27 dekabr 2021 15:25
1088

İmişlidə şəhidin doğum günü anılıb - FOTO

 Bu gün İmişli Rayon İcra Hakimiyyətinin və YAP İmişli rayon təşkilatı  əməkdaşları tərəfindən Vətən Müharibəsi şəhidi Gülalıyev Əlnur Seymur oğlunun doğum günündə xatirəsi anılıb.

“İki sahil” xəbər verir ki, şəhidimizin doğum günündə  RİH-in məsul işçiləri, şəhidin qohumları və yaxınları onun məzarını ziyarət edərək əziz xatirəsini ehtiramla yad edib, ruhuna dualar oxuyublar. Ziyarət zamanı çıxış edənlər Əlnurun ailəsinə başsağlığı verərək Vətən Müharibəsində Azərbaycan gəncliyinin, vətənpərvərliyinin, əzminin bütün dünyaya nümayiş etdirildiyini, Ali Baş Komandan, Böyük Sərkərdə cənab İlham Əliyevin rəhbərliyi altında müzəffər Azərbaycan Ordusunun xalqımıza yaşatdığı Möhtəşəm Qələbə nəticəsində bütün şəhidlərimizin, qəhrəmanlarımızın qanının yerdə qalmadığını vurğulayıblar. Sonra şəhidimizin ata ocağına gələrək Vətən uğrunda canından keçən şəhidimizə bir daha Allahdan rəhmət, ailəsinə isə səbir dilənib.

Xatırladaq ki, yaşasaydı  bu gün Əlnurun 24 yaşı tamam olacaqdı. O, 25 dekabr 1997-ci il tarixində İmişli rayonunun Xəlfəli kəndində anadan olub. Vətən Müharibəsində könüllü olaraq iştirak edib, Füzulinin azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşub. Əlnur Gülalıyev 3 oktyabr 2020-ci ildə Füzulidə döyüş tapşırığının yerinə yetirərkən şəhid olub. Düşmənə ağır zərbələr endirən şəhidimiz göstərdiyi şücaətlərə görə ölümündən sonra «Vətən uğrunda» və «Xocavəndin azad olunmasına görə» medalları ilə təltif edilib.