Tanınmış rejissor Cavid İmamverdiyev Azərbaycan Dövlət Akademik Musiqili Teatrının baş rejissoru vəzifəsinə təyin olunub.
“İki sahil” xəbər verir ki, teatrdan verilən məlumata görə, təyinatla bağlı mədəniyyət naziri Anar Kərimov müvafiq əmr imzalayıb.
Teatr kollektivinə "Zoom” vasitəsilə keçirilən geniştərkibli onlayn görüşdə Akademik Musiqili Teatrın direktoru, əməkdar incəsənət xadimi, fəlsəfə doktoru Əliqismət Lalayev məlumat verib və eyni zamanda yeni təyin olunmuş baş rejissora uğurlar arzulayıb və öz tövsiyələrini çatdırıb.
O, teatrın yaradıcı heyətinin son dönəmdə pandemiya və digər səbəblərdən yaranan bütün çətinliklərə baxmayaraq, yeni-yeni layihələr üzərində daha da əzmlə işlədiyini vurğulayıb, teatrın yaradıcılıq yolunun baş rejissorun rəhbərliyi ilə uğurla davam etdiriləcəyinə əmin olduğunu bildirib.
C.İmamverdiyev ona göstərilən etimada görə öz təşəkkürlərini bildirib: "Bu təyinat mənə olan inam və etibarın nümunəsidir, üzərimə düşən məsuliyyətimi daha da artırır. Göstərilən bu etimadı doğruldacağıma, çalışdığım kollektivlə birgə səylərimizi əsirgəməyəcəyimə söz verirəm. Bu gün Akademik Musiqili Teatr ailəsinin bir üzvi kimi özümü çox xoşbəxt hiss edirəm. Burada işlədiyim son bir ildə teatr rəhbərliyinin diqqət və qayğısını bütün kollektivin üzərində hiss etmişəm. Mən də o prinsipllərə sadiq qalacağıma və başladığımız işləri müvəffəqiyyətlə başa vuracağıma inanıram. Təşəkkür edirəm”.