Bu gün Siyəzən rayonunda çox möhtəşəm bir tədbirin iştirakçısı oldum. Sevindirici hal ondan ibarətdir ki, birinci dəfə olaraq evlərlə bağlı ipotekalar kənd rayonlarına ayaq açır.
“İki sahil” xəbər verir ki, bu fikirləri Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri, millət vəkili Sadiq Qurbanov sosial şəbəkə hesabında paylaşıb.
Millət vəkili qeyd edib ki, “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nı əhatə edən dördüncü Dövlət Proqramının yerinə yetirilməsi və rayonların sosial-iqtisadi inkişafına özəl investisiyanın cəlb edilməsi prosesi ölkə rəhbərliyinin tövsiyələrinə uyğun olaraq həyata keçirilir. Bu kontekstdə Siyəzən rayonunda da əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və yeni iş yerlərinin yaradılması ilə əlaqədar 2022-ci ildə iş adamları vasitəsilə müvafiq investisiyaların cəlb edilməsi prosesi uğurla icra olunur.
Belə ki, bu gün tədbirdə iş adamı, “Archico Engineering Company” MMC-nin direktoru Məhəmməd Musayev 2022- ci il Siyəzən şəhərində böyük bir sosial layihənin həyata keçirəcəklərini bəyan etdi. O, 1.54 ha ərazidə 360 mənzilin tikilərək ipoteka vasitəsi ilə gənclərə təklif edəcəklərini, bununla da ölkə rəhbərinin apardığı gənclər siyasətinə ciddi bir tövhə verəcəklərini qeyd etdi. Təqdim olunan layihə tək mənzillər yox, həm də 180 daimi iş yerinin yaradılmasına və rayon əhalisinin sosial rifahın yaxşılaşdırılmasına xidmət edəcək. Bu layihənin həyata keçirilməsinə Məhəmməd Musayevə və bu layihənin baş tutmasına xüsusi diqqətlə yanaşdığına görə Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzova dərin təşəkkürümü bildirirəm.