22 fevral 2022 21:16
999

“Neftçi İdman Klubu” xəbər verir... FOTO

Cüdo:

İsrailin paytaxtı Təl-Əvivdə keçirilən "Böyük dəbilqə" beynəlxalq turnirinə yekun vurulub. 

"Neftçi İdman Klubu"nun yığma komandamızın heyətində təmsil olunan cüdoçusu Məmmədəli Mehdiyev uğurla çıxış edərək nüfuzlu yarışın qızıl medalına sahib olub. Doxsan kiloqram çəki dərəcəsində çıxış edən idmançımız inamla mübarizə apararaq, Nadav Zurat (İsrail), 

Yersultan Muzapparov (Qazaxıstan) və Erlan Şerova (Qırğızıstan) qalib gəlib və finala yüksəlib. Həlledici  qarşılaşmada sebiyalı Nemanya Maydovla üz-üzə gələn Məmmədəli Mehdiyev rəqibini qızıl xal bölümündə məğlub edib və mötəbər turnirin qalibi adını qazanıb.

Klubumuzun digər cüdoçusu Zelim Kotsoyev (100 kq) isə üçüncü yer uğrunda görüşdə Gürcüstan təmsilçisi Onise Saneblidzeyə qızıl xal bölümündə qalib gəlib və bürünc medala layiq görülüb.

Xatırladaq ki, daha əvvəl  klubumuzun yetirmələrindən Hidayət Heydərov (73 kq) qızıl, Yaşar Nəcəfov (66 kq) isə  gümüş medala sahib olub. Beləliklə, idmançılarımız yarışı 4 medalla başa vurublar.

Qeyd edək ki, Təl-Əviv "Böyük dəbilqə"sində 34 ölkədən 298 cüdoçu (165 kişi, 133 qadın) medallar uğrunda mübarizə aparıb.

***

İspaniyanın Fuengirola şəhərində yeniyetmə cüdoçular arasında keçirilən  açıq Avropa turniri başa çatıb.

"Neftçi İdman Klubu”nun Azərbaycan millisinin heyətində təmsil olunan iki yetirməsi mötəbər yarışın mükafatçıları sırasına düşməyə müvəffəq olub. Cüdoçularımızdan 81 kiloqram çəki dərəcəsində mübarizə aparan Camal Baxışov qitə turnirinin bürünc medalını qazanıb. Xanım idmançılarımızdan isə Fidan Əlizadə (57 kq) eyni uğuru təkrarlayıb.

***  

İsrailin paytaxtı Təl-Əvivdə keçirilən "Böyük dəbilqə” turnirindən sonra Beynəlxalq Cüdo Federasiyası tərəfindən  yeni  reytinq cədvəli açıqlanıb.

Sözügedən yarışdan sonra "Neftçi İdman Klubu”nun  cüdoçularının  mövqeyində ciddi dəyişikliklər olub. Belə ki, təmsilçilərimizdən dördü ilk onluqda yer alıb. Təl-Əvivdə fəxri kürsünün ən yüksək pilləsinə qalxan Məmmədəli Mehdiyev (90 kq) 4 pilləlik sıçrayışla 2-ci sıraya qalxıb. Hazırda onun hesabında 4560 xal var. Turnirdə qızıl medal qazanan digər cüdoçumuz Hidayət Heydərov (73 kq) isə daha çox – 5 pillə irəliləyib və idmançımız 3420 xalla üçüncü pillədə qərarlaşıb. "Böyük dəbilqə”nin bürünc medalına layiq görülən və xal hesabını 3352-yə çatdıran Zelim Kotsoyev (100 kq) də bir addım irəliləyərək 8-ci sırada dayanıb. Ən böyük sıçrayışa isə yarışın gümüş mükafatçısı Yaşar Nəcəfov (66 kq) nail olub. Cüdoçumuz qazandığı 700 xalla 216 pillə irəliləyib və 48-ci sıraya yüksəlib. Onunla eyni çəkidə yer alan və bu il xal qazanmayan Orxan Səfərovun (3275 xal) 6-cı sıradakı mövqeyi dəyişməyib. Turnirdə 7-ci sırada qərar tutan cüdoçularımız - Balabəy Ağayev (60 kq) və Elmar Qasımov (100 kq) isə hərəyə 5 pillə irəliləyiblər. Hazırda Balabəy Ağayev 1750 xalla 20-ci, 1201 xalı olan Elmar Qasımov isə 26-cı yerdədir.

Güləş:

Bolqarıstanın Veliko Tırnovo şəhərində güləş üzrə Dan Kolov - Nikola Petrov xatirə turniri keçirilib.

"Neftçi İdman Klubu”nun yarışda mübarizə aparan sərbəst güləşçisi Turan Bayramov (74 kq) təsnifat mərhələsində yerli idmançı Mixail Georgiyevi məğlub etdikdən (3:0) sonra Bolqarıstanın digər təmsilçisi Aykan Seidə tam üstünlüklə qalib gəlib (12:0). Pəhləvanımız dörddəbir finalda əlcəzairli rəqibi Abdelkader İkkal üzərində qələbə qazanıb (6:0). Yarımfinalda Macarıstan idmançısı Murad Kuramqomedovla görüşdə yekun hesab 1:1 olub və sonuncu xalı güləşçimiz aldığı üçün finala yüksəlib. Həlledici görüşdə komanda yoldaşı Cəbrayıl Hacıyevə məğlub olan (1:3) Turan Bayramov turnirin gümüş medalına sahib olub.

Şahmat:

"Neftçi İdman Klubu”nun şahmatçısı Eltac Səfərli onlayn "Titled Tuesday Blitz” turnirində mübarizə aparıb. Yarışda uğurla çıxış edən təmsilçimiz 11 turdan 9,5 xal toplayıb. Eltac Səfərli bu nəticə ilə ikinci pillədə qərar tutub. Onunla eyni xalı toplayan rusiyalı Vladimir Fedoseyev əlavə göstəricilərə görə turnirin qalibi olub.

Boks:

Gənclər arasında boks üzrə Azərbaycan birinciliyi sona yetib. Boks Mərkəzində təşkil olunan yarışda ölkənin müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən 50 komandanın tərkibində 176 boksçu mübarizə aparıb. Altı gün davam edən turnirdə 13 çəki dərəcəsi üzrə mükafatçılar müəyyənləşib.

"Neftçi İdman Klubu”nun yetirmələri ölkə birinciliyində uğurla çıxış edərək 5 medala (2 qızıl, 2 gümüş, 1 bürünc) sahib olublar.

Gənc boksçularımızdan Aslan Quliyev (60 kq) və Səid Abdullayev (67 kq) bütün döyüşləri qələbə ilə başa vuraraq Azərbaycan çempionu adını qazanıblar. Qırx səkkiz kiloqram çəki dərəcəsində mübarizə aparan Tural Sarıyev və Rəşid Məmmədov (92 kq) gümüş, Qasım Qasımov (63,5 kq) isə bürünc medala layiq görülüb.

"Neftçi İdman Klubu” komanda hesabında turniri ikinci pillədə başa vurub.

Qeyd edək ki, mükafatçılar yığmanın heyətinə cəlb olunacaq və beynəlxalq yarışlarda ölkəmizi təmsil edəcəklər.

Futzal:

Badamlı Azərbaycan kubokunda səkkizdəbir final mərhələsinin oyunları keçirilib. 

 "Neftçi İdman Klubu” bu mərhələdə "Atletiko Baku” komandası ilə qarşılaşıb. Bakı İdman Sarayında təşkil olunan matçda futzalçılarımız 4:3 hesabı ilə qalib gəliblər. Təmsilçimizin heyətində Oruc Baxşəlizadə, Omid Talebi, Rüfət Balakişiyev və Fərid Atakişiyev fərqləniblər.

 Əldə etdiyi qələbə sayəsində komandamız Azərbaycan kubokunun dörddəbir final mərhələsinə vəsiqə qazanıb.

Güllə atıcılığı:

Güllə atıcılığı üzrə keçirilən paytaxt  çempionatı başa çatıb. 

Bakı Atıcılıq Mərkəzində təşkil olunan yarışda "Neftçi İdman Klubu"nun təmsilçiləri iki medala sahib olublar. Kişilər arasında pnevmatik tapançadan (PTÇ-3) 10 metr məsafəyə atəşaçma yarışında Vladislav Kalmıkov 567 xal toplayaraq çempionatın qalibi olub. Digər idmançımız Elvin Astanov isə 566 xalla turnirin gümüş medalına layiq görülüb.

“Neftçi İdman Klubu” İctimai Birliyinin mətbuat xidməti