KÖŞƏ

Vəli İlyasov

On milyonun nanəcibləri…

14 fevral 2022 23:15
1007

Avropaya gedib çıxmış siçan Solub bəylərimiz orada ermənilərə quyruq bulayırlar

Ermənilərin yuva saldıqları bəzi beynəlxalq qurumlar Ermənistana olan “sədaqət və sevgilərini” göstərmək üçün Azərbaycanla bağlı məsələlərdə düşmən münasibətlərini hələ də gizlədə bilmirlər. Onlar ya birbaşa, ya da dolayısı ilə özümüzdən olan “maşa”və “balta”lardan Azərbaycana qarşı istifadə kimi məkrli üsullardan gen-bol yararlanmağa çalışırlar.

Avropa Parlamentinin İnsan Hüquqları üzrə Alt Komitəsinin və Avropa İttifaqında demokratik proseslərə xarici müdaxilə üzrə Xüsusi Komissiyanın birgə iclasında “Azərbaycanda insan hüquqları pozuntuları və Bakının Avropa İttifaqının siyasətinə müdaxiləsi” mövzusunda müzakirələr olub. “Dinləmələrdə” xaricdə daldalanan və Azərbaycana qarşı naxələflik edən Məhəmməd Mirzəli və sabiq diplomat Arif Məmmədov iştirak ediblər. Məlumdur ki, bu adamlar Avropa şəhərlərinin küçələrində əllərində mikrofon gəzərək Azərbaycana qarşı ləyaqətsiz ifadələr işlədir, hətta utanıb-çəkinmədən dövlətimizdə yüksək vəzifə tutan şəxslərin ünvanına söyüş yağdırırlar. Bu tərbiyəsizliyin adını isə həyasızcasına “demokratiya” qoyurlar.

Bu fakt ona dəlalət edir ki, həmin müzakirənin müəllifləri məşhur təmsildəki siçan Solub bəy kimilərinin tay-tuşlarıdır, yəni özləri sanbalları olsaydı, sanballı adamları da dəvət edərdilər. Lağlağıya çevrilmiş müzakirələr Avropa Parlamentinin fransalı deputatı Bernard Kettanın sədrliyi ilə keçirilib. Tədbirdə avropalı parlamentarilər - Rafael Qluksman, Natali Luazo, İzabel Santos, Haydi Hautala, Marketa Qreqorova, “Amnesty İnternational”ın Avropa və Mərkəzi Asiya üzrə keçmiş direktoru, hazırda “Avropada sabitlik təşəbbüsü”nün rəhbəri, britaniyalı Con Daluzen də iştirak ediblər.

Tədbirdə Avropa İttifaqı (Aİ) - Azərbaycan münasibətlərinə, Azərbaycanın “Şərq Tərəfdaşlığı”na üzvlüyünün məntiqəuyğunluğuna, insan hüquqları sahəsində vəziyyətin yaxşılaşdırılması və korrupsiyaya qarşı mübarizə üçün rəsmi Bakıya mümkün təzyiq vasitələrinə toxunulub. “Dinləmə” iştirakçıları Avropa İttifaqını guya vəsaitdən istifadənin şəffaflığına zəmanət verilmədiyinə görə Azərbaycana 2 milyard dollar məbləğində maliyyə yardımı ayırmamağa çağırıblar.

Göründüyü kimi, Avropa Parlamenti Azərbaycanla bağlı müzakirələri birtərəfli keçirib və Azərbaycanda şəxsiyyətləri şübhəli sayılan “siyasi fəalları” dəvət edərək ölkəmizə qarşı yeni həmlə təşkil edib. Moderatorluğu ənənəvi olaraq Azərbaycana qarşı qərəzli münasibətləri ilə seçilən fransalı deputatın etməsi də bir çox mətləblərdən xəbər verir. Beləliklə, Azərbaycana münasibətdə qərəzli mövqeyi ilə seçilən Avropa Parlamenti bu dəfə “söyüş müxalifəti” ilə birləşərək ölkəmizə qarşı ittihamlar irəli sürüb, Avropa İttifaqının 2 milyard avro yardımını da əngəlləmək üçün hərəkətə keçiblər. Bu isə əlbəttə ki, erməni lobbisinin maraqlarına xidmət edir. “Qarabağ” futbol klubunun xaricdə məğlubiyyətinə sevinən və bunu yaramaz sözlərlə ifadə edib yayan Mirzəli kimilər sığındıqları Fransadan Azərbaycana qarşı istifadə edirlər. Bəs Avropa Parlamenti niyə öz reputasiyasını bu dərəcədə ləkələməyə razı olur? Bu kimi müzakirələrin Azərbaycan-Aİ əlaqələrinə hansı mənfi təsirləri ola bilər? Niyə Qərb təşkilatları bizə qarşı qərəzli münasibəti dayandırmır və ardıcıl olaraq əleyhimizə iş aparırlar? Bu suallara təbii ki, bir cümlə ilə aydınlıq gətirmək mümkün deyil. Təkcə onu vurğulamaq lazımdır ki, bir ovuc erməni Fransa kimi bir dövləti öz oyunlarına qoşa bilir. Qısaca onu da qeyd edə bilərik ki, əcnəbi qaragüruhçular guya Azərbaycandan gələn “müxalif siyasi əqidəli” nankorları, pul və hakimiyyət hərislərini, vətəninə qara yara kimi çıxmış şəxsləri, yediyi qaba tüpürənləri öz ətraflarına toplayır, sonra mənsub olduqları xalqlara qarşı qoyurlar.

Xatırladaq ki, Avropa İttifaqı tərkibcə yekcins deyil. Bu qurumda Avropa Parlamenti var və dəfələrlə ölkəmizin əleyhinə çirkin kampaniya aparılıb. Burada lobbi qrupları ermənilərin mənfur maraqlarına xidmət edirlər. Ona görə bu qurumun xisləti bizə çoxdan tanışdır. Avropa Komissiyası ilə münasibətlər isə həmişə yaxşı olub, rəhbərliyi Bakıya gəlib, enerji təhlükəsizliyi mövzusunda mühüm danışıqlar aparılıb. Yəni, Avropa Parlamenti nə qədər qərəzli olsa da, Avropa İttifaqında digər qurumlarla münasibətlər normaldır. Amma bu dəfə bir qədər də irəli gediblər, söyüşü, təhqiri əsas meyara çevirmiş şəxsləri, Mirzəli kimi milli dönükləri, Arif kimi xarici kəşfiyyata satılmış

şəxsləri öz toplantılarına dəvət ediblər, bu cür adamları əleyhimizə danışdırıblar. Bütün bunların hamısı erməni “axper”lərinə (ermənicə qardaş) yaltaqlanmaqdan irəli gəlir. Bilirlər ki, ermənilər onlara qulluq edən satqınlara sümük atmaqda xəsis deyillər. Ancaq unutmasınlar ki, on milyon şərəfli insanın arasından çıxan beş- on nəfər şərəfsiz heç nəyə nail ola bilməz, özlərinə yalnız ikrah doğuran epitetlər və ümumxalq nifrəti qazanar. Bunlar “əlini mənə bəsdərəcik” deyənlərə quyruq göstərən siçan Solub bəyə oxşayırlar.