15 oktyabr 2020 19:10
1112

Humanitar atəşkəs: Ermənistanın kağız üzərindəki növbəti “vədi”

Bütün dünya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Beynəlxalq təşkilatlar tərəfindən qəbul edilən qərar və qətnamələr də bu bölgənin ölkəmizə məxsus olduğunu təsdiqləyir. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsində də deyilir ki, erməni silahlı qüvvələri dərhal, tam və qeyd-şərtsiz işğal edilmiş torpaqlardan çıxarılmalıdır. Lakin 30 ildir ki, həmin qətnamələr icra olunmayaraq kağız üzərində qalıb. Bununla bərabər, ATƏT-in Minsk qrupu çərçivəsində baş tutan “danışıqlar” da heç bir nəticə verməyib, bundan  ruhlanan Ermənistan isə ardıcıl olaraq hərbi təxribatlar törədib.

Ermənistan silahlı qüvvələrinin sentyabrın 27-də Azərbaycana qarşı təxribat törədərək, hərbi obyektləri və mülki əhalini hədəfə alandan sonra Azərbaycan Ordusunun beynəlxalq hüquqa əsaslanaraq, ərazi bütövlüyümüz uğrunda əks-hücuma keçməkdən başqa yolu qalmadı. Çünki bu, ilk deyildi. Ona görə də onların məkrli əməlləri cavabsız qalmamalı idi, bütün bunlara son verilmə zamanı çatmışdı. Xatırladaq ki, Ermənistan bu ilin iyulundan artıq sentyabrın 27-də olduğu kimi, bir neçə dəfə təxribat törətmişdi. Belə ki, iyulun 12-dən 16-dək Tovuz istiqamətində işğalçı ölkənin silahlı qüvvələrinin hücumu nəticəsində dinc sakinlər və hərbi qulluqçularımız qətlə yetirilmişdi. Avqustun 23-də isə Goranboy istiqamətində diversiya-kəşfiyyat təxribatı və düşmənin Azərbaycana qarşı terror həyata keçirmək planları ifşa olunmuşdu. Daha sonra Azərbaycanın işğal altındakı ərazilərində Suriyadan və Livandan gətirilən erməni ailələri yerləşdirilməklə qeyri-qanuni məskunlaşdırma siyasətinə başlanılmışdı. Heç də təəccüblü deyil ki, bütün insani keyfiyyətlərdən məhrum olan, duyğularını donduran düşmən tərəfinin işğal siyasətinin ana xətti mülki insanların sıx şəkildə yaşadığı məntəqələri və obyektləri intensiv şəkildə atəşə tutmaq idi.

Bu, sentyabrın 27-də Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Təhlükəsizlik Şurasının iclasında dövlətimizin başçısının çıxışında da öz ifadəsini tapdı. Ölkə rəhbəri həmin çıxışında Ermənistan tərəfindən əvvəllər də əliyalın dinc əhaliyə qarşı belə vəhşiliklər törədildiyini xatırladaraq, əsas hədəfin bizim yaşayış məntəqələrimiz olduğunu diqqətə çatdırdı. Eyni zamanda, erməni işğalçılarının atəş açmaqla cəbhəboyu yerləşən kəndlərdə, şəhərlərdə yaşayan insanlar arasında təşviş yaratmaq məqsədi güddüklərini açıqladı: “Amma tam qətiyyətlə deyə bilərəm ki, – bu gün səhər mən bütün bölgələrdən, cəbhəyanı bölgələrdən məlumat almışam, –Azərbaycan vətəndaşları cəsarət göstərirlər, hər kəs öz yerindədir, ordumuza, dövlətimizə hər an dəstək verməyə hazırdırlar və bunu edirlər”.

Azərbaycan Ordusu Ermənistana qarşı əks-hücum əməliyyatına başlayandan indiyədək düşmən tərəf bütün dünyaya özünün terrorçu mahiyyətini nümayiş etdirib. Belə ki, ötən müddətdə işğalçı ölkə ənənəvi olaraq terror taktikasına əl ataraq münaqişə zonasından uzaq məsafədə yerləşən Azərbaycanın yaşayış məntəqələrini, əhalini və mülki infrastrukturu intensiv atəşə tutub. Sosial infrastruktura ciddi ziyan dəyib. Baş verən hadisələr də təsdiqləyir ki, nə Ermənistanın siyasi-hərbi rəhbərliyində, nə də hərbçilərində ləyaqət var.

Təcavüzkar Ermənistanın yalvarışı ilə elan edilmiş humanitar atəşkəs işğalçı ölkəyə ətraflı düşünmək üçün imkan yaratdı. Əgər bu imkandan da istifadə edib danışıqlar masasına qayıtmasa və işğal etdiyi Azərbaycan ərazilərindən çıxmasa, dövlət başçımızın dediyi kimi, bütün məsuliyyət Ermənistanın siyasi və hərbi rəhbərliyinin üzərinə düşür. Ümumiyyətlə, oktyabrın 9-da Rusiyanın vasitəçiliyi ilə əldə edilən atəşkəs humanitar xarakter daşıyırdı və bu, hər iki tərəfə həlak olmuş hərbçilərin cəsədlərini təhvil vermək imkanı yaradırdı. Bu, eyni zamanda, Ermənistana mövcud reallığa adekvat addımlar atmaq, iddialarından geri çəkilmək, işğal siyasətinə son qoymaq, münaqişənin beynəlxalq hüquq çərçivəsində həlli istiqamətində real addımlar atmaq üçün şans idi. Ermənistan üçün imkan yarandı ki, daha ağır zərbələr almaqdan qaçsın, işğalçılıq siyasətindən əl çəksin. Lakin Paşinyan rejimi bu imkanı da əlindən buraxdı və təcavüzkarlıq siyasətini davam etdirməkdə israrlı olduğunu nümayiş etdirdi. Ermənilərin yalvarışı əsasında Moskvada üç ölkə xarici işlər nazirlərinin birgə iştirakı ilə imzalanan atəşkəs rejimi yenə Ermənistan tərəfindən özünə layiq şəkildə pozuldu. Düşmən bir daha öz mənfur təcavüzkar mahiyyətini Gəncə şəhərinə endirdiyi raket zərbələri ilə göstərmiş oldu.

Görünən odur ki, düşmən mülki əhalinin qanını tökməyə, evini dağıtmağa nə qədər həvəslidir ki, ortalıqda qalmış hərbçilərinə sahib çıxmaq əvəzinə,  öz  “imkanlarını” Gəncədə, Mingəçevirdə terror törətməyə sərf edir. Guya “demokrat” Paşinyan və silahdaşları Qarabağdan uzaqdakı şəhərlərimizdə uşaq, qadın, qoca demədən qan tökür. İki illik Paşinyan hakimiyyəti dönəmində qətl edilən Azərbaycan uşaq, qadın və qocalarının sayı Xocalıdakı soyqırımı qurbanlarının sayına çatmaqdadır. Yəni Paşinyanın sələflərindən fərqi yoxdur, varsa da o fərq daha çox ziyankarlığı, daha qəddar rəftarı, daha faşist əqidəsi ilə ifadə edilir. Hərbi ekspertlərin bildirdiyinə görə, Gəncənin əhalinin sıx yaşadığı məntəqəsinə atılan böyük məhvetmə gücünə malik olan ballistik raketin döyüş zonasından kənarda mülki insanlara qarşı istifadə olunması ATƏT məkanında birinci haldır. Ümumiyyətlə, dünya üzrə son hərbi münaqişələrdə müşahidə olunan nadir hallardan biridir.

Dünyada baş verən hadisələrin, işğal siyasətinin qarşısının alınmasında beynəlxalq hüququn norma və prinsipləri əsas götürülür, “ipə- sapa yatmayan” ölkələrə bu qanunlar və prinsiplər əsasında sanksiyalar tətbiq olunur və cəza mexanizmlərindən istifadə edilir. Nədənsə, bunlar Ermənistana tətbiq edilmir. Hətta ölkəmizdə fəaliyyət göstərən diplomatik korpusların nümayəndələri də Gəncəyə gedib, baş verən terror aktı ilə yerində tanış olsalar da, qətlə yetirilən insanların xatirəsinə hörmət əlaməti olaraq hadisə yerinə gül qoysalar da, qadağan olunmuş silahlar vasitəsilə dinc əhalinin vəhşicəsinə qətlə yetirilmələrinin şahidi olsalar da, beynəlxalq hüquq normalarından söhbət açan olmadı. Hər dəfə deyilir ki, beynəlxalq sənədlər silahlı münaqişələrdə vətəndaşların hüquqlarının qorunmasında vacib mexanizmdir. Bəs niyə biz bunun şahidi olmuruq?

İkili və haqsız mövqelərindən əl çəkməyən bəzi beynəlxalq təşkilatlar  haqqın tərəfini tutana qədər, qətiyyətli Azərbaycan Ordusu işğalçı Ermənistanın növbəti hərbi təcavüzünün qarşısını almaq və təmas xətti boyunca sıx şəkildə yaşayan mülki əhalinin təhlükəsizliyini reallaşdırmaq məqsədilə özünümüdafiə hüququ çərçivəsində və beynəlxalq humanitar hüquqa əsaslanmaqla əks-hücum və cavab tədbirləri gerçəkləşdirdi. Ordumuzun döyüş qabiliyyəti və əzmi, maddi-texniki bazası, ordu-xalq-Prezident birliyi qısa müddətdə dövlətimizin ərazi bütövlüyünün təmin olunması istiqamətində möhtəşəm uğurları şərtləndirdi. Azərbaycan Ordusu sentyabrın 27-dən indiyədək əks-hücum əməliyyatları ilə düşmənin canlı qüvvəsinə və hərbi texnikasına böyük ziyan vurub, işğal altında olan xeyli sayda yaşayış məntəqələrimizi düşməndən təmizləyib. Bu əks-hücum hazırda dünyanın ən güclü orduları sırasında olan, ən müasir silahlarla, hərbi texnika və müdafiə təyinatlı qurğularla tam təchiz edilən ordumuzun hərbi-texniki və döyüş hazırlığının yüksək səviyyədə olduğunu da artıq aydın göstərib.

 

Yaqut Ağaşahqızı, “İki sahil”