Sərin-sərin əsən meh ağacların xırda budaqlarını, yarpaqlarını aramla titrətməkdədi. Yolların insan yükü artıb elə bil, hamı döyüş bölgəsində bu ətrafda eyni ünvana tələsir. Bu ünvan “N” hərbi hissəsidir. Hərbi hissəyə əsgər oğlunu görməyə gələn anaların, ataların baxışlarında şükranlıq var - oğlum əsgərdi, sevinc var - əsgər oğlumla görüşürəm, fərəh var - bu görüş digər ataların, anaların əsgər oğulu ilə görüşünün əhatəsindədi; bütün əsgər ataları, əsgər anaları belə düşünür...
“Açıq qapı günü” ordu ilə ictimaiyyət arasında münasibətlərin inancı, güvənci üçündü; “Açıq qapı günü” əsgər ata-anasının, əsgər ata-anasının timsalında ictimaiyyətin Böyük Qələbəyə inamı əminlik həddində artır. Bu gün də həmin ovqat yaşanılır.
Hərbi hissənin qarşısında qələbəlikdi. Tədbir bir azdan başlayacaq. Hansı duyğunun təsiriyləsə iki atanın söhbətinə qoşuluram:
Sevincinizin işığı çəkdi məni, - deyirəm. Gülümsünürlər. Şəki rayonundan gəlmiş Oqtay Əbdürrəhmanov deyir ki, bu sevinc təkcə mənim, yəni biz əsgər atalarının deyil, oğlu hərbi xidmətdən tərxis olunanların da, çağırış yaşlı oğulların atasının da sevincidi, yəni bu sevinci ictimaiyyət yaşayır.
Hacıqabul rayonundan gəlmiş Arif Abbasov həmsöhbətinin sözünə qüvvət olaraq deyir ki, oğlumuz əsgər adıyla qürurlandığı kimi, biz də əsgər atası adıyla qürurlanırıq. Bu adı yaşamaq nə qədər fərəhlidirsə, o qədər də məsuliyyətlidir. İnanırıq ki, bu fərəh əsgər oğlumuzun nümunəvi xidmətiylə daha da artacaq, bu məsuliyyət inamla, sevinclə tamamlanacaq...
Oqtay Əbdürrəhmnovla və Arif Abbasovla söhbətləşdiyimiz məqamda bizdən üç-dörd addım aralıda kəlmələşənlərin söhbətini də eşidə bilirəm. Yaşlı bir kişi deyir ki, mən də, oğlum da Sovet ordusunda xidmət etmişik. Nəvəm öz ordumuzda xidmət edir. Zahir hərbi xidmətə gələnəcən bunlar haqqında söhbətimiz çox olmuşdu. O da hərbi xidmətə yüksək vətənpərvərlik duyğularıyla gəlib. Hərbi andiçmə mərasimində gördüyüm təntənənin ovqatı mənə bir inamı yenidən yaşatdı: Ali Baş Komandanın döyüş əmriylə torpaqlarımız işğaldan azad ediləcək. Bu inamı bu gün daha gözəl yaşayıram. Yəqin ki, bu gözəl inamı siz də mənim kimi yaşayırsınız...
O söhbət də, bu söhbət də ürəyimi dağa döndərir:
Əsgər ataları, əsgər atalarınının timsalında ictimaiyyət orduya güvənir, 2016-cı ilin aprel döyüşlərində qazanılan qələbələr, Azərbaycan Ordusunun yaranmasının və Bakının işğaldan azad edilməsinin 100 illiyinə həsr olunmuş möhtəşəm paradlar bir daha təsdiqlədi.
Tədbir başlayır...
Tədbiri giriş sözü ilə general-mayor Xaqani Cəbrayılov açaraq “Açıq qapı günü”nün mahiyyətindən söz açır, ordu quruculuğundan danışır.
Hamımız qürurlanırıq ki, son illərdə ordu quruculuğunda həyata keçirilən irimiqyaslı islahatlar da ölkə başçısının orduya diqqət və qayğısının nəticəsidir. Bunlar ordumuzu daha da qüdrətləndirdi. İndi ordumuz dünyada ən güclü ordular sırasındadır. Atalar, analar çağırışçı oğluna bu haqda da danışır. Hərbi xidmətə bu öyüd-nəsihətlə başlayan əsgər zabitlərin, rəislərin məsləhətlərinə, hərbi nizamnamələrin tələblərinə tam məsuliyyəti ilə əməl edirlər. Belə əsgərlər böyütdüyünüzə görə sizə hərbi hissənin komandirliyi adından təşəkkürümü bildirirəm.
Əsgər ataları adından Arif Abbasov danışır:
Yeni yaranan və formalaşan vaxtlarda Azərbaycan Ordusunda mən də xidmət etmişəm. O illərlə bu günü, o vaxtkı şəraitlə bugünkü şəraiti müqayisə etmək mümkün deyil. Son illərdə yeni inşa edilən, əsaslı təmir olunan, bütün infrastrukturlarla təchiz edilən hərbi hissələrdə, olduqca yüksək məişət şəraitində xidmət edən əsgər balalarım. Siz hərbi nizamnamələrin tələblərinə, komandirlərinizin əmrlərinə ciddi əməl etməklə Vətənə sədaqətinizi təsdiqləyirsiniz, həm ata-ananızın, həm də komandirlərinizin etimadını doğruldursunuz. İndi əsgər ata-analarının əhatəsində sizə daha məsuliyyətli xidmət arzulayıram. Onu da arzulayıram ki, Ali Baş Komandanın döyüş əmrini qələbəylə tamamlayacaq əsgərlər sırasında siz də olasınız.
... “Açıq qapı günü”ndə tədbir iştirakçıları hərbi hissədə şəraitlə tanış olmuşdular. Bir əsgər anası fərəhlə deyirdi:
_ Oğlumun hərbi andiçmə mərasiminə gələ bilməmişdim, atası gəlmişdi. Qayıdandan sonra burdakı şərait haqqında ağızdolusu danışırdı. Eşitdiklərimi gördüm, könlüm açıldı, sevincim aşıb-daşdı. Mən xoşbəxt anayam, mən əsgər anasıyam!..
Tədbir böyük könül xoşluğuyla davam edir. Qoşa qolları əsgər oğlunun kürəyində çarpazlaşan analar Böyük Qələbə günündə bütün əsgərləri öz oğlu kimi bağrına basacaqlar. Həmin günün ərəfəsindəyik...
Rəşid Faxralı