28 dekabr 2021 17:30
939

Yasamalda “Vikipediyada Azərbaycan Həqiqətləri” mövzusunda tədbir keçirilib - FOTO

Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatı və “Qorqud” Vikipediya Metodik klubunun birgə təşkilatçılığı ilə “Vikipediyada Azərbaycan Həqiqətləri” mövzusunda tədbir keçirilib.

“İki sahil” xəbər verir ki, tədbirin rəsmi hissəsindən öncə ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev iştirakçıları salamlayaraq qeyd edib ki, Azərbaycan Şərq və Qərb mədəniyyətini özündə birləşdirən zəngin mədəni irsə malikdir. Bəxtiyar Nəbiyev bu zəngin irsin qorunması, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması üçün bu cür təlimlərin mütəmadi keçirilməsinin mühümlüyünü vurğulayıb.

Milli Məclisin deputatı Elnur Allahverdiyev çıxışında ermənilərin azərbaycanlılara aid ərazi adlarını saxtalaşdırmaları barədə danışıb və Azərbaycanın dünyaya tanıdılmasının vacibliyini qeyd edib. Elnur Allahverdiyev söyləyib ki, hər birimiz Vətən qarşısında üzərimizə düşən borcumuzu verməliyik: “1 il əvvəl bunu cəngavər döyüşçülərimiz bunu etdilər. İndi xüsusilə informasiya cəbhəsində bunu hər birimiz, xüsusilə də gənclərimiz edə bilər. Azərbaycanda könüllülük hərəkatının geniş vüsət aldığını nəzərə alsaq, “Qorqud” kimi platformalar bu istiqamətdə əlverişli intellektual müstəvidir.”

Çıxış edən könüllü Ayxan Ziyadzadə Azərbaycanın tanınmasında vikipediyanın əhəmiyəti, “Qorqud” Vikipediya Metodik Klubu, “Qorqud”un 2021-ci ildə azad ensiklopediyadakı fəaliyyəti barədə danışıb.

Sonra təlimdə fəal iştirak edən gənclərə Fəxri fərmanlar təqdim olunub.

Milli Məclisin deputatı Ramil Həsən bu klubun fəaliyyətinin vacibliyinə toxunub və bu işdə fəal olan gənclərə dəstəyi yüksək qiymətləndirib, bu işdə zəhməti olan hər kəsə minnətdarlıq ifadə edib.

Çıxış edən Milli Məclisin deputatı Naqif Həmzəyev vikipediada Azərbaycan barədə informasiya yerləşdirilməsinin önəmini və vacibliyini vurğulayıb.

YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov da bu təlimlərin daha geniş şəkildə keçirilməsinin əhəmiyyətindən danışaraq, gənclərin burada fəaliyyətlərinin yüksək səviyyədə olduğunu və əsasən də Azərbaycan həqiqətlərinin dünyada tanıdılmasında gənclərin çox böyük rolunun olduğunu söyləyib.