10 fevral 2022 19:07
638

“Pol Nadar, Qafqazdan keçməklə İstanbul-Daşkənd”

Bu gün Azərbaycan Milli İncəsənət Muzeyində Fransanın Memarlıq və İrs Multimedia Kitabxanasının fotoqrafiya şöbəsinin rəhbəri, “Nadar kolleksiyası” üzrə ekspert, xanım Matild Falqiyer tərəfindən təqdim olunan hibrid formatda “Pol Nadar, Qafqazdan keçməklə İstanbul-Daşkənd” mövzusunda konfrans keçirilib.

“İki sahil” xəbər verir ki,  Azərbaycanda Fransız İnstitutunun direktoru Jerom Kel çıxışında tədbirin təşkilatçılarına təşəkkür edib.

"Bütün sərgi boyu Mədəniyyət Nazirliyi bizə öz dəstəyini göstərib. Burada Mədəniyyət və İncəsənət Universitetinin tələbələri iştirak edir. Həmin tələbələrin bu gün burada olması onların mədəniyyətə olan sevgisindən xəbər verir.

Təşkil olunan sərgidə Pol Nadarın Bakıya səfəri çərçivəsində çəkdiyi şəkillər sərgilənir. Sərgidə fotoqrafın çəkdiyi şəkillərin keyfiyyətli nüsxələri ilə tanış ola bilərsiniz", - vurğulayıb.

Azərbaycan Milli İncəsənət Muzeyinin direktor müavini Xədicə Əsədova müəllifin yaradıcılığındakı özünəməxsus cəhətlərindən bəhs edib. O bildirib ki, Nadarın fotolarının tarixi əhəmiyyəti böyükdür: "Azərbaycanın tarixinə, Azərbaycanın mədəniyyətinə həsr olunmuş şəkilləri bir çox fotoqrafların müəllifliyi ilə görmüşük. Onu deyə bilərəm ki, Pol Nadarın şəkilləri həmin fotoqraflar içərisində xüsusi yer tutur. Belə ki, onun fotoları böyük tamaşaçı kütləsinin marağına səbəb olub. Sərgi sanki tarixə bir səyahətdir. Bu sərgi bizim muzey tariximizdə xüsusi yer tutacaq"

Konfrans çıxışlarla davam edib.

Qeyd edək ki, konfrans 18 dekabr 2021-ci il-15 fevral 2022-ci il tarixlərində Azərbaycan Milli İncəsənət Muzeyində, Fransanın Azərbaycandakı Səfirliyi və Azərbaycan Fransız İnstitutu ilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Milli İncəsənət Muzeyi arasında birgə əməkdaşlıq çərçivəsində keçirilən "Pol Nadar. Bakıya əsrarəngiz səyahət" adlı sərgi sərgi çərçivəsində təşkil edilib.