28 avqust 2021 15:33
1734

Viktoriya Qranetskanın “Xoşbəxt” romanı nəşr olunub

ROMANIN QƏHRƏMANI AZƏRBAYCANLIDIR

Tanınmış Ukrayna yazıçısı Viktoriya Qranetskanın “Xoşbəxt” romanı nəşr olunmuşdur. “Nurlar” nəşriyyatında yayınlanan romanı Ukrayna dilin­dən Azərbaycan türkcəsinə gənc ədəbiyyatşünas və tərcüməçi Qumru Şəhriyar çevirmişdir.

“İki sahil” xəbər verir ki, gerçək olaylar əsasında qələmə alınmış “Xoşbəxt” romanı Viktoriya Qranet­skanın 2015-ci ildə “Sözün taclandırılması” Beynəlxalq ədəbi müsabiqə­sinin özəl mükafatına layiq görülən üçüncü romanıdır.

Müəllif müsahibələrinin birində bildirir ki: “Çağdaş Ukrayna ədəbiyyatında prinsipial olaraq yeni bir şey yaratmaq istədim – başqalarının və daha əvvəl yazdıqlarımın fonunda fərqlənə­cək yeni bir şey. Məncə, Ukrayna müsəlmanları mövzusu gərgin, mürəkkəb və hər zamankındən daha aktualdır...”

 Qeyd edək ki, Viktoriya Qranetskanın “Xoşbəxt” romanının süjet hörüyü Azər­bay­canla bağlı mə­qamları ilə səciy­yəvidir və müəllifin belə bir möv­zuya müraciəti təsadüfi deyildir. Belə ki, əsərdə hadisə­lər ukray­nalı pravoslav qız (Olesya) və Azər­baycanın Dağlıq Qarabağ böl­gə­sindən olan, köçkünlük səbəbindən ailəliklə Vin­nitsaya sığınan türk-mü­səlman oğlanın (Yusif) sevgi münasibətləri ilə bağlı real, ger­çək olay­lara söy­kə­nən sü­jet hörüyü üzə­rində qu­rulmuşdur. Ro­manda təsvir olunan hadisə­lərin drama­tizmini ukraynalı qızın sevgisi na­minə dinini dəyişərək islamı qə­bul etməsi gücləndirir. Onların ev­li­li­yindən do­ğulan oğlana qo­­yu­lan Səid adı ukrayna­caya tərcü­mədə “xoş­bəxt” mənasını ve­rir – romanın adı da bur­dan qay­naq­lanır. Lakin uşaq sağalmaz xəs­tə ki­mi doğulur və onun sağ­lamlığı uğrunda mü­cadilə süjetdə əhə­miy­yətli yer tu­tur. Əsərin qəhrə­manları qar­şı­laşdıqları anlaşıl­maz­lığa və yaşadıqları çevrənin ciddi müqa­vi­mət­lərinə bax­ma­yaraq bütün çə­tinliklərin dəf etməyi bacarır və roman xoşbəxt sonluqla bitir.

Yazıçının yaradıcılığında önəmli yer tutan “Xoşbəxt” romanı sevgi mövzusundadır. Eyni zamanda, “Tanrı, ümumiyyətlə din və xüsusilə islam dininin hakim olmadığı toplumda islamın qavranılması, Ukraynadakı müsəlmanlar haqqında stereotiplərlə mübarizənin əhəmiyyəti” kimi o qədər də sadə qavra­nılmayan problemlərdən bəhs edir.

Romanın Azərbaycan nəşrinə “Sevgi – xoşbəxtliyin açarı” adlı geniş ön söz yazmış yazıçı Vaqif Sultanlının qənaətincə, “...istər dünya, istərsə də Azərbaycan ədə­biy­yatında fərqli dinlərin, inanc­ların yarat­dığı maneələri aşaraq bi­ri-birinə qovuşan, vüsalla (bəzən də faciəyə aparan vüsalla) bitən sev­gilər barədə xeyli əsər yazıl­mışdır. Yaranan hər bir mükəmməl mətndə sev­ginin tanrı­sallığı önə sü­rülmüş, toplumların qutsal­laş­dırdığı dəyərlərin və insanlığa xas bütün digər yanaşım və münasi­bət­lərin on­dan son­ra gəl­diyi qənaətinə tapınılmışdır. “Xoş­bəxt” ro­manın­da isə mövzunun fərqli çalarlarına baş vurulması, bu­ra­da qaldı­rılan prob­lemin təmə­lində dini inanc­lardan qaynaq­lanan ya­saq­­lar­dan çox, mənəvi-əxla­qi fərqliliklərin sevgiyə – xoşbəxtliyə aparan or­taq məqam­larının qabardılması diqqəti çəkir”.

İnanırıq ki, Viktoriya Qranetskanın “Xoşbəxt” romanı geniş oxucu auditori­yasının diqqət və marağını çəkəcək, ədəbi tənqid tərəfindən layiqincə dəyər­lən­diri­ləcək, Ukrayna-Azərbaycan ədəbi əlaqələrinin möhkəmlənməsinə öz töhfəsini verəcəkdir.

“İki sahil” qəzeti