26 yanvar 2022 21:14
1629

Yunus Oğuzun “Uçurum” romanının təqdimatı olub

Yanvarın 26-da Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvən” klubunda Yunus Oğuzun “Uçurum” romanının təqdimatı keçirildi. Roman Dövlət Gömrük Komitəsinin 30 illiyinə ithaf olunub.

Tədbiri Milli Məclisin deputatı, akademik Nizami Cəfərov açaraq bildirdi ki, Yunus Oğuz tarixin fəlsəfəsini dərk etməyə çalışan yazıçıdır: “Yunus müəllimin böyük alimlərin iştirakı ilə keçirilən əsərlərinin təqdimatında – Kiyevdə, Daşkənddə və s. yerlərdə iştirak etmişəm. Məsələn,  Yunus indi Özbəkistanda tanınan yazıçıdır. Əmir Teymurla bağlı əsərləri həmin ölkədə çap olunur, oxunur, müzakirə edilir. O ki, qaldı “Uçurum” romanına... Bu əsər həqiqətən bizim ən yeni tariximizin ən yeni romanlarından biridir”.

N.Cəfərov söylədi ki, Yunus Oğuz yaradıcılığında, əsərlərində paralellik aparır: “Məsələn, gömrük işi, narkotika ticarəti ilə bağlı eyni hadisəni XVI əsrin birinci yarısında, yəni, müasir dövrdə gedən proseslərin tənqidi kimi də verir. Yenə də eyni hadisəni müasir dövrün hadisəsi kimi də təqdim edə bilir. Demək olar ki, qəhrəmanlar, müdafiə sistemi, aşağı və yuxarı təbəqələrin münasibətləri, beynəlxalq təzyiqlər də eynidir. Eyni hadisələr tarixin müxtəlif dövrlərində cərəyan edir və o hadisənin aktorları da eynidir.  Tarixi romanları ilə müasir ədəbi prosesdə özünəməxsus yer tutan və janrın ideya-estetik imkanlarını genişləndirməklə xüsusi xidmətləri olan Yunus Oğuzun yeni qələmə aldığı “Uçurum” romanı əsərin məzmun-fakturası daxilində kifayət qədər çoxmənalı bir proloqla başlayır. Ona görə “çoxmənalı” deyirik ki, romanda uçurum qarşısına gəlib çıxanların hamısı narkomaniya ilə bağlı olsa da, bu təhlükəli vərdişə bəziləri yalnız özünün, bəziləri cəmiyyətin müxtəlif zümrələrinin, bəziləri isə xalqın taleyi miqyasında qurşanmışlar. Hər üç halda alınan “zövq” uyuşdurucu təbiətə malik olduğu kimi, doğurduğu fəsad, faciə də sirayətedicidir”.

“Əlbəttə, “Uçurum”, prinsip etibarilə müasir mövzudadır, lakin Yunus Oğuz qələminin tarixçi inersiyası burada da öz işini görür” deyən akademik vurğuladı ki, yazıçı söhbətə Azərbaycan xalqının mərkəzi dövlət qurduğu XVI əsrdən başlayır”.

Tədbirdə çıxış edən xalq şairi, Milli Məclisin deputatı Sabir Rüxtəmxanlı, ədəbiyyatşünas Elnarə Qaragözova, filologiya elmləri namizədi yazıçı-publisist Səyyad Aran, şair-publisist Rəşad Məcid, yazıçı, deputat Aqil Abbas, Mətbuat Şurasının sədri Əflatun Amaşov və digər ictimai-siyasi xadimlər, yazıçılar, alimlər qeyd etdilər ki, “Uçurum” romanı Dövlət Gömrük Komitəsinin 30 illiyinə həsr olunmuş çox dəyərli əsərdir. Bildirdilər ki, əsər real boyalarla peşəkarlıqla yazılıb və oxucuların təsəvvüründə hər şey aydın canlanır. Yunus Oğuz müasir oxuculara tarixi roman janrını sevdirə bilib.     

Daha sonra müəllif tədbirdə iştirak etdikləri üçün hər kəsə öz minnətdarlığını bildirdi. Yunus Oğuz əsər haqqında qısa məlumat verərək nəzərə çatdırdı ki, romanda müxtəlif tarixi dövrlər var: “İnsanın şəxsi həyatında, sosial həyatda, siyasi sistemin özündə də uçurum ola bilər. Mən çalışmışam ki, bunların hamısının sintezini edim. Hamınız bilirsiniz ki, bu gün narkotikaya qarşı güclü mübarizə gedir, kifayət qədər narkotacirlər həbs olunub. Bu gün ən böyük bəlamız narkoticarətdir. Ən əsası isə bu romanda gömrük işçilərinin narkotikaya qarşı apardıqları səmərəli mübarizə yer alır. Mən cəmiyyətdə olan hadisələrdən ilhamlanaraq bu romanı yazmışam. Bunu bədiiləşdirib ədəbiyyata gətirmək lazım idi. Əsərdə ulu öndər Heydər Əliyevin, Gömrük Komitəsinin sədrinin, hətta Təhmasib şahın da obrazları var.  Kitabda Azərbaycanın gömrük tarixi ilə yanaşı, bu sahədə qarşıda duran müasir fəaliyyət prinsipləri əksini tapıb. Ümumilikdə isə roman gömrükçülərin narkomaniyaya qarşı apardıqları mübarizə, əldə olunan nailiyyətlər və bu sahədə beynəlxalq əməkdaşlığa həsr edilib”.

Günel Eyyubova,
Nurlan Məlikzadə (foto), “İki sahil”