24 dekabr 2021 17:19
1482

Tərtərdə “Azərbaycan son 18 ildə” mövzusunda konfrans - FOTO

Dekabrın 24-də YAP Tərtər rayon təşkilatının və rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Azərbaycan son 18 ildə” mövzusunda konfrans keçirilib.

“İki sahil” xəbər verir ki, konfransda rayon təşkilatının ərazi partiya təşkilat sədrləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak  ediblər.

Öncə ümummilli lider Heydər Əliyevin və Vətənimizin suverenliyi və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anıldı.

YAP rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən Ramiz Şabanov konfrans iştirakçıları qarşısında “Azərbaycan son 18 ildə” mövzusunda geniş məruzə ilə çıxış etdi.

Məruzədə qeyd olundu ki, xalqlar əhalisinin sayı ilə deyil, bəşəriyyətə bəxş etdikləri duhalarla böyük olurlar. Xalqımızın dünya xalqları içərisində yerini müəyyən etmək üçün ulu öndər Heydər Əliyevin adını və xidmətlərini xatırlamaq kifayət edər. Dünya liderləri İlham Əliyev kimi layiqli övlad, praqramtik düşüncəyə malik, görkəmli siyasətçi və dövlət xadimi kimi yetişdirməsini Heydər Əliyevin həm də siyasi sələf olaraq çox böyük tarixi xidməti ilə dəyərləndirirlər.

Möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə son 18 ildə Onun düşüncəsinin məhsulu olan çox mühüm layihələr, Bakı-Tiblisi-Qars dəmiryolu xəttinin, Ələt Dəniz Limanın istifadəyə verilməsi Azərbaycan dövləti və xalqı qarşısında tarixi xidmətdir.

Regionların inkişafı dövlət proqramları çərçivəsində respublikanın bütün şəhər və rayonlarında dünya standartlarına uyğun milli memarlıq üslubunda olan çoxsaylı inzibati və sosial obyektlər, yaşayış binaları tikilmiş, insanların asudə vaxtlarını səmərəli keçirmək məqsədilə hər yanda yeni, müasir istirahət mərkəzləri və parklar salınmışdır. Yürüdülən düzgün siyasət nəticəsində ölkəmiz az bir vaxtda turizm və səyahət zonasına çevrilmiş, sabitliyin, sülhün və qardaşlığın məkanı bərqərar olmuşdur.  

Əsrə bərabər son 18 ilin zirvəsində isə təbii ki, işğal altındakı torpaqlarımızın azad olunması, ərazi bütövlüyümüzün bərpası ilə nəticələnmiş Vətən müharibəsi dayanır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və qəhrəman ordumuzun şücaəti ilə qazanılan Qarabağ Zəfəri xalqımızın şanlı tarixinə qızıl hərflərlə yazılmış, Azərbaycan qalib ölkəyə, xalqımız qalib xalqa çevrilməklə regionda yeni reallıqlar yaranmışdır.

Tariximzdə 44 günlük Vətən müharibəsi kimi yer alan müharibədə Prezident İlham Əliyevin daha bir keyfiyyəti-sərkədərlik məharəti üzə çıxmışdır.  

Bu gün Azərbaycan dünyanı həm də azad edilmiş ərazilərdə surətli bərpa və yenidənqurma işləri ilə heyrətləndirir. Bu ərazilərdə yeni yollar çəkilir, elektrik stansiyaları tikilir, zəruri həyati əhəmiyyətli infrastruktur layihələri gerçəkləşdirilir. Bu da onu deməyə əsas verir ki, işğaldan azad olunmuş dədə-baba yurd yerlərimiz tezliklə cənnətə çevriləcək, 30 ilə yaxın köçkün kimi yaşayan soydaşlarımız yaxın zamanlarda doğma yurd-yuvalarına qayıdacaqlar.

Ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə son 18 ildə ölkə iqtisadiyyatı 3,2 dəfə artmış, yoxsulluq səviyyəsi 49 faizdən 5 faizə düşmüş, 2 milyondan çox yeni iş yerləri yaradılmış, əmək haqları, pensiyalar dəfələrlə artırılmışdır. Bütün bunlar insanlarımızın rifah halının daha da yüksəlməsinə, firavan yaşamasına səbəb olmuşdur.

Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan bu gün dünyanın məhdud saylı kosmik ölkələri sırasında yer almışdır.

Azərbaycan son 18 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm tarixi nailiyyətlər qazanmışdır. Qarşıda isə yeni və böyük vəzifələr dayanır. Ötən illər ərzində ölkəmizə xidmət göstərmiş Heydər Əliyev siyasətinin bundan sonra da davam etdirilməsinə, dövlətimizin qüdrət və əzəmətini daha da artırmaq məqsədinin gerçəkləşməsinə yönəldilmişdir.

Məruzədə qeyd olunmuşdur ki, 18 ildə əldə edilmiş nailiyyətlərin  arxasında məqsədyönlü siyasət, elmi əsaslara və ölkənin mövcud potensialının düzgün qiymətləndirilməsinə söykənən inkişaf prioritetləri dayanır. Əminik ki, Azərbaycan xalqını firavan gələcəyə aparan bu siyasətin davamlılığı qarşıdakı illərdə də təmin olunacaq, müstəqil respublikamız cənab İlham Əliyevin rəhbərliyi altında inkişaf tempini sürətləndirərək dünyanın qabaqcıl və qüdrətli dövlətləri arasında layiqli yerini qoruyub saxlayacaqdır.

Konfransda çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, rayon Təhsil şöbəsinin müdir əvəzi Nuranə Abdullazadə, rayon Mərkəzi Xəstəxanasının baş həkimi Sevda Əliyeva, Bərdə Regional Mədəniyyət İdarəsinin Tərtər rayonu üzrə nümayəndəsi Ceyhun İsmayılzadə, Vətən müharibəsi qəhrəmanı Azər Abdullazadə, Tərtər Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Mehman Babayev və rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov son 18 ildə möhtərəm Prezident cənab İlham Əliyevin ölkəmizin hərtərəfli inkişafı, xalqımızın sosial rifah halının durmadan yaxşılaşdırılması, dövlətin və millətin təhlükəsizliyinin təmin edilməsi istiqamətində yürütdüyü siyasət nəticəsində əldə olunan müsbət nəticələr barədə fikirlərini konfrans iştirakçıları ilə bölüşüblər.

Konfransda o da vurğulandı ki, tərtərlilər həmişə olduğu kimi, bundan sonra da xalqımızın qəhrəman oğlu, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı daxili və xarici siyasəti dəstəkləyəcəkdir.