27 dekabr 2021 14:29
1099

Salyanda «Azərbaycan son 18 ildə» adlı elmi-praktiki konfrans keçirilib - FOTO

Rəşad Cəbrayılov: «Cənab İlham Əliyev xalqın birmənalı şəkildə dəstəklədiyi, etimad göstərdiyi və güvəndiyi Liderdir»

YAP Salyan rayon təşkilatında «Azərbaycan son 18 ildə» adlı konfrans keçirilib. Konfransda Yeni Azərbaycan Partiyasının qurucusu ümummilli liderimiz Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilmişdir.

“İki sahil” xəbər verir ki, konfransda YAP Salyan rayon təşkilatının sədri səlahiyyətlərini icra edən Rəşad Cəbrayılov çıxış edərək müstəqil Azərbaycanımızın 18 ildə qazandığı uğurlardan və İkinci Qarabağ Müharibəsindəki  tarixi Zəfərdən söz açıb:« Prezident İlham Əliyev qurucu, birləşdirici, Azərbaycan xalqının bütün istək və arzularını həyata keçirən, öz siyasətində Azərbaycan dövlətinin və xalqının maraqlarını ən ali məqsəd kimi görən və bütün qüvvəsini bu istiqamətdə səfərbər edən, xalqın birmənalı şəkildə dəstəklədiyi, etimad göstərdiyi və etibar etdiyi Liderdir.»

YAP Salyan rayon təşkilatının fəalı,  Heydər Əliyev Mərkəzinin direktoru Nübar Bayramova keçən müddət ərzində Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyev tərəfindən çox böyük uğurlara imza ataraq ölkədə bütün istiqamətlər üzrə ciddi nailiyyətlər əldə edilməsindən danışıb.

YAP Salyan rayon təşkilatının fəalı, Şəkərli kənd ümumi orta məktəbinin direktoru Səlimli Səlimağa çıxışında bildirib ki, Prezident İlham Əliyev 2003-cü ildə qarşıya qoyduğu və bəyan etdiyi strateji hədəflərə nail olunması üçün istər beynəlxalq miqyasda, istərsə də ölkə daxilində məqsədyönlü, ardıcıl, düşünülmüş siyasət həyata keçirdi və «güclü dövlət» konsepsiyasını reallaşdırmağa nail olub.

YAP Salyan rayon təşkilatının gənc fəalı,  Salyan şəhər 9 saylı tam orta məktəbinin müəlliməsi Turanxanım Mehdiyeva çıxış edərək bildirib ki, doğma vətənimiz və xalqımız qarşısında Prezident İlham Əliyevin ən böyük xidmətlərindən biri də qüdrətli Azərbaycan Ordusunun yaranmasıdır. 18 ildə müasir ordu quruculuğu istiqamətində ardıcıl olaraq vacib addımlar atıldı, ordunun döyüş qabiliyyətinin yüksəldilməsi məqsədi ilə Silahlı Qüvvələrimizin maliyyə imkanları artırıldı, yeni müasir texnika və avadınlıqlar, silah-sursatlar alındı, hərbi qulluqçuların əmək haqqıları artırıldı, əskər və zabitlərimizin döyüş əzmi yüksəldilərək Azərbaycan Ordusunu dünyanın ən güclü orduları sırasına daxil edilməsi təmin olundu.

YAP Salyan rayon təşkilatının gənc fəalı,  Qardili kənd tam orta məktəbinin müəlliməsi Hafizə Xudiyeva  çıxışında vurğulayıb ki, Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünü bərpa edən Lider kimi adını əbədi olaraq tarixə yazdırdı, Azərbaycan xalqının qəhrəmanlıq salnaməsini yaratdı və 44 günlük Vətən Müharibəsinin əsl qəhrəmanına çevrildi: «Böyük inkişaf yolu keçmiş Şanlı Ordumuz Müzəffər Ali Baş Komandan, böyük sərkərdə İlham Əliyevin rəhbərliyi ilə 30 il işğal altında qalan doğma torpaqlarımızı 44 gün ərzində işğaldan azad etdi. Ölkəmizin ərazi bütövlüyü təmin olundu. Bu gün xalqımız dünyada mübariz, döyüşkən və müzəffər xalq, dövlətimiz qalib dövlət kimi tanınır.

Hazırda düşmən işğalından azad edilən doğma torpaqlarımızda yenidənqurma, bərpa, abadlaşdırma işləri sürətlə aparılır. Yeni infrastrukturun yaradılması ilə yanaşı, bir çox dövlətlər üçün nümunəvi hesab olunan müasir idarəçilik modelinin tətbiqi işğaldan azad olunan ərazilərimizin daha çevik inkişaf etməsinə gətirib çıxaracaqdır. Son 18 ildə Azərbaycanın hər bir sahədə əldə etdiyi bütün uğurların və nailiyyətlərin əsasında yalnız və yalnız Prezident İlham Əliyevin rəhbərliyi ilə tətbiq olunan düzgün idarəçilik modeli dayanır və bu uğurlu inkişaf bilavasitə cənab İlham Əliyevin gərgin əməyinin bəhrəsidir.»