İnsan sağlamlığı faktorunun önə çəkilməsi nə qədər məntiqli və zəruridirsə də, faktdır ki, pandemiya səbəbindən qapıları tamaşaçıların üzünə bağlanmış teatrlarımız durğunluq dövrünü yaşayır. Hər bir halda dövlətin diqqətdən kənarda qoymadığı, qayğı ilə əhatə etdiyi, maliyyələşdirdiyi sənət məbədlərimiz öz sevimli tamaşaçıları ilə canlı təmasdan, repertuar üçün əsər axtarışından, səs-küylü məşqlərdən, yeni tamaşaları ilə izləyicilərini sevindirməkdən məhrum vəziyyətdədir. Doğrudur, yaranmış boşluq Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin tövsiyəsi ilə onlayn tamaşalar hesabına doldurulmağa çalışılır, ancaq hətta bir neçə əcnəbi dildə alt yazı ilə təqdim edilməsinə, dünyanın müxtəlif yerlərindən də izlənmək imkanının olmasına baxmayaraq, bu, nə teatrın normal fəaliyyət problemini, nə də tamaşaçının səhnə əsərini zaldan izləmək sevgisini qarşılaya bilmir. Sənətin bu növünün taleyi ilə bağlı artmaqda olan narahatlıqlar bəzi sualları aktuallaşdırır: İl yarımdır davam edən fasilə teatrların yaradıcı fəaliyyətində özünü hansı fəsadlarla göstərə bilər? Teatrlar əvvəllər də müəyyən qədər qıtlığıyla üzləşdiyi tamaşaçını yaranmış fasiləylə itirə bilərmi və ya əksinə, tamaşaçı darıxdığı üçün teatrlara daha çox axın edəcək?

Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunun Teatr, kino və televiziya şöbəsinin müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Vidadi Qafarov mövzu ilə bağlı yuxarıdakı suallarımızı cavablayaraq bildirdi ki, tamaşaçısız teatr adicə bir binadır: “Sözsüz ki, söhbət onlayn tamaşaların virtual izləyicisindən deyil, canlı tamaşaçıdan gedir. Bununla bağlı, çox məşhur bir əhvalat var. Görkəmli rus aktrisası Mariya Savina Berlində qastrolda olarkən imperator Vilhelm onun tamaşasına baxmaq istəyir. Alman imperatoru aktrisaya hörmət əlaməti olaraq tamaşaya tək baxacağını bildirir. Savina isə cavab verir ki, Əlahəzrət, əmr edin, salonu, heç olmasa, zabitlərlə doldursunlar. Hətta imperatorun özü olsa belə, mən bir adam üçün oynaya bilmərəm. Çox maraqlı tarixçədir, deyilmi?! Teatr sənətinin mahiyyətini nə qədər dəqiq açır və teatr üçün tamaşaçının nə demək olduğunu əyani şəkildə isbatlayır.”
Koronavirus pandemiyasının bütün bəşəriyyətin həyatı üçün təhlükə olduğunu deyən V.Qafarovun fikrincə, incəsənət sahəsində ən ağır vəziyyətə düşən yəqin ki, teatrdır: “Çünki teatrın obyekti də insandır, subyekti də, aləti də insandır, məhsulu da, yaradanı da insandır, yaratdığı da. Bu yerdə, teatrın yalnız canlı deyil, həm də kollektiv sənət olduğunu xatırlatsaq, onda vəziyyətin nə qədər acınacaqlı olduğu daha aydın görünər. Cəmiyyət bu gün dünyaya yalnız internet vasitəsi ilə baxır, sosial şəbəkələr vasitəsi ilə nəfəs alır. İndi, təəssüf ki, canlı ünsiyyəti virtual ünsiyyət, canlı sənəti virtual sənət əvəz edir. Daha doğrusu, əvəz etməyə çalışır. Teatrlar öz tamaşalarını internet vasitəsi ilə paylaşırlar. Zamanla ayaqlaşmağa, teatrı yaşatmağa çalışırlar. Amma buna nə dərəcədə nail olurlar və ya nə dərəcədə nail ola bilərlər?
Burada vacib məsələ odur ki, internet istifadəçilərinin, yəni potensial tamaşaçıların böyük bir qismi, xüsusən də orta və yaşlı nəsil heç də virtual sənət həvəskarları deyil, canlı sənəti sevənlərdir. Gənc nəsil isə internetdə daha çox əyləncə xarakterli məhsullara üstünlük verir. Lap tutaq ki, virtual tamaşaçı auditoriyası ilə bağlı heç bir problem yoxdur, bəs canlı teatrın taleyi necə olacaq?”
Mütəxəssis teatrların yardıcı fəaliyyətində yaranmış fasilənin gələcəkdə tamaşaçı sayına da təsirsiz ötüşməyəcəyi qənaətindədir: “Təəssüf ki, yaradıcı məsələlərlə yanaşı, Azərbaycan teatrının neçə illərdir tamaşaçı qıtlığı problemi də mövcuddur. Təsəvvür edin, 30 illik yubileyini bayram edəcəyimiz müstəqilliyimizin ilk ilində, yəni 1991-ci ildə ölkəmizdə teatr tamaşalarına 1milyon 584 min tamaşaçı baxdığı halda, koronavirus pandemiyasından əvvəl, 2019-cu ildə teatr tamaşalarını cəmi 645 min seyrçi izləyib. Baxmayaraq ki, 1991-ci ildə ölkəmizdə teatrların sayı 20, əhalinin sayı 7 milyon 218 min, 2019-cu ildə isə peşəkar teatrların sayı 29, əhalinin sayı 10 milyona yaxın olub. Yəni 1991-ci ildə hər min nəfərdən 218-i tamaşaçı olduğu halda, 2019-cu ildə hər min nəfərdən cəmi 65 nəfər teatra gedib. Bu statistik rəqəmləri də nəzərə alsaq, yaranmış fasilənin gələcəkdə tamaşaçı sayına necə təsir göstərəcəyini təsəvvür etmək çətin deyil.”

AMEA-nın doktorantı, teatrşünas Aygün Süleymanovanın sözlərinə görə, pandemiya səbəbindən son dövrlər Azərbaycan teatrı dedikdə aktual olan nəsnə ənənələrin qorunması, sabit teatr məkanının idarə olunması və dövlətin teatr xadimlərinə, sənətkarlarına göstərdiyi diqqət nəzərdə tutulur. Yəni cəmiyyətin qaynar hadisələri içində "Azərbaycan teatr"ı məfhumu arxa plana keçib: “Bu gün isə teatrın illərlə yaradılan tarixi də, ənənəsi də ən çətin sınaq dövrünü yaşayır. Düşünün, son il yarım Azərbaycan teatr tarixinə nə yazılacaq? Bu müddətdə hər hansı aktyorun, rejissorun yaradıcılıq bioqrafiyasında nə yazıldı? Boşluq... Bu boşluq onsuz da müvazinətini çətinliklə saxlayan teatrlarımızın taleyinə ciddi təsir göstərə bilər. Hesab edirəm ki, pandemiya təhlükəsinə qarşı tədbirlər görülməklə yeni tamaşalar səhnələşdirilməlidir, məşqlər davamlı olmalıdır, aktyorlar rollarının üzərində işləməlidirlər, rejissorlar tamaşa ərsəyə gətirməlidirlər.”
Tamaşaçı məsələsinə gəlincə, A.Süleymanova bildirdi ki, bu, dünənki teatrın problemlərindən ən aktualı idi: “Bu gün isə teatrlar açılsa, hesab edirəm ki, tamaşaçı problemi olmayacaq. Canlı ünsiyyət üçün darıxan tamaşaçının teatr məkanına böyük məmnuniyyətlə gələcəyinə əminəm.”

Mövzu ilə bağlı teatrlarımızdan da münasibət öyrəndik. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının mətbuat katibi Cavid Zeynallı “İki sahil”ə açıqlamasında pandemiyanın teatrların fəaliyyətinə təsirsiz ötüşmədiyini bildirdi: “Artıq 18 aydır teatrlar bağlıdır. Əlbəttə, fəsadlar böyükdür. Bizim teatrın karantindən əvvəl çoxlu planları var idi. Məsələn, yerli və beynəlxalq qastrol səfərləri. Yaxud beynəlxalq festivallarda iştirak. Gürcü teatrının Akademik Milli Dram Teatrının səhnəsində tamaşa oynamaq planı var idi. Bolqarıstan Milli Teatrı ilə Memorandum imzalanmışdı, qarşılıqlı əməkdaşlıqla bağlı bir çox işlər nəzərdə tutulurdu. Bütün bunların hamısı təxirə düşdü. Bu müddətdə ən azı 10 tamaşanın premyerası ola bilərdi. Bu, təkcə yaradıcı itki deyil, həm də maddi-iqtisadi fəsaddır. Tamaşaçılarımız uzaq düşüb, aktyorlar yaradıcılıqdan uzaqlaşıblar. Əlbəttə, teatr açılandan sonra bizə bir neçə ay lazımdır ki, bütün bunları bərpa edək, yeni proses başlasın.”
C.Zeynallı qeyd olunanlara baxmayaraq, tamaşaçılarla bağlı nikbin fikirdədir: “Teatrı sevən, teatrın təəssübünü çəkən tamaşaçı həmişə var və mən inanmıram ki, pandemiya səbəbindən yaranmış fasilə onların bu münasibətinə hər hansı təsir etsin. Çünki ötən il yarımda biz tamaşaçılarımızın sevgisini, teatr üçün darıxdıqlarını görürük. Fikrimcə, teatrlar açılanda tamaşaçıları tamaşalara cəlb etmək baxımından heç bir problemimiz olmayacaq.”

Bu il 90 yaşı tamam olan Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının mətbuat xidmətinin rəhbəri Həmidə Rüstəmova da pandemiya səbəbindən vəziyyətin ürəkaçan olmadığını desə də, məsələyə optimist yanaşmanın tərəfdarıdır: “Heç kimə sirr deyil ki, teatr bu gün özünün ən ağır, ən mürəkkəb dönəmini yaşayır. Vizual sənətlərə, informasiya texnologiyalarına, kino sənayesinə, çağdaş kommunikasiyalara müqavimət göstərən teatr, bu unikal klassik yaradıcılıq növü koronavirus adlı yeni və daha təhlükəli düşməni ilə üz-üzə qalıb. Onun bu mübarizədən hansı itkilərlə çıxacağına gəlincə, bunu zaman göstərəcək və yalnız yüksək peşəkarlıq və zamanın tələbinə hesablanmış yaradıcı aktlar yaşamaq hüququ qazanacaq. Təbii ki, burada söhbət təkcə Azərbaycan yox, ümumən dünya teatrından gedir. Amma məsələyə bu qədər pessimist yanaşmağın da tərəfdarı deyiləm. Çünki teatr zaman-zaman bu kimi təlatümləri adlayıb və özünün daha yeni və gözəl dövrünü yaşayıb.”
Konkret olaraq Azərbaycan Dövlət Kukla Teatrına gəlincə, H.Rüstəmova sonuncu dəfə pandemiyadan öncə - ötən ilin martında iki yeni tamaşa hazırlandığını bildirdi: “Milli Teatr günü “Qızıl balıq” və “Balaca qara balıq” tamaşalarının premyerasını edəcəkdik, məlum səbəbdən bu nümayişlər təxirə düşdü. Biz fasilə müddətində həmin tamaşaların məşqlərini, videoçəkilişini də apardıq. Ümumiyyətlə, karantin qaydalarına uyğun olaraq, müəyyən müddət heyət sayında ixtisarlarla məşqlər apardıq və yeni mövsümdə - teatrların fəaliyyətinə imkan veriləndə tamaşaçı qarşısına iki yeni nümunə ilə çıxacağıq. Bildiyiniz kimi, bu il teatrımızın 90 illik yubileyidir və biz silsilə yubiley proqramı və 4 yeni tamaşanın planını da qurmuşuq. 3 tamaşanın eskizləri artıq hazırdır. İki əsaslı bərpa tamaşamızın da oxunuşları, eskizləri, kuklaları üzərində iş aparılır. Fasiləyə, mövsümi tətilə rəğmən mövcud tələblər gözlənilməklə yaradıcı iş davam edir. Bu sırada fasiləsiz olaraq sosial aksiyalarda iştirakımızı, şəhid övladları üçün təşkil olunan düşərgələrdəki mütəmadi çıxışlarımızı da qeyd etmək istərdim. Yəni proses gedir və biz yaradıcı heyətin səhnə vərdişlərini unutmaqlarını istəmirik. Digər tərəfdən aktyorun ən böyük təsəllisi, ən vacib mənəvi qidası tamaşaçı ilə ünsiyyətdir. Bu kukla, şırma arxasından olsa da.”
Mətbuat xidmətinin rəhbəri yaranmış fasilənin tamaşaçıların teatra olan münasibətinə necə təsir göstərəcəyinə də münasibət bildirdi: “Biz tamaşaçı problemi yaşamayan teatr müəssisələrindən olmuşuq və pandemiyadan sonra da, yəni post-pandemiya dövrünün teatr mənzərəsində də bu nəticəni saxlamağa çalışacağıq. Nəzərə alsaq ki, bizim əsas tamaşaçı kontingentimiz uşaq və yeniyetmələrdir, sakitcə prosesi izləmək və gözləmək şansımız yoxdur. Çünki uşaq təbiəti, zəkası, zövqü daim yenilənir və o bizdən sürətlə dəyişən zövqünə uyğun işlər gözləyir. Pandemiyadan öncə rüblük plan üzrə 4-5, bir o qədər də plandankənar tamaşa hazırlayırdıq. Bunlar kassa tamaşası olduğu üçün tamaşaçı istər-istəməz yeni adlar, yeni nümunələr istəyirdi və biz də buna görə daim repertuarı yeniləyirdik. Teatr ictimaiyyətinin də bildiyi kimi Azərbaycan Dövlət Kukla Teatrı bəlkə də yeganə açıq kassa teatrıdır. Hər hansı müvəkkil olmadan bilet satışını yalnız öz kassamızdan edirik və beləliklə, tamaşaçı ilə vasitəçisiz ünsiyyətdə oluruq. Məhz bu məqam bizə tamaşaçı sorğularına tez və keyfiyyətli cavab vermək imkanı verir. Düşünürəm ki, pandemiya bitdikdən sonra da sadəcə öz işimizlə məşğul olmaqla tamaşaçılarımızı, fasilə nəticəsində itmiş o hissəni yenidən teatra gətirəcəyik.”
Bütün digər səbəblər kimi, pandemiya da, xəstəliklər də, müvəqqətidir. Sənət isə yaşayacaq, yaşamalıdır. İnanaq ki, sevgiylə, həvəslə sənət məbədlərinə üz tutacağımız o gözəl günlərə az qalıb, lap az… Yenə də nəhayət ki, üçüncü zəng çalınacaq, işıqlar sönəcək və teatrın sehrli dünyasına yolçuluq başlayacaq…
Mahir Rəsuloğlu, “İki sahil”