Təhsil hər bir dövlətin inkişaf strategiyasında ən mühüm yer tutan sahələrdən biridir. Cəmiyyətin intellektual səviyyəsi, mədəni dəyərləri və gələcək inkişaf perspektivləri məhz təhsilin keyfiyyəti ilə birbaşa bağlıdır. Bu sistemin əsas sütunu isə şübhəsiz ki, müəllimdir. Müəllim yalnız bilik verən şəxs deyil, eyni zamanda insan şəxsiyyətini formalaşdıran, uşağın dünyagörüşünü genişləndirən, onun həyata baxışını müəyyən edən ən önəmli ziyalıdır. Xüsusilə ibtidai təhsil mərhələsi bu prosesdə həlledici rol oynayır. Çünki uşağın məktəbə ilk addımları, öyrənməyə münasibəti, özünəinamı, sosial və emosional bacarıqları məhz bu dövrdə formalaşır. Bu mərhələdə müəllimin rolu sadəcə dərs keçmək deyil, uşağın daxili dünyasını kəşf etmək, onun potensialını üzə çıxarmaq və gələcək həyatına istiqamət verməkdir. Buna görə ibtidai sinif müəllimi peşəsi həm böyük məsuliyyət, həm də yüksək peşəkarlıq tələb edir. Bu baxımdan müsahibimiz ibtidai sinif müəllimi, inklüziv təhsil sahəsində dərin təcrübəyə malik, xüsusi qayğıya ehtiyacı olan uşaqlarla peşəkar şəkildə çalışan, beynəlxalq təlimlərdə iştirak edərək müasir pedaqoji yanaşmaları uğurla tətbiq edən Təranə Möhsünovadır. Müsahibimiz Bakı şəhəri 96 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Təranə Möhsünovadır. O, peşəkar təhsil yolu və zəngin pedaqoji təcrübəsi ilə seçilən müəllimlərdəndir.
O, həmçinin inklüziv təhsil sahəsində dərin bilik və təcrübəyə malikdir, xüsusi qayğıya ehtiyacı olan uşaqlarla peşəkar şəkildə işləyir və müasir təlim metodlarını dərs prosesinə uğurla tətbiq edir. Beynəlxalq təlimlərdə iştirak edərək əldə etdiyi bilikləri praktiki fəaliyyətdə istifadə edən Təranə müəllimə, xüsusilə disleksiya ilə bağlı strategiyaları dərslərində tətbiq etməklə seçilir. Onun pedaqoji fəaliyyəti yüksək peşəkarlıq, humanist yanaşma və hər bir uşağın fərdi inkişafına göstərilən xüsusi diqqət üzərində qurulub.
O, təkcə bir müəllim kimi deyil, həm də hər bir uşağın fərdi xüsusiyyətlərini diqqətlə öyrənən, onların inkişafını mərhələ-mərhələ izləyən və hər bir şagirdə öz potensialını reallaşdırmaq üçün şərait yaradan peşəkar pedaqoq kimi tanınır. Təranə müəllimənin pedaqoji fəaliyyəti humanizm, səbir, diqqət və yüksək məsuliyyət hissi üzərində qurulub. Onun dərs yanaşmalarında hər bir uşaq fərdi bir dünya kimi qəbul olunur və bu dünyanın imkanlarını açmaq əsas məqsəd kimi çıxış edir. Xüsusilə disleksiya və digər öyrənmə çətinlikləri olan uşaqlarla iş təcrübəsi onun peşəkar səviyyəsini daha da fərqləndirir və bu sahədə onun fəaliyyətini nümunəvi edir. Müxtəlif ölkələrdə keçirilən təlimlərdə iştirak edən, beynəlxalq təcrübəni fəaliyyətində tətbiq edən müəllimlə söhbətimizdə müəllimlik peşəsinin məsuliyyəti, ibtidai təhsilin əhəmiyyəti, inklüziv təhsil, müasir təlim metodları, müəllim-şagird münasibətləri və gələcəyin təhsilinə dair baxışları barədə danışdıq.

Bu gün müəllim olmağın ən böyük məsuliyyəti gələcəyin vətəndaşlarını formalaşdırmaqdır
-Özünüzü oxucularımıza necə təqdim edərdiniz?
-Mən Təranə Möhsünova, ibtidai sinif müəllimiyəm. Əsasən də xüsusi ehtiyacı olan uşaqlarla işləyən bir mütəxəssis kimi yetişmişəm.
-Müəllimlik peşəsini seçməyiniz necə baş verdi? Bu sahəyə marağınız nə vaxt formalaşdı?
-İlk seçimim bu peşə deyildi. Lakin universitet dövründə məktəblərdə praktikalara getdikcə bu işin məhz mənim üçün olduğunu dərk etdim. Çünki uşaqları sevirəm və onlarla vaxt keçirmək mənim üçün çox önəmlidir.
-Bakalavr və magistratura təhsiliniz sizə hansı fərqli təcrübələri qazandırdı?
-Magistr təhsili mənim üçün yeni biliklər və yeni dünyagörüşləri qapısı araladı. Bakalavr təhsilində universitet həyatına yeni başlamışdım və hər şey mənim üçün yenilik idi. Magistraturada isə artıq bu həyata tam hazır idim və təhsildən daha səmərəli şəkildə faydalana bildim.
-Bu gün müəllim olmağın ən böyük məsuliyyəti nədən ibarətdir?
-Bu gün müəllim olmağın ən böyük məsuliyyəti gələcəyin vətəndaşlarını formalaşdırmaqdır. Müəllim yalnız bilik vermir, həm də dəyərlər formalaşdırır. Müasir dövrdə uşaqları sürətlə dəyişən dünyaya hazırlamaq mühüm vəzifədir. Bunun üçün müəllim özü də daim yenilənməli və inkişaf etməlidir. Bu məsuliyyət müəllimlik peşəsini xüsusi edən əsas amillərdən biridir.

Mənim üçün ən böyük qazanc şagirdlərimin sevgisi, etimadı və uğurlarıdır
-Sizin üçün müəllimlik peşəsinin ən böyük qazancı nədir?
-Mənim üçün ən böyük qazanc şagirdlərimin sevgisi, etimadı və uğurlarıdır. Onların inkişafına töhfə vermək böyük mənəvi dəyər daşıyır. İllər sonra şagirdlərimin məni xatırlaması və qazandıqları uğurları bölüşməsi məndə xüsusi sevinc hissi yaradır. Bu, müəllim əməyinin ən gözəl nəticəsidir. Hesab edirəm ki, müəllimin əsl sərvəti yetişdirdiyi insanlardır.
İlk müəllimlik fəaliyyətiniz hansı məktəbdə başlayıb? İlk dərs gününüzü necə xatırlayırsınız?
-İlk məktəbim 296 nömrəli tam orta məktəb olub. İlk dərs günümdə çox həyəcanlı idim. Lakin şagirdlərin məni çox səmimi qarşılaması həmin günü mənim üçün unudulmaz etdi. İlk sinfimi 3-cü sinifdən qəbul etmişdim və onların münasibəti mənə böyük motivasiya verdi.
-Sizcə, ibtidai təhsil mərhələsinin uşağın gələcək inkişafında rolu nədən ibarətdir?
-İbtidai təhsilin əsas rolu yalnız oxu, yazı və riyazi bacarıqların formalaşdırılması ilə məhdudlaşmır. Bu dövr həm də uşağın anlama, düşünmə, nitq və emosional zəka bacarıqlarının inkişaf etdiyi mərhələdir. Şagird şəxsiyyətinin formalaşmasında ibtidai təhsil əsaslı rol oynayır. Özünəinamın formalaşması da məhz bu dövrə təsadüf edir.
-Müasir dövrdə ibtidai sinif müəlliminin əsas missiyası nədən ibarətdir?
-İbtidai sinif müəlliminin əsas missiyası təhsilin möhkəm təməlini yaratmaq, şagirdyönümlü təlim mühiti qurmaq, hər bir uşağın fərdi xüsusiyyətlərini, maraqlarını və öyrənmə tempini nəzərə almaqdır. Müəllim tənqidi və yaradıcı düşüncəni inkişaf etdirməli, uşaqlara yalnız cavabları əzbərlətməməli, sual verməyi, araşdırmağı və müstəqil düşünməyi öyrətməlidir. Eyni zamanda, sosial-emosional bacarıqların formalaşdırılması, empatiya, əməkdaşlıq, məsuliyyət, özünüidarəetmə və ünsiyyət bacarıqlarının inkişaf etdirilməsi də müəllimin əsas vəzifələrindəndir. Məktəb–ailə əməkdaşlığının gücləndirilməsi və uşaqların rəqəmsal dövrə hazırlanması da bu missiyanın mühüm hissəsidir.
-Dərslərinizdə hansı müasir metodlardan istifadə edirsiniz?
-İngiltərə, Amerika, Almaniya və Finlandiyada bu sahə üzrə müxtəlif təlimlərdə iştirak etdiyim üçün fərqli metodlardan istifadə edə bilirəm. Xüsusilə disleksiya sahəsində özümü inkişaf etdirdiyim üçün disleksiya strategiyalarına tez-tez müraciət edirəm.
İstifadə etdiyim metodlardan bəziləri bunlardır:
Orton-Gillingham dəstəkli multisensor yanaşma;
Audio oxu;
Xor oxu;
Rəngli oxu pəncərəsi.

Müəllim daim öz üzərində işləməli və yeniliklərə açıq olmalıdır
-Metodika və metodologiya sahəsində qazandığınız biliklər gündəlik fəaliyyətinizə necə təsir göstərir?
-Metodika və metodologiya sahəsində qazandığım biliklər dərslərimin planlaşdırılmasında mühüm rol oynayır. Hər dərsi məqsədyönlü şəkildə qurmağa və şagirdlərin fəal iştirakını təmin etməyə çalışıram. Fərqli öyrənmə üslublarını nəzərə alaraq müxtəlif metodlardan istifadə edirəm. Dərslərdə praktik fəaliyyətlərə və əməkdaşlığa xüsusi yer verirəm. Bu yanaşma təlim prosesini daha maraqlı və effektiv edir.
-Sizin fikrinizcə, yaxşı müəllimi fərqləndirən əsas keyfiyyətlər hansılardır?
-Yaxşı müəllim ilk növbədə uşaqları sevməli və onlara inanmalıdır. Səbirli, məsuliyyətli və peşəkar olmaq bu peşənin vacib xüsusiyyətlərindəndir. Müəllim daim öz üzərində işləməli və yeniliklərə açıq olmalıdır. Güclü ünsiyyət bacarığı həm şagirdlərlə, həm də valideynlərlə münasibətlərdə böyük rol oynayır. Hesab edirəm ki, yaxşı müəllim şagirdlərə yalnız bilik deyil, həm də motivasiya verir.
-Müəllim və şagird arasında etimad münasibətinin tədris prosesində əhəmiyyəti nə qədərdir?
-Müəllim və şagird arasında etimad münasibəti tədris prosesinin əsas şərtlərindən biridir. Şagird özünü dəyərli və təhlükəsiz hiss etdikdə daha fəal iştirak edir. Etimad uşağın sual verməsinə, səhvlərdən qorxmamasına və öz fikrini sərbəst ifadə etməsinə kömək edir. Bu münasibət qarşılıqlı hörmət və anlayış üzərində qurulmalıdır. Mən çalışıram ki, hər bir şagird özünü sinifdə rahat və güvənli hiss etsin.
-Təhsil prosesində texnologiyaların rolunu necə qiymətləndirirsiniz?
-Müasir texnologiyalar tədris prosesini daha interaktiv və maraqlı edib. Rəqəmsal resurslar, təhsil platformaları və interaktiv təqdimatlar dərslərin keyfiyyətini artırır. Texnologiya şagirdlərin məlumatı daha asan mənimsəməsinə və dərsdə fəal iştirak etməsinə şərait yaradır. Eyni zamanda müəllimlər üçün də yeni imkanlar açır və fərdiləşdirilmiş təlimə dəstək verir. Bununla belə, texnologiyadan məqsədyönlü və balanslı istifadə olunması vacibdir.

Ailə-məktəb əməkdaşlığını uğurlu təhsilin əsas şərtlərindən biri hesab edirəm
-Fərdi yanaşma tələb edən şagirdlərlə işləmək müəllimdən hansı bacarıqları tələb edir?
-Hər bir uşaq fərqli xarakterə, maraqlara və öyrənmə sürətinə malikdir. Buna görə müəllim müşahidə aparmağı və uşağın ehtiyaclarını düzgün müəyyənləşdirməyi bacarmalıdır. Fərdi yanaşma müəllimdən çeviklik, səbir və yaradıcılıq tələb edir. Müəllim müxtəlif tədris üsullarından istifadə etməklə bütün şagirdlərin təlim prosesinə qoşulmasına şərait yaratmalıdır. Bu yanaşma uşaqların potensialını üzə çıxarmağa kömək edir.
-Ailə və məktəb əməkdaşlığının uşağın inkişafındakı rolu barədə nə düşünürsünüz?
-Ailə və məktəb uşağın inkişafında bir-birini tamamlayan iki mühüm tərəfdir. Uşağın təlim və tərbiyəsində uğurlu nəticə əldə etmək üçün onların əməkdaşlığı vacibdir. Valideynlərin məktəblə daim əlaqədə olması uşağın inkişafına müsbət təsir göstərir. Müəllim və valideyn eyni məqsəd uğrunda çalışdıqda daha effektiv nəticələr əldə olunur. Mən ailə-məktəb əməkdaşlığını uğurlu təhsilin əsas şərtlərindən biri hesab edirəm.
-Müəllimlik peşəsinin ən çətin və ən dəyərli tərəfləri hansılardır?
-Müəllimlik böyük məsuliyyət tələb edən peşədir. Hər bir uşağın gələcəyinə təsir göstərmək həm şərəfli, həm də məsuliyyətli bir vəzifədir. Peşənin ən çətin tərəfi hər şagirdə fərdi yanaşmaq və onların müxtəlif ehtiyaclarını qarşılamaqdır. Ən dəyərli tərəfi isə şagirdlərin inkişafını və uğurlarını görməkdir. Bu uğurlar müəllim əməyinin ən gözəl nəticəsidir.
-Sizi peşənizdə ən çox motivasiya edən nədir?
-Şagirdlərimin hər bir uğuru mənim üçün böyük sevinc mənbəyidir. Onların inkişafını və qazandıqları nailiyyətləri görmək müəllim kimi ən böyük mükafatdır. Xüsusilə çətinlik çəkən bir şagirdin irəliləyiş əldə etməsi mənə xüsusi qürur hissi yaşadır. Bu uğurlar mənə daha həvəslə çalışmağa stimul verir. Hesab edirəm ki, müəllimin uğuru şagirdlərinin uğurunda əks olunur.
-Pedaqoji fəaliyyətinizdə sizi ən çox qürurlandıran məqamlar hansılardır?
-Məni ən çox qürurlandıran məqam şagirdlərimin qazandığı nailiyyətlərdir. Onların özünəinamlı, məsuliyyətli və uğurlu fərdlər kimi formalaşmasını görmək böyük xoşbəxtlikdir. Xüsusilə keçmiş şagirdlərimin uğurlarını eşitmək və onların məni xatırlaması mənim üçün çox dəyərlidir. Bu anlar müəllim əməyinin boşa getmədiyini göstərir. Belə məqamlar peşəmə olan sevgimi daha da artırır.

Son illər təhsil sahəsində həyata keçirilən yenilikləri müsbət qiymətləndirirəm
-Aldığınız təltif və mükafatlar sizin üçün hansı mənəvi dəyəri ifadə edir?
-Bu təltif mənim üçün böyük qürur və sevinc hissidir. Uzun illər ərzində göstərdiyim əməyin qiymətləndirilməsi xüsusi dəyər daşıyır. Eyni zamanda bu mükafat mənim üçün daha böyük məsuliyyət deməkdir. Bu etimadı doğrultmaq üçün öz üzərimdə işləməyə davam edirəm. Mən bunu yalnız şəxsi nailiyyət deyil, müəllim peşəsinə verilən dəyərin göstəricisi kimi qəbul edirəm.
-Bu mükafatlar gələcək fəaliyyətinizə necə təsir göstərib? Bu mükafatlar mənə əlavə motivasiya və ruh yüksəkliyi verib. Daha böyük həvəslə çalışmağa və yeni layihələr həyata keçirməyə təşviq edib. Eyni zamanda, peşəkar inkişafıma daha çox diqqət ayırmağa sövq edib. Hər zaman yenilikləri öyrənməyə və təcrübəmi artırmağa çalışıram. Bu təltif gələcək fəaliyyətim üçün mühüm stimul olub.
-Pedaqoji fəaliyyətinizdə yaddaşınızda xüsusi iz qoyan hadisələrdən birini bölüşərdinizmi?
-Pedaqoji fəaliyyətim ərzində yaddaşımda qalan çoxlu hadisələr olub. Xüsusilə təlimdə çətinlik yaşayan bir şagirdin zamanla böyük irəliləyiş əldə etməsi məni çox təsirləndirmişdi. Onun özünəinam qazanması və uğurlar əldə etməsi uzun müddət yaddaşımdan silinməyib. Belə nümunələr müəllim əməyinin nə qədər vacib olduğunu göstərir. Bu hadisələr mənə peşəmə daha böyük sevgi ilə yanaşmağa kömək edir. Çünki disleksiyalı şagirdlərin irəli getməsi çətin və ağrılı prosesdir.
-Son illərdə təhsil sahəsində həyata keçirilən yenilikləri necə qiymətləndirirsiniz?
-Son illər təhsil sahəsində həyata keçirilən yenilikləri müsbət qiymətləndirirəm. Müasir təlim metodlarının tətbiqi və rəqəmsal imkanların genişlənməsi tədrisin keyfiyyətinə müsbət təsir göstərib. Şagirdyönümlü yanaşmalar uşaqların fəallığını və motivasiyasını artırır. Müəllimlərin peşəkar inkişafına göstərilən diqqət də sevindirici haldır. Hesab edirəm ki, bu yeniliklər təhsilimizin inkişafına mühüm töhfə verir.
-Şagirdlərinizə hansı dəyərləri aşılamağa çalışırsınız?
-Mən çalışıram ki, şagirdlərimə yalnız akademik biliklər deyil, həyatda vacib olan dəyərlər də aşılayım. Dürüstlük, məsuliyyət, hörmət və əməksevərlik bu dəyərlərin əsasını təşkil edir. Uşaqlara fərqli fikirlərə hörmət etməyi və əməkdaşlıq etməyi öyrətməyə çalışıram. Hesab edirəm ki, yaxşı insan olmaq ən böyük uğurdur. Bu dəyərlər onların gələcək həyatında mühüm rol oynayacaq.

Müəllim nüfuzunun qorunması cəmiyyətin ümumi inkişafı üçün vacibdir
-Müəllim nüfuzunun qorunması və artırılması üçün hansı addımlar vacibdir?
-Müəllim nüfuzunun qorunması cəmiyyətin ümumi inkişafı üçün vacibdir. Bunun üçün müəllim əməyinə yüksək dəyər verilməli və peşənin nüfuzu daim qorunmalıdır. Müəllimlərin peşəkar inkişaf imkanlarının artırılması da mühüm əhəmiyyət daşıyır. Cəmiyyət və ailələr müəllimlə əməkdaşlığa xüsusi önəm verməlidirlər. Bu amillər müəllim nüfuzunun yüksəlməsinə müsbət təsir göstərəcək.
-Gənc müəllimlərə hansı tövsiyələri vermək istərdiniz?
-Gənc müəllimlərə ilk növbədə öz peşələrini sevərək fəaliyyət göstərməyi tövsiyə edərdim. Daim öyrənmək və yeniliklərə açıq olmaq müəllim üçün çox vacibdir. Hər bir şagirdə fərdi yanaşmağa və onların potensialına inanmağa çalışmalıdırlar. Səbir və məsuliyyət bu peşənin ayrılmaz hissəsidir. Ən əsası isə uşaqların həyatında müsbət iz qoymağa çalışmalıdırlar.
-Təhsil sistemində hansı istiqamətlərin daha da inkişaf etdirilməsinə ehtiyac görürsünüz?
-Mən fərdiləşdirilmiş təlim imkanlarının daha da genişləndirilməsini vacib hesab edirəm. Hər bir uşağın ehtiyaclarına uyğun təhsil imkanlarının yaradılması önəmlidir. İnklüziv təhsil sahəsində yeniliklərin artırılması da diqqət tələb edir. Praktik fəaliyyətlərə və layihə əsaslı öyrənməyə daha çox yer verilməlidir. Bu yanaşmalar uşaqların bacarıqlarının inkişafına müsbət təsir göstərə bilər.
-Müəllimin uşağın şəxsiyyətinin formalaşmasında rolu nə dərəcədə böyükdür?
-Müəllim uşağın həyatında ən çox təsir göstərən şəxslərdən biridir. O, yalnız bilik vermir, həm də davranış və dəyərləri ilə nümunə olur. Uşaqlar müəllimlərini izləyir və onlardan öyrənirlər. Buna görə müəllimin hər bir addımı böyük əhəmiyyət daşıyır. Şəxsiyyətin formalaşmasında müəllimin rolu danılmazdır.

İstərdim ki, şagirdlərim məni onları anlayan və dəstəkləyən müəllim kimi xatırlasınlar
-Sizcə, uğurlu təhsilin əsas şərti nədir?
-Məncə, uğurlu təhsilin əsas şərti müəllim, şagird və valideyn əməkdaşlığıdır. Bu üç tərəfin ortaq məqsəd uğrunda çalışması müsbət nəticələr verir. Bundan əlavə, motivasiyaedici təlim mühiti və keyfiyyətli təhsil resursları da vacibdir. Şagirdin marağını və potensialını nəzərə alan yanaşma uğurun əsas amillərindəndir. Təhsil yalnız bilik vermək deyil, inkişaf etdirmək prosesidir.
-Şagirdlərinizin sizi gələcəkdə necə xatırlamasını istərdiniz?
-İstərdim ki, şagirdlərim məni onları anlayan və dəstəkləyən müəllim kimi xatırlasınlar. Onların potensialına inanan və uğurlarına sevinən biri kimi yadda qalsam, özümü xoşbəxt hesab edərəm. Mənim üçün vacib olan yalnız dərs öyrətmək deyil, həm də şagirdlərimin həyatına müsbət təsir göstərməkdir. Uzun illər sonra belə xoş xatirələrlə anılmaq müəllim üçün ən böyük mükafatdır. Bu, mənim peşə fəaliyyətimin ən dəyərli nəticəsi olar.
-Qarşıdakı illər üçün əsas hədəfləriniz nələrdir?
-Gələcəkdə peşəkar inkişafımı davam etdirmək və yeni biliklər əldə etmək əsas hədəflərimdəndir. Beynəlxalq təcrübələri öyrənmək və onları fəaliyyətimdə tətbiq etmək istəyirəm. Uşaqların inkişafına dəstək olacaq yeni layihələr və təlim proqramları hazırlamaq niyyətindəyəm. Eyni zamanda, müəllimlər və valideynlər üçün faydalı resurslar yaratmaq planlarım arasındadır. Daim inkişaf edən müəllim olmağa çalışıram.

Təranə Möhsünova ilə söhbət bir daha göstərdi ki, müəllimlik yalnız peşə deyil, insan talelərinə toxunan, gələcəyi formalaşdıran müqəddəs missiyadır. Onun fikirlərində uşaqlara sevgi, peşəsinə bağlılıq, yeniliklərə açıqlıq və hər bir şagirdin potensialına olan inam aydın hiss olunur. Xüsusilə xüsusi qayğıya ehtiyacı olan və öyrənmə çətinlikləri yaşayan uşaqlarla bağlı yanaşmaları müəllimin peşəkarlığının və humanist dəyərlərinin göstəricisidir. Müəllimin uğuru təkcə aldığı mükafatlarla deyil, illər sonra belə onu sevgi ilə xatırlayan, qazandığı bilik və dəyərləri həyatında yaşadan şagirdlərlə ölçülür. Təranə müəllimənin də ən böyük qazanc kimi məhz formalaşdırdığı şagirdləri göstərməsi onun peşəsinə hansı məsuliyyət və məhəbbətlə yanaşdığını ortaya qoyur. İnanırıq ki, onun kimi müəllimlərin fəaliyyəti təhsilimizin inkişafına, inklüziv təhsil mühitinin daha da güclənməsinə və sağlam düşüncəli, savadlı, vətənpərvər nəslin yetişməsinə mühüm töhfələr verməyə davam edəcək. Təranə Möhsünovaya səmimi müsahibəyə görə təşəkkür edir, ona gələcək pedaqoji fəaliyyətində yeni uğurlar, möhkəm can sağlığı, həyata keçirmək istədiyi bütün layihələrdə müvəffəqiyyət və formalaşdırdığı şagirdlərin nailiyyətləri ilə daim qürur duymağı arzulayırıq.