17 avqust 2021 21:47
1947

Özü boyda abidə olan Naxçıvanım

Naxçıvan Muxtar Respublikası abidələr diyarıdır. Bu abidələr xalqımızın min illər boyu bu torpaqlarda yaşayıb-yaratdığını sübut edən daş pasportlarımız, möhürlənmiş tariximizdir. Naxçıvan ərazisində minilliklərdən xəbər verən Gəmiqaya yaşayış məskəni, Qazma mağarası, “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksi, Kilit mağarası, I və II Kültəpə, Xarabagilan, Quyulu dağ, Qarabağlar Türbə Kompleksi, Möminə Xatın türbəsi, Yusif Küseyiroğlu türbəsi, Gülüstan türbəsi, Əlincə qalası, Qızılburun, Qızqala, Ovçular təpəsi, Oğlanqala, Xələc, Naxçıvanqala, tarixi təbiət abidələrindən Haçadağ, Duzdağ, Batabat, Babək qalası, Dəvəboynu və adlarını sadalamadığımız digər abidələrimiz tariximizin daş kitabələridir. Azərbaycanın dövlətçilik tarixində ta qədimdən bəri bu abidələrin qorunmasına həmişə diqqət yetirilmişdir. Lakin müasir dövlətçilik tariximizdə bu proses özünün pik həddinə çatmışdır.

Bu gün mədəniyyət abidələrimizin bərpasına diqqət və qayğı artırılmış, dünya əhəmiyyətli abidələrin bir neçəsi UNESCO-nun Dünya Mədəni İrs Siyahısına salınmışdır. Ölkə Prezidentinin 2013-cü il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq olunan “Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı”na əsasən onlarla abidə bərpa edilmiş, onların qorunması və təbliğ olunması yolunda işlər aparılmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2001-ci il aprelin 26-da imzaladığı “Ordubad rayonundakı Gəmiqaya abidəsinin tədqiq edilməsi haqqında”, “Naxçıvan Muxtar Respublikası ərazisindəki tarix və mədəniyyət abidələrinin qorunması və pasportlaşdırılması işinin təşkili haqqında” 2005-ci il 6 dekabr tarixli sərəncamları da muxtar respublika ərazisindəki tarix və mədəniyyət abidələrinin tədqiqində müstəsna rol oynayır. 2006-2016-cı illərdə muxtar respublikada 1200-dən çox abidə qeydə alınaraq pasportlaşdırılmışdır. Onlarla tarixi abidələr dini məkanlar bərpa olunaraq xalqımızın ən dəyərli sərvətləri sırasına daxil edilmişdir.

Keçmişlə bu günün, keçmişlə müasirliyin, sadə ilə dəbdəbənin sintezidir bu gün Naxçıvan. Ağuşunda övladları kimi qoruduğu hər dövrün abidələri ilə birlikdə yerli sakinləri ilə yanaşı qonaqlarını da qarşılayıb, yola salır zaman-zaman. Hər qonağının qəlbində özünəməxsus iz qoyur bu yurd. Sevəninə fərəh, sevməyəninə göz dağı olur füsunkar təbiəti, zəngin flora və faunası, dumduru bulaqları, təmiz və biri-birindən gözəl yaşayış məskənləri, tarixi abidələri və ən nəhayət bütün sahib olduqlarına layiqincə sahib çıxan millətiylə özü abidə olan Naxçıvanım.

Kim bilir neçədir dünyanın yaşı,     
Tarixin nə qədər yazısı vardır.
Hər saxsı parçası, hər məzar daşı,    
Nəsildən, nəslə bir yadigardır.

Sevinc Səbzəliyeva,
Naxçıvan Dövlət Xalça Muzeyinin əməkdaşı