Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin abidələrlə bağlı fəaliyyətinin, planlaşdırma və koordinasiyanın təmin edilməsi üçün yeni Dövlət Proqramının hazırlanması təklif olunur.
“İki sahil” xəbər verir ki, bu, Hesablama Palatasının "Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı"nın icrası üzrə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin fəaliyyəti üzrə səmərəlilik (performans) auditinin nəticələrinə dair auditor hesabatında qeyd olunub.
Auditor hesabatında abidələrin bərpası, konservasiyası və mühafizəsi üzrə fəaliyyətlərin təşkili, aparılması və müvafiq fəaliyyətlərin koordinasiya məsələlərini, müddətləri və məqsədləri əhatə edən gələcək dövr üçün yeni Dövlət Proqramının layihəsinin hazırlanması tövsiyə olunur.
Eyni zamanda müvafiq qaydada inventarizasiya aparılmaqla mövcud olmayan, eləcə də təkrarən salınmış abidələrin siyahıdan çıxarılması, yeni aşkar olunmuş, eləcə də dövlət mühafizəsinə götürülməmiş aşkar şəkildə abidə əlamətli tikililərin siyahıya salınması, abidələrin ünvanlarının dəqiqləşdirilməsi ilə siyahının yenilənməsi təklif olunur.
Auditor hesabatında abidələr üzrə məsuliyyətlərin daha dərindən qavranılması üçün Abidələrin balans mənsubiyyətinin dəqiqləşdirilməsi də tövsiyə edilib.