Zirə Mədəniyyət Mərkəzi Eko Parkda Birinci və İkinci Qarabağ müharibəsi iştirakçısı, Dövlət Sərhəd Xidmətinin polkovniki, şəhid Füzuli Cavadovun 60 illik yubileyinə həsr olunan anım tədbiri keçirilib.
“İki sahil” xəbər verir ki, tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Zirə Cümə məscidinin axundu Qədir Nəcəfzadə çıxış edərək Bakının Zirə qəsəbəsində doğulan, böyüyüb boya-başa çatan Füzuli Cavadovun keçdiyi şərəfli ömür yolundan danışıb. Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov çıxışında şəhid Füzuli Cavadovun Azərbaycan Ordusunun möhkəmləndirilməsində xidmətləri olan peşəkar zabitlərdən biri olduğunu bildirib. Milli Məclisin 14 saylı Xəzər–Pirallahı seçki dairəsi üzrə deputatı Günay Əfəndiyeva Füzuli Cavadovun xatirəsinin Azərbaycan dövlətinin və xalqının yaddaşında hər zaman yaşayacağını bildirib. Günay Əfəndiyeva vurğulayıb ki, Prezident İlham Əliyevin qüdrətli rəhbərliyi nəticəsində ölkəmiz bu gün öz gücü, ordusu, dövlətçiliyi və milli birliyi ilə dünyada öz sözünü deyən bir dövlətdir. Qeyd olunub ki, şəhidlərimizin, qazilərimizin fədakarlığının, hərbçilərimizin və ümumiyyətlə, bütün dövlət qulluqçularımızın sədaqətli xidməti dövlətimizin gücünün əsas dayaqlarındandır.
Tədbirdə Füzuli Cavadovun hərbi xidmət yoldaşı, Dövlət Sərhəd Xidmətinin polkovniki Vüsal Bağırov şəhidlə bağlı xatirələrini bölüşüb.
Ailəsi adından çıxış edən şəhid polkovnikin qızı Nərmin Ağayeva atasının xatirəsinin ehtiramla yad edilməsinə və ailəsinə göstərilən diqqətə görə tədbir iştirakçılarına təşəkkürünü bildirib. O, atasının həyatının və Vətənə xidmət yolunun ailəsi üçün daim qürur mənbəyi olduğunu qeyd edib.
Tədbir bədii hissə ilə davam edib.
Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi ilə bağlı məsələlər nəzarətə götürülüb