KÖŞƏ

Vəli İlyasov

Feminizm hara, Azərbaycan hara?!

13 mart 2020 20:57
4356

Aysel bu hoqqabazlığın ilk qurbanına çevrildi

Bir dəstə qadının paytaxtın küçələrində qeyri-adi və əxlaq normalarımıza zidd “tamaşa” göstərməsi cəmiyyətimizdə ajiotaj yaradıb. Bu, bütün ölkə əhalisini rəncidə salıb. Təbii ki, çox adam  “feminizm” terminini birinci dəfə eşitdi. Bizə yabançı olan feminizm Azərbaycan üçün qətiyyən qəbul edilməyən və milli mentalitetimizi pozmağa yönələn bir hərəkatdır. Bunun ölkəmizdə qəfil peyda olması təəccüb doğurur. Çünki feministlərin hərəkatı və ilhamvericiləri tarixin qərin qatlarında qalıb, obrazlı desək, feminizm dünyaya gəldiyi yerdə də dəfn olunub.  Ona görə də feminizmin harada, nə vaxt və kim tərəfindən təsis edilməsini bilmək lazımdır.

Feminist qadın hərəkatının ilkin adının haradan götürülməsi məsələsi maraq doğurur. Feminizm (fransızca - femin, latınca femina - qadın ) burjua quruluşu çərçivəsində qadınlara kişilərlə bərabər hüquqlar verilməsi ugrunda mübarizə aparan ictimai hərəkatdir. Qeyd edək ki , “feminizm” termininin ixtiraçısı, ilk dəfə işlədən və “Qadının sosial vəziyyəti ictimai tərəqqinin meyarıdır” kəlamının müəllifi,  XVIII əsrdə yaşamış fransız utopik sosializminin  nümayəndəsi Şarl Furyedir. Sosial stratifikasiyada - cəmiyyətin ictimai təbəqə və qruplara bölgüsündə baş verən dəyişikliklər fərdin cinsdən asılı olan sosial statusunda, hüququnda böyük dəyişikliklərə gətirib çıxartdı. Qərbdə özünü ilkin göstərən kapitalist münasibətləri və demokratik prinsiplərin inkişafı qadınların hüquq bərabərliyi məsələsini daha açıq şəkildə ortaya qoydu.

Son otuz ildə feminist siyasi nəzəriyyə siyasi elmin ən perspektivli və orijinal cərəyanlarından birinə çevirildi. Onun tərəfdarları sosial başlanğıcı siyasiləşdirir və bununla əlaqədar olaraq küçədə, məktəbdə, iş yerində özünü büruzə verən ailə, gender və seksual münasibətlər problemlərini siyasət sahəsinə aid edirlər. Bizim milli- mənəvi dəyərlərimizi aşındırmağa çalışan bəzi üzüdönüklər bu cərəyanın ideyalarını Azərbaycana gətirməyə və genişləndirməyə çalışırlar. Təki adamlar küçələrə çıxıb “azadlıq” deyə çığır-bağır salsınlar, ara qarışsın, xaos yaransın, bədxahlarımız isə bunu əllərində dəstəvuz edərək Azərbaycan hakimiyyətini günahlandırsınlar, ona görə də burada demokratiyanın pozulduğunu iddia etsinlər.

Kim deyə bilər ki, Azərbaycanda azadlıq yoxdur? Belə məlum olur ki, onlar öz kişilərindən, ata və qardaşlarından azad olmağı nəzərdə tuturdular. Ancaq onların nəzarətindən azad olmaq üçün küçələrə çıxıb plakatlar qaldırmaq, səslərini ucaltmaq lazım deyildi. Almaniyada yaşayan azərbaycanlı feminist qadın hansısa bir qadının ərindən boşandığını eşidəndə “bir qadın da azad oldu” deyir. Düzü, xəstə təfəkkür olsa da gülüş doğurur. Necə yəni, bəyəm ailə əsarətdir, ər cəlladdır?

Araşdırmalar göstərir ki, Bakıda icazəsiz aksiya keçirən qadınların feminizmdən heç xəbərləri belə yoxdur. Onlara yol göstərən barmağın olması şübhəsizdir. Bəzi şüarların xarici dildə yazılması bu “barmağın” xaricdən tuşlanmasına dəlalət edir.

Respublika Baş Prokurorluğunun məlumatında bildirilir ki, başqaları ilə bərabər icazəsiz aksiyanın təşkilatçıları və fəalları olan Rəbiyyə Məmmədova, Nərmin Şahmarzadə və Xədicə İsmayıl da dindiriləcəklər. Xədicə İsmayılın qeyri-etik hərəkətləri və xaricdə Azərbaycan əleyhinə təxribatlara rəvac verməsi məlumdur. Rəsmi məlumatda o da bildirilir ki, aksiya iştirakçısı Aysel Ələkbərzadə  özünə qəsd edərək yaşadığı binanın ikinci mərtəbəsindən özünü atıb. İlkin məlumata görə feministlərin aksiyasında iştirak etməsi ailəsində və yaxın çevrəsində ciddi narazılıq yaradıb və Aysel intihara cəhd edib. Deməli, o, feminizmin ilk qurbanına çevrilib. Bu da feminizmin “faydası”.

Bir də qeyd edirik ki, feminizmin bizim cəmiyyətdə predmeti yoxdur, çünki Azərbaycanda qadın hüquqları Konstitusiya ilə təsbit olunur və qorunur. Cəmiyyət həyatının  bütün sahələrində onların təmsilçiliyi və fəaliyyəti tənzim olunur. Qısaca desək, onlar da kişilərlə tam bərabər hüquqlara malikdirlər, ona görə də azad qadınların “azadlıq” şüarı qaldırması onların özlərinin düşüncəsi və məqsədləri olmadığını ortaya qoyur.

Su axdıqca durulaşır. Şübhə etmirik ki,  yaxın vaxtda biabırçı aksiyanın təşkilatçılarının məqsədləri və hadisələrin məğzi tamamilə açılacaqdır.