Dekabrın 24-də Nizami Kino Mərkəzində “Davam” adlı mahnı və klipin media və ictimaiyyətə təqdimatı keçirildi.
“Davam” Gənclər Hərəkatının (GH) təşəbbüsü ilə ərsəyə gəlmiş mahnının musiqisi, sözləri və ifası sənətçi Fərid Mərdə məxsusdur. Yüksək peşəkarlıqla hazırlanan klipin rejissoru İstanbul Film Akademiyasının məzunu Elvin Abdulla, baş operatoru isə Rüfət Hüseynovdur.
“Davam” Gənclər Hərəkatının sədri Nihad Allahyarlı tədbirdə çıxış edərək bildirdi ki, klipin çəkilişi 1600-dən çox davamçı gəncin iştirakı ilə Heydər Əliyev Mərkəzinin qarşısında, 44 günlük Vətən müharibəsində Silahlı Qüvvələrimizin qazandığı tarixi Qələbənin əsəri olan Hərbi Qənimətlər Parkında və füsunkar Bakımızın mərkəzi küçələrində baş tutub: “Bu mahnı və klip “Davam”çı gənclərin həmrəylik, birlik mesajını və onların tarixi Zəfərdən sonra fərqli, yeni Azərbaycanda dayanıqlı inkişaf yoluna “davam” söyləməsini özündə ehtiva edir. Bununla yanaşı, klipin son kadrı olan Hərbi Qənimətlər Parkında yer alan “Qarabağ Azərbaycandır!” şüarı yazılmış lövhənin qarşısında dalğalandırılan Azərbaycan bayrağı isə 44 günlük Vətən müharibəsi dövründə məhz Şuşa şəhəri işğaldan azad edildikdən sonra şəhərə sancılan bayraqlardan biridir.”
Təqdimat mərasimində sənətçi Fərid Mərd çıxış edərək “Davam” adlı mahnının yaranması haqqında danışaraq bu təklifi ona Nihad Allahyarlının verdiyini, belə bir layihədə iştirak etdiyinə görə qürur hissi keçirdiyini, klipin tezliklə böyük bir kütlə tərəfindən seviləcəyinə, uğur qazanacağına inandığını söylədi.
Tədbirdə “Davam” GH-nin nəzdindəki Davamlı İnkişaf Mərkəzinin direktoru Niyaz Əliyev sözügedən mahnının klip çəkilişləri barədə məlumat verdi.
"Davam" Gənclər Hərəkatı "Davam" mahnısının klipinin ərsəyə gəlməsinə göstərdiyi dəstəyə görə Azərbaycan Respublikasının Gənclər Fondunun, Heydər Əliyev Mərkəzinin, Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin, Hərbi Qənimətlər Parkının və Nizami Kino Mərkəzinin rəhbərliyinə təşəkkür etdi.
Cavid Əkbərov, “İki sahil”
535 mənzilin "Güzəştli mənzil" sistemi vasitəsilə satışı uğurla həyata keçirilib
Peşə təhsili müəssisələrinə tələbə qəbulunun II mərhələsinin nəticələri məlum olub
MİQ üzrə müsabiqədə müddətli əmək müqaviləsi ilə vakansiya seçiminin nəticələri elan olunub
Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi ilə bağlı məsələlər nəzarətə götürülüb