Daun sindromlu uşaqlar üçün Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş tədbir keçirilib
Dekabrın 27-də Qayğı-Sağlam Nəsil Naminə İctimai Birliyi və Yeni Azərbaycan Partiyasının Nizami rayon təşkilatı Daun sindromlu uşaqlar üçün Yeni il və 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş tədbir təşkil edib.
Tədbirdə Qayğı-Sağlam Nəsil Naminə İctimai Birliyinin sədri Sevinc Abdullayeva, YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, Milli Məclisin deputatı Sədaqət Vəliyeva, Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini İldırım Mehdiyev, DOST Agentliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin direktoru Şahin Əliyev, Azərbaycan Dillər Universitetinin tərcümə fakültəsinin dekanı Bənövşə Məmmədova, Azərbaycan Dillər Universitetinin pedaqogika kafedrasının müdiri Nigar Zeynalova və Vətən müharibəsi qaziləri iştirak ediblər.
İctimai Birliyin ötən yeddi ildə həyata keçirdiyi uğurlardan bəhs edən Qayğı-Sağlam Nəsil Naminə İctimai Birliyinin sədri Sevinc Abdullayeva qeyd edib ki, Birliyin əsas məqsədi Daun sindromlu və serebral iflicli uşaqları cəmiyyətə faydalı fərd kimi qazandırmaqdır: "Sevindirici haldır ki, son illər Daun sindromlu və sereblar iflicli uşaqları cəmiyyətə çıxaran valideynlərin sayı xeyli artıb. Burada həmin şəxslərlə işləyən qurumların və əlbəttə ki, peşəkar pedaqoqların rolu böyükdür.”

Daha sonra S.Abdullayeva bu cür tədbirlərin təşkilinin Daun sindromlu və serebral iflicli uşaqlar üçün əhəmiyyətindən söz açıb: “Belə tədbirlərin keçirilməsini ertələdikcə uşaqlarımızın cəmiyyətə inteqrasiyasını dayandırmış oluruq. Bu kimi görüşlərin öndə duran məqsədi odur ki, Daun sindromlu və serebral iflicli uşaqların cəmiyyətimizə inteqrasiyası bərpa olunsun, həmin şəxslər cəmiyyətdəki yerlərini rahatlıqla tapa bilsinlər, eyni zamanda, cəmiyyət onları rahat qəbul edə bilsin. Bununla yanaşı, bu kateqoriyadan olan uşaqların gələcəyi üçün sağlam bünövrə təmin olunsun. Ümid edirəm ki, bu qəbildən olan görüşlərimiz çox olacaq. Bütün cəmiyyət Daun sindromlu şəxslərin istedadlarının fərqində olacaq.”
S.Abdullayeva, Azərbaycanın Vətən müharibəsindəki Qələbəsindən də danışıb. S.Abdullayeva vurğulayıb ki, müharibə dövründə hamımızın düşmənə qarşı bir olmağımız təqdirəlayiqdir: "Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etdi. Doğma torpaqlarımızı bizə geri qaytaran Ali Baş Komandana və ordumuzun bütün igidlərinə, qazilərinə təşəkkür edirik".

Çıxış edən Milli Məclisin deputatı Sədaqət Vəliyeva da ölkədə uşaqların diqqət və qayğı ilə əhatə olunmasından danışıb. Bildirib ki, 44 günlük Vətən müharibəsindən Azərbaycan qalib ölkə kimi çıxıb: "Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında bizim rəşadətli ordumuz erməni faşizmini məhv etdi. Bu gün də günəşli Azərbaycanın günəş balaları Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın qayğısı ilə əhatə ediliblər. Bütün uşaqlar kimi, Daun sindromlu və sereblar iflicli uşaqlar üçün də gözəl dünya yaradılıb. Yaxşı yaşamaq bütün uşaqların haqqıdır. Tədbirdə iştirak edən Vətən müharibəsinin qaziləri də xalqımızın, xüsusilə də gələcəyimiz olan uşaqların təhlükəsiz yaşayışının təminatı naminə düşmənlə üz-üzə gəlməkdən çəkinməyiblər".

Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov qeyd edib ki, bu il Yeni il bayramını və Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü tamam fərqli ab-havada, əhval-ruhiyyədə, yeni dövrə qədəm qoymuş dövlətin vətəndaşları kimi qeyd edirik: " Bu şanlı Qələbəni bizə yaşadan şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa və cansağlığı diləyirik. Allah dövlətimizi, Prezidentimizi qorusun. Qoy, uğur və nailiyyətlərimiz davamlı və uzunömürlü olsun. Bayram münasibətilə hər birinizi təbrik edirəm.”

DOST Agentliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin direktoru Şahin Əliyevin dediyinə görə, Daun sindromlu uşaqlar, sadəcə olaraq, bizdən müəyyən qədər fərqlidirlər, onlar saf və daxilən daha gözəldirlər: "Məhz ona görə də həmin uşaqların təbəssümü bu qədər gözəldir. Belə uşaqlarla ünsiyyət, hesab edirəm ki, hər kəsi daxilən saflaşdırır. Daun sindromlu və serebral iflicli uşaqları daim diqqətdə saxlamağa xidmət edən tədbirlərin təşkilini vacib hesab edirəm. Həmin uşaqların cəmiyyətə inteqrasiyası bu gün üçün olduqca vacibdir. Onu da qeyd edim ki, Azərbaycanda bütün uşaqlara, eləcə də Daun sindromlu və sereblar ifliclilərə dövlət tərəfindən göstərilən qayğı və onlar üçün yaradılan şərait əvəzolunmazdır".
Tədbirdə, həmçinin Nizami Rayon İcra Hakimiyyətinin başçısının müavini İldırım Vəliyev, Qayğı Reabilitasiya Mərkəzinin direktoru Bənövşə Məmmədova, Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzinin direktoru Natella Həsənova və Azərbaycan Dillər Universitetinin Pedaqogika fakültəsinin dekanı Nigar Zeynalova çıxış edərək bayram münasibətilə uşaqları təbrik edib, dövlətimizin yetişməkdə olan nəslə göstərdiyi hərtərəfli diqqət və qayğıdan söhbət açıblar. Bildirilib ki, Prezident İlham Əliyevin və Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İCESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın, həmçinin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın məqsədyönlü fəaliyyətləri nəticəsində ölkəmizdə uşaqların sağlam həyat tərzi və hərtərəfli inkişafı naminə uğurlu addımlar atılıb, bu sahəyə diqqət və qayğı artırılıb. Çıxışlar zamanı Daun sindromlu və serebral iflicli uşaqlara xüsusi dövlət qayğısının göstərilməsi, inklüziv təhsilin əhəmiyyəti, İctimai Birliyin effektiv fəaliyyətindən danışılıb.
Tədbirdə 44 günlük Vətən mübaribəsinin iştirakçıları- “Şərəf” ordenli polkovnik-leytenant Vüqar Bünyatzadə, həmçinin qazilərdən - Səid Məmmədov, Teymur Kərimli, Aydın Zöhrabov, Emin Eminov, Ervin Cavadov, Denis Quzlayev, Turan Məmmədov, Məmməd Məmmədzadə, eyni zamanda, şəhid Ümman Əmiraslanovun anası Fərizə xanım təltif ediliblər.

Tədbirdə Qayğı-Sağlam Nəsil Naminə İctimai Birliyinin nəzdindəki Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzinin və Qayğı Reabilitasiya Mərkəzinin uşaqlarının çıxışlarına və rəqslərinə yer verilib.
Tədbirin sonunda şaxta baba və qar qız Daun sindromlu və serebral iflicli uşaqlara hədiyyələr təqdim edib, qonaqlar həmin uşaqlar tərəfindən hazırlanan nümunələrdən ibarət sərgiyə dəvət olunublar.
Qeyd edək ki, Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzi Heydər Əliyev Fondunun, birbaşa Mehriban xanım Əliyevanın təşəbbüsü ilə yaradılıb. 2013-cü il oktyabr ayının 7-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın, Fondun vitse-prezidenti Leyla Əliyevanın və Arzu Əliyevanın iştirakı ilə Mərkəzin açılışı olub. Əsas və köməkçi binalarla birlikdə tikintinin ümumi sahəsi 7300 kvadratmetr təşkil edir. Bina 3 mərtəbə və zirzəmi hissəsindən ibarətdir.
Yaqut Ağaşahqızı, “İki sahil”
Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi ilə bağlı məsələlər nəzarətə götürülüb
Şəhid Füzuli Cavadovun 60 illik yubileyinə həsr olunan anım tədbiri keçirilib