Lerik rayon Heydər Əliyev Mərkəzində keçirilən növbəti tədbirin iştirakçıları rayonun müxtəlif məktəblərində təhsil alan 13-18 yaşlı qızlar idilər. Belə ki, “Fantastik Dördlük“ adlı təhsil layihəsi çərçivəsində Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) Lerik nümayəndəliyinin, rayon Heydər Əliyev Mərkəzinin, "Müasir Gənclərin İnkişafına Dəstək İctimai Birliyi" , eləcə də “Azərbaycan Qadını Elmdə" təşkilatlarının birgə tərəfdaşlığı əsasında təşkil olunan seminar öz maraq dairəsinə görə uzun müddət yaddaşlarda qalacaq.
Tədbirdə rəsmi nümayəndələrin çıxışları olduqca diqqətlə dinlənildi. Onlar Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsində qazanılmış şanlı zəfərimizin gənc nəslin dövlətinə, ölkəsinə nə qədər dərin duyğularla bağlı olduğunu bildirdilər, Azərbaycan gənclərinin artıq qalib xalqın nümayəndələri olduğunu qürurla söylədilər.
Daha sonra məktəbli qızlar üçün insan hüquqları, ixtisas seçimi layihələrinin yazılması, habelə gənclərdən ötrü hüquq və azadlığının qorunması, keyfiyyətli təhsil, yüksək mənəvi və sosial mühitdə böyüməsinə görə zəruri şəraitin yaradılması, hərtərəfli şəxsiyyət və layiqli vətəndaş olaraq formalaşması kimi psixoloji təlimlər həyata keçirildi. Həm də bu təlimlərdə şagirdlər marağında olduqları çox suallara cavab tapa bildilər.
Axırda onu da deyim ki, belə seminar xarakterli tədbirlər Avropa İttifaqının maliyyələşdirdiyi, BMT-nin Əhali Fondu (UNFPA Azerbaijan) və BMT-nin Qadınlar üzrə Agentliyinin (UN Women) birgə həyata keçirdiyi “Avropa İttifaqı Gender Bərabərliyi naminə: Gender stereotiplərinə və gender əsaslı zorakılığa qarşı" proqramı çərçivəsində təşkil olunur.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
YAP Ağdaş rayon təşkilatında yüksək nəticə göstərən məzunlarla görüş keçirilib