Masallı rayonunun Tatyanoba kəndində 44 günlük Vətən müharibəsinin şəhid çavuşu (MAHHXHQ) Rəşid Güləhməd oğlu Lətifovun anım mərasimi keçirilib.
Anım mərasimində Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov və aparatı, Milli Məclisin deputatı, professor, AMEA-nın müxbir üzvü Musa Qasımlı, hüquq-mühafizə orqanlarının, müəssisə və təşkilat rəhbərləri, YAP Masallı Rayon Təşkilatının fəalları, şəhid ailələri, qazilər, və s. iştirak ediblər.
Ş.Məmmədov geniş nitqində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda Şanlı Ordumuzun qalib gəldiyi 44 günlük Vətən müharibəsindən danışıb: “Bu gün Rəşidin ruhu bizimlədir. Rəşidlər bizə əyilən vüqarımızı və qürurumuzu qaytardılar. Rəşid kimi gənclərlə hər zaman qurur duyacağıq! Rəşid və adını çəkmədiyim cəbhə yoldaşlarının vətənpərvərliyi sayəsində Vətən torpaqları Ermənistanın işğaldan azad olunub, xalqımızın 30 illik həsrətinə son qoyulub. Azərbaycanın 44 günlük Vətən müharibəsi dünya tarixinə yazılıb. Biz şəhidləri unutsaq-unudularıq. Həmişə onlara borcluyuq. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Allah şəhid çavuş Rəşid balamızı, bütün şəhidləri rəhmət eləsin”
Masallı rayon İcra Hakimiyyətinin başçısı şəhidin il mərasimində masallıları bir daha Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edib, sakinlərə daha uğurlu, sevincli günlər arzulayıb.
Məlumat üçün bildirirk ki, Rəşid Güləhməd oğlu Lətifov 14 yanvar 2000-ci ildə Masallı rayonunun Tatyanoba kəndində anadan olub. 2006-2017-ci illərdə Güllütəpə kənd tam orta məktəbində təhsil alıb. 2018-ci ilin yanvar ayında çağırışçı kimi hərbi xidmətə yollanıb. 2019-cu ilin iyul ayında həqiqi hərbi xidmətdən tərxis olunub. 2019-cu ilin avqust ayında MAXE kimi hərbi xidmətini Azərbaycan Silahlı Qüvvələrinin Şəmkir şəhərində yerləşən “N” saylı hərbi hissədə davam etdirib. Azərbaycan Ordusunun çavuşu Rəşid Güləhməd oğlu Lətifov 27 sentyabr 2020-ci il tarixdə başlanan Vətən müharibəsi zamanı Füzuli rayonunun işğaldan azad edilməsində böyük şücaət göstərib. Şəhidlik zirvəsinə ucalan çavuş Rəşid Lətifovun nəşi 29 dekabr 2020-ci il tarixdə doğulduğu Tatyanoba kənd qəbiristanlığında izdihamla torpağa tapşırılıb. Vətən müharibəsinin şəhid çavuşu Rəşid Güləhməd oğlu Lətifov Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş qapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Şəhid çavuş Rəşidin ailəsi, atası Gülməmməd Lətifov, kənd camaatı, qazilər hər zaman onlara göstərilən diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya və Masallı Rayon İcra Hakimiyyətinin başçısına dərin minnətdarlıqlarını bildiriblər.
Sonra mərasim iştirakçıları Tatyanoba kənd qəbiristanında şəhid gizir Rəşid Lətifovun məzarını ziyarət ediblər. Şəhidin xatirəsi ehtiramla anılıb, məzarı üstünə təzə güllər düzülüb.
Əlihüseyn Şükürov,
«Yeni həyat» qəzetinin baş redaktoru
Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşlarına “Dövlət qulluğunda fərqlənməyə görə” medallar və vəsiqələr təqdim olunub
Şuşada daşların üzərini yazmaq milli irsə və şəhidlərimizin əziz xatirəsinə münasibətdə yolverilməz laqeydlikdir - EKSPERT
Mədəni və tarixi abidələrə məsuliyyətlə yanaşmaq hər bir vətəndaşın borcudur - AÇIQLAMA