əsgəri bağrına basdı: “Özün də, sözün də mənə dərdimi unutdurdu, ay oğul. Bu gündən oğlum bilirəm səni...”, - dedi. Bu tədbir də, tədbirdə belə bir görüntü də azərbaycançılığın qüdrətiydi. Azərbaycançılıq isə özlüyündə ordu quruculuğunun mənəvi dayaqlarındandır...
Əsas ideyası azərbaycançılıq olan müstəqil Azərbaycan dövlətində azərbaycançılıq vətəndaşlığı şərtləndirən amillərdən biridir. Azərbaycançılıq ideologiyası əsasında aparılan ordu quruculuğunda uğurlar bu səviyyədədir və davamlı olacaq; azərbaycançılıq ordu quruculuğunun tərkib hissəsidir. Həm də bunun nəticəsidir ki, şəxsi heyətin döyüş əzmi, qələbə ruhu bu səviyyədədir...
Rəşid Faxralı