14 may 2020 10:37
1609

Ordu quruculuğu bu gün də prioritetdir

Ölkəmizin son illərdəki dinamik inkişafının Silahlı Qüvvələrimizin büdcəsinin artması və nəticə etibarilə Azərbaycan Ordusunun güclənməsi ilə müşayiət olunması dövlət başçısı İlham Əliyevin bu məsələyə nə qədər önəm verdiyinin göstəricisidir. Azərbaycan Prezideni, Ali Baş Komandan İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində son illərdə ordunun döyüş qabiliyyəti daha da yüksəlmiş, maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirilmiş, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılmışdır. Silahlı Qüvvələrimiz daha da modernləşdirilmiş və ən son hərbi texnologiyalar orduya cəlb edilmişdir. Son illər keçirilən möhtəşəm hərbi paradlar Azərbaycan Silahlı Qüvvələrinin həm güc və qüdrətini, həm də modernləşdiyini nümayiş etdirir.

Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın nüfuzlu “Natsionalnaya oborona” (“Milli müdafiə”) jurnalının may buraxılışına müsahibəsində bildirib ki, son illərdə Azərbaycan ordu quruculuğunda böyük uğurlar qazanıb: “Bu gün ölkənin Silahlı Qüvvələrini möhkəm intizam, vətənpərvərlik, yüksək mənəvi mübarizlik ruhu və döyüş qabiliyyəti səciyyələndirir. Silahlı Qüvvələr ən müasir silahlar və hərbi texnika ilə təchiz edilib. Şübhəsiz, bütün bunlar son illərdə ölkənin hərbi qüdrətinin möhkəmlənməsinə gətirib çıxarıb.”

Dövlət başçısı qeyd edib ki, son illərdə ən müasir texnika və silahlar alınıb: “Onların arasında yüzlərlə zirehli texnika, çoxsaylı keşikçi gəmiləri və hərbi gəmilər, hava hücumundan müdafiə sistemləri, onlarla döyüş təyyarəsi, yüzdən çox döyüş, hərbi-nəqliyyat və nəqliyyat helikopterləri, ən müasir pilotsuz kəşfiyyat və döyüş uçuş aparatları, hava hücumundan, raketdən müdafiə vasitələri, ən müasir rabitə vasitələri, reaktiv yaylım atəşi sistemləri, operativ-taktiki raket kompleksləri var.”

Dövlət başçısı müsahibəsində bildirib ki, hərbi qulluqçuların sosial həyatına xüsusi əhəmiyyət verilir və onların xidmət şəraiti yaxşılaşdırılır: “Son illərdə onlarla hərbi şəhərcik yaradılıb. Hərbçilərin xidmət şəraiti çox yaxşıdır. Son bir neçə ildə hərbi hissələrin, hərbi şəhərciklərin 80 faizdən çoxu yenidən tikilib və ya əsaslı təmir edilib. Qarşıdakı 2-3 il ərzində bütün hərbi şəhərciklər tamamilə təmir ediləcək. Hərbi qulluqçuların mənzil-məişət məsələləri həll edilir. Qəbul edilmiş qərar əsasında orduda 20 il qüsursuz xidmət etmiş hərbçilərə dövlət pulsuz mənzillər verir. Bu gün bizim hərbi hissələrdə 20 mindən çox mülki şəxs işləyir. Əvvəllər bu işləri əsgərlər görürdülər. Biz onları məişət işlərindən azad etmişik. Eyni zamanda, mülki şəxslərdən ötrü 20 mindən çox iş yeri açılıb.”

 Heç şübhəsiz, son illərdə hərbi qulluqçulara geniş yaşayış sahəsinə malik yüzlərlə mənzillərin orderlərinin paylanması şəxsi heyət arasında ruh yüksəkliyi yaradan amillərdən biridir. Hərbi qulluqçuların və onların ailə üzvlərinin mədəni istirahətinin daha yüksək səviyyədə təşkili üçün 2019-cu ildə də Silahlı Qüvvələrin şəxsi heyətinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə əlaqədar hərbi qulluqçular üçün inşa edilən növbəti yaşayış binası istifadəyə verilib. Eyni zamanda, ötən il Mənzil İnşaatı Dövlət Agentliyinin sifarişi ilə inşa edilən Bakı şəhəri, Hövsan Yaşayış Kompleksindən 2019-cu ilin dövlət büdcəsində nəzərdə tutulmuş vəsait hesabına 436 ədəd tam təmirli mənzil alınıb və həmin mənzillər hərbi qulluqçuların mülkiyyətinə verilib.

Ölkəmizin silah arsenalının gücləndirilməsi və yeni silahların alınması işğalçı Ermənistanda təşviş yaradır. Bu baxımdan işğalçı ölkədə Azərbaycan Prezidentinin sözügedən müsahibəsində ordu quruculuğu ilə bağlı səsləndirilən faktlar və rəqəmlər təcavüzkara ünvanlanan ciddi mesaj kimi qəbul olunur.

Göründüyü kimi, bu gün Azərbaycan Silahlı Qüvvələrinin quruculuğu prosesi uğurla davam etdirilir və ordumuz inkişaf, təkmilləşmə dövrünü yaşayır. Azərbaycanın bütün strateji əhəmiyyətli sahələrində dinamik inkişafa yol açan ardıcıl və sistemli islahatlar həyata keçirən dövlət başçısı ordu quruculuğuna da xüsusi diqqətlə yanaşır. Milli ordunun müdafiə qüdrətinin və döyüş qabiliyyətinin artırılması, maddi-texniki təchizatının yaxşılaşdırılması, o cümlədən hərbi qulluqçuların sosial müdafiəsi tədbirlərinin gücləndirilməsi bu siyasətin prioritet istiqamətləri kimi diqqəti çəkir.

Nigar Orucova, “İki sahil”